“Zəngəzur dəhlizinin İran-Ermənistan sərhədini kəsməsi kimi qələmə verilməsi kökündən yanlışdır”

zengezur-dehlizinin-iran-ermenistan-serhedini-kesmesi-kimi-qeleme-verilmesi-kokunden-yanlisdir
Oxunma sayı: 3388

"Qırx dörd günlük Vətən müharibəsi zamanı işğal altında olan Azərbaycan-İran sərhədinin azad edilməsi münasibətilə ilə Müzəffər Ali Baş Komandan Azərbaycan və İran xalqlarını təbrik edib. Azərbaycan tərəfi İran ilə sərhədlərini ticarətin və əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün fürsət kimi dəyərləndirir".

"Qafqazinfo" xəbər verir ki, bu fikirləri Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəhbəri Leyla Abdullayeva “İran tərəfi Zəngəzur dəhlizini İran-Ermənistan sərhədinin kəsilməsi kimi qəbul edirlər. Bu məsələ İran tərəfi ilə təmaslarda müzakirə edilibmi” sualına cavabında söyləyib.

L.Abdullayeva qeyd edib ki, torpaqlarımızın Ermənistan tərəfindən işğalı nəticəsində təkcə Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası ilə deyil, həmçinin İran ilə də dəmir yolu əlaqəsi kəsilmişdir. 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata uyğun olaraq, regionda kommunikasiyaların açılması və bərpası üzrə Komissiya çərçivəsində müzakirələr davam edir. Azərbaycan tərəfi paralel olaraq, İran ilə Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikasının birləşdirilməsi üçün İran ərazisindən keçməklə infrastrukturun yaradılmasına dair müqavilə imzalayıb.

Əldə olunmuş razılığa əsasən, 2022-ci il sentyabrın 22-də Zəngilan rayonu ərazisində hər iki ölkə rəsmilərinin iştirakı ilə avtomobil körpüsünün təməlqoyma mərasimi baş tutub. Zəngəzur dəhlizinin İranın Ermənistan ilə sərhədini kəsməsi kimi qələmə verilməsi kökündən yanlış olmaqla yanaşı, reallıqdan uzaqdır. Zəngəzur dəhlizi, əksinə, ölkələrimiz arasında əlaqələri daha da dərinləşdirən və regional əməkdaşlıq üçün yeni perspektivlər vəd edən önəmli bir layihədir.