Yevlax Şəhər İcra Hakimiyyətinin və Yevlax rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsinin birgə təşkilatçılığı ilə görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anadan olmasının 103 illiyi münasibətilə Yevlax Şəhər İcra Hakimiyyətində “İnsanlığa nur saçan ömür” mövzusunda tədbir keçirilib.
“Qafqazinfo” xəbər verir ki, tədbirdə Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev, Milli Məclisin deputatı İlham Məmmədov, YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, “Yevlax rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin direktoru Fazil İsmayılov, rayonun hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri, şəhid ailələrinin üzvləri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Zərifə xanım Əliyevanın mənalı ömür yoluna həsr olunmuş sərgiyə baxış keçiriblər.
Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın Dövlət Himni səsləndirilib.
Tədbirdə görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın həyat və elmi fəaliyyətini əks etdirən film nümayiş etdirilib. Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev çıxış edərək akademik Zərifə xanım Əliyevanın alim kimi qazandığı böyük uğurların Azərbaycan tibb elminin tarixində ayrıca bir mərhələ təşkil etdiyini, onun keçdiyi şərəfli ömür yolunun hər bir Azərbaycan vətəndaşı, hər bir alim və həkim üçün həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbi olduğunu qeyd edib.
Bildirib ki, Zərifə xanımın zəngin və çoxşaxəli fəaliyyəti Azərbaycan ziyalısının ən mükəmməl obrazlarından biridir. Ulu Öndər Heydər Əliyevin ömür-gün yoldaşı olan Zərifə xanım eyni zamanda müasir Azərbaycan dövlətçiliyinin formalaşması prosesində dahi rəhbərin ən sadiq dayaqlarından biri olmuşdur.
ŞİH başçısı Zərifə xanımın həyat fəlsəfəsindən və yüksək insani keyfiyyətlərdən bəhs edib, onun insanlara göstərdiyi diqqət və qayğını hər bir Azərbaycan vətəndaşı üçün nümunə olduğunu,oftalmologiya sahəsində apardığı elmi tədqiqatların bu gün də öz aktuallığını qoruyub saxladığını və yeni nəsil həkimlər üçün bir məktəb kimi xüsusi önəm daşıdığını vurğulayıb. Qeyd edib ki, akademik Zərifə xanım Əliyeva Azərbaycan qadınının simvoludur, onun keçdiyi həyat yolu və elmi fəaliyyəti gənclər üçün böyük motivasiya mənbəyidir.
Milli Məclisin deputatı İlham Məmmədov çıxış edərək akademik Zərifə xanım Əliyevanın keçdiyi zəngin həyat yolundan ətraflı bəhs edib, Azərbaycan tibb elminin inkişafına verdiyi töhfədən danışıb. Həmçinin, Zərifə xanımın görkəmli oftalmoloq-alim olmaqla yanaşı, həm də yüksək mənəvi keyfiyyətləri ilə seçilən ziyalı şəxsiyyət olduğunu, onun elmi və mənəvi irsinin gələcək nəsillərə ötürülməsinin vacibliyini diqqətə çatdırıb.
“Yevlax rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin direktoru Fazil İsmayılov akademik Zərifə Əliyevanın tibb elminə gətirdiyi yeniliklərdən danışıb, onun elmi araşdırmaların, xüsusilə peşə patologiyaları sahəsində apardığı işlərin beynəlxalq səviyyədə də yüksək qiymətləndirildiyini bildirib. Görkəmli akademik Zərifə xanım Əliyevanın insanpərvərliyindən və həkim etikası sahəsində göstərdiyi nümunəvi fəaliyyətindən bəhs edib.
Tədbirin bədii hissəsində Azərbaycanın Əməkdar artisti İlkin Əhmədovun ifasında konsert proqramı təqdim olunub, mahnılar səsləndirilib.







