“Yoğun bağırsaq xərçəngi sağala bilən xəstəlikdir” - Dr. Nihad Nəzərzadə

yogun-bagirsaq-xercengi-sagala-bilen-xestelikdir
Oxunma sayı: 2243

“Leyla Medical Center”in ümumi cərrahı, uzman Dr. Nihad Nəzərzadə yoğun bağırsaq xərçəngi (kolorektal xərçəng) ilə bağlı müsahibə verib. 

“Qafqazinfo” həmin müsahibəni təqdim edir: 

- Kolorektal xərçəng nədir?

- Həzm sisteminin son hissəsi olan yoğun bağırsaq (və ya çəmbər bağırsaq) anatomik olaraq bir neçe hissədən ibarətdir. Bunlara - kor bağırsaq, qalxan, köndələn, enən çənbər bağırsaq, “S”əbənzər bağırsaq və düz bağırsaq aiddir. Beynəlxalq adlandırmada yoğun bağırsağın qarın boşluğunda və böyük çanaqda olan hissəsinə kolon, kiçik çanaqda yerləşən son 12-15 sm-lik hissəsini isə rektum, yəni düz bağırsaq adlandırırıq. Həzm sisteminin bu hissələrindən inkişaf edən xərçənglərə kolorektal xərçənglər deyirik.

- Bu xəstəliyə daha çox qadınlarda, yoxsa kişilərdə rast gəlinir?

- Kolorektal xərçəng bütün dünyadan qadınlar və kişilər arasında üçüncü ən çox görülən xərçəng tipidir. Eyni zamanda xərçəngə bağlı ölüm səbəbləri arasında ikinci sırada rastlanır. Qadınlara nisbətən kişilərdə daha tez-tez rast gəlinir.

- Xəstəlik əsasən hansı yaşlarda olur?

- Kolorektal xərçəng əsasən 50 yaşdan sonra daha çox görülür. Buna rəğmən, xüsusilə son illərdə bu xəstəliyin gəncləşməsinə şahid oluruq. Belə ki, ortalama olaraq hər il 50 yaş altı şəxslərdə illik 1.5 faiz kolorektal xərçəng görülmə statistikasında artım görürük.

- Necə əmələ gəlir?

- Kolorektal xərçəng çox zaman yoğun bağırsaq polipləri zəminində əmələ gəlir. Amma hər polip xərçəng olacaq deyə bir qayda yoxdur.

- Bəs poliplər nə zaman risk daşıyır? Ümumiyyətlə polipin qarşısını almaq üçün nə edilməlidir?

- Poliplər yoğun bağırsağı örtən mukoza dediyimiz selikli qişadan inkişaf edən çıxıntılardır. Bu çıxıntılar zamanla bədənin nəzarət mexanizmlərini aşaraq, kontrolsuz olaraq böyüməyə başlayıb xərçəngə çevrilir. Amma bu düşündüyümüz qədər sadə deyil. Əslində bir polipdən xərçəng əmələ gəlməsi üçün ortalama olaraq 10 il vaxt lazımdır. Ona görə xəstələrə tövsiyəmiz odur ki, zamanında müayinə olunsunlar. Çünki əgər biz bu patologiyanı polip mərhələsində aşkar ediriksə, çox sadə bir prosedur - polipektomiya ilə kolorektal xərçəng kimi ciddi bir xəstəliyin qarşısını ala bilirik.

- Hansı şikayətlər olur?

-Yoğun bağırsaq xərçəngi erkən mərhələlərdə hər zaman simptom verməyə bilər. Bununla belə aşağıdakı simptomlar yoğun bağırsaq xərçənginin xəbərçisi ola bilər:

Son 4 həftədə tualet alışqanlıqlarında dəyişiklik, xüsuilə qəbizlik, ishal, tualet sonrasında bağırsağın tam boşalmaması hissi, parlaq qırmızı və ya vişnə çürüyü şəklində nəcisdə qan görülməsi yoğun bağırsaq xərçənginin əlaməti ola bilər. Xüsusilə bağırsaq qanaxması təkrarlanırsa və yanaşı başqa şikayətləriniz varsa, mütləq həkimə müraciət etmək lazımdır.

Yüngül xarakterdə qarın ağrısı: kolorektal xərçənglərdə çox zaman diskomfort xarakterli spesifik olmayan qarın ağrısı müşahidə edirik.

Köp, ürəkbulanma və qusma: xərçəng inkişaf etdikcə bağırsaq keçiriciliyi pozulduğu üçün zamanla ürəkbulanma, daha sonra isə qusma epizodları sıxlaşır. Açıqlanmayan çəki itirilməsi, yorğunluq və halsızlıq: hər hansı bir pəhriz proqramı olmadan və yaxud əvvəlki ilə müqayisədə həyat tərzi dəyişikliyi olmadan çəkinin azalması, eləcə də yorğunluq səbəbi açıqlanmayan anemiya kolorektal xərçəngin ən önəmli simptomlarındandır.

Əlbəttə ki, digər sadaladığımız simptomlar hər zaman xərçəng əlaməti deyil, başqa daha yüngülgedişli patologiyaların da fonunda rast gəlinə bilər. Bu səbəbdən bənzər simptomlar varsa, ilk növbədə həkimə müraciət edib lazım olan laborator və instrumental müayinələrdən keçmək vacibdir.

- Bəs kolorektal xərçəngin səbəbi nədir? Biz onun əmələ gəlməsinin qarşısını ala bilərikmi?

- Kolorektal xərçəngə səbəb olan risk faktorlarını iki yere bölə bilərik:

Bizim dəyişə bilməyəcəyimiz risk faktorlar:

Bunlara genetik faktorlar (polipozis sindromları), ailədə yoğun bağırsaq xərçəngi olan birincidərəcəli qohumların olması, iltihabi bağırsaq xəstəlikləri, yoğun bağırsaqda polip keçmişinin olması, dəyişdirə bilməyəcəyimiz risk faktorlarıdır.

Dəyişə biləcəyimiz risk faktorları:

Bunlardan birinci növbədə siqaret istifadəsini qeyd edə bilərik. Siqaret bütün xərçənglərdə olduğu kimi, kolorektal xərçəngdə də riski artıran ən önəmli faktorlardan biridir. Hər gün bəlli miqdarda rutin alkoqol istifadəsi, “fastfood” yeməklərin, konservləşdirilmiş qidaların istifadəsi riski artıran faktorlardır.

Sağlam həyat tərzi, düzənli olaraq idmanla məşğul olmaq, bitki yağlarının istifadəsi, gündəlik qida rasionunda meyvə-tərəvəz payının artırılıb, qırmızı ətin payının azaldılması kolorektal xərçəng riskini azaldır.

- Diaqnozu necə qoyuruq?

Müraciət edən xəstələrdə ilk növbədə fiziki müayinə və laborator incələmələr aparılır. Xəstənin yaşı və klinik şikayətlərində şübhəli durum varsa, o zaman xəstəyə kolonoskopik müayinə olunur. Əgər xəstə polip mərhələsində müraciət edirsə, bu xəstələr sadəcə polipektomiya ilə yoğun bağırsaq xərçəngi kimi ağır bir xəstəlikdən qurtulmuş olurlar. Kolorektal xərçəngin ən dəqiq diaqnostik metodu kolonoskopik müayinədir. Bununla yanaşı əgər kolonoskopiyada xərçəng görüntüsü varsa, bu zaman həmin yerdən biopsiya alınıb xərçəngin patoloji diaqnozu qoyulur. Bundan sonra xəstəyə KT və ya MRT müayinəsi, lazım olarsa PET tomoqrafiya müayinəsi olunur. Bu müayinə nəticələrinə görə xəstəliyin klinik mərhələsi təyin edilir və uyğun olaraq əməliyyat, yoxsa kimyaterapiya qərarı verilir. Əməliyyat klinikamızda həm ənənəvi açıq üsülla, eyni zamanda daha müasir bir yanaşma olan laparoskopik (qapalı) üsulla icra olunur. Laparoskopik əməliyyat sonrasında xəstə açıq əməliyyatdan fərqli olaraq daha rahat və daha az ağrı hissi ilə əməliyyat sonrası periodu başa vurur.

Unutmamaq lazımdır ki, kolorektal xərçəng müalicə oluna bilinən xəstəlikdir. Bunun üçün sadəcə zamanında həkimə müraciət etmək lazımdır. Zamanında həkimə müraciət ilə uzun, yorucu bir xəstəliyin 15-20 dəqiqə ərzində aradan qaldırılıb, əlavə hər hansı bir müalicəyə ehtiyac qalmadan tamamən sağalması mümkündür.