Ötən gün Zərdabda 5 günlük körpə Qasımov Alparslan Nurlan oğlu vəfat edib.
Bu barədə “Qafqazinfo”ya körpənin babası Tahir Qasımov məlumat verib.
Onun iddiasına görə, körpənin ölümünə səbəb həkim səhlənkarlığıdır: “Uşaqda sarılıq əlamətləri var idi. Zərdab Rayon Mərkəzi Xəstəxanasına apardıq, lakin orada ona səhv diaqnoz qoyuldu. Nəticədə səhhəti ağırlaşdı. Onu Bakıda xəstəxanaya çatdırsaq da, həkimlərin bütün səylərinə baxmayaraq, həyatını xilas etmək mümkün olmadı”.
Qeyd edək ki, bu, ananın ilk hamiləliyidir.
Hadisə ilə bağlı Zərdab Rayon Mərkəzi Xəstəxanasından sorğumuza cavab olaraq bildirilib ki, 21 fevral saat 11:50 radələrində 2026-cı il təvəllüdlü yenidoğulmuş (kişi cinsli) üçün Zərdab Rayon Mərkəzi Xəstəxanasının Ailə Sağlamlıq Mərkəzinə müraciət olunub: “Körpəyə fizioloji sarılıq diaqnozu təyin olunub. Həkim tərəfindən körpənin ümumi vəziyyəti kafi qiymətləndirilib, dərisi təmiz, az miqdarda sarılıq müşahidə olunub. Aktivliyi və refleksləri normal qiymətləndirilib.
Auskultasiya zamanı ağciyərlərdə pueril tənəffüs eşidilib, cor tonları ritmik olub, qarın köplü, göbək ciyəsi düşməmiş və yeri yaş olub. Qaraciyər və dalaq əllənməyib stul və diurez normal olub.
22.02.2026-cı il tarixində saat 02:40 radələrində körpə təkrar olaraq Zərdab Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə daxil olub. Körpəyə ikterik sarılıq, nevroloji simptomatika diaqnozu təyin olunub və zəruri tibbi yardım göstərilib. Körpənin valideynlərinə ixtisaslaşmış tibb müəssisəsi olan Elmi-Tədqiqat Pediatriya İnstitutuna müraciət olunması tövsiyə olunub və onlar tibb müəssisəsini tərk ediblər.
Qeyd edək ki, ana 08.07.2025-ci ildə ilk dəfə Zərdab Rayon Mərkəzi Xəstəxanasının Ailə Sağlamlıq Mərkəzində hamilə kimi qeydiyyata düşüb.
Lakin hamilə müntəzəm tibbi müayinələrdən imtina edib və hamiləliyin gedişinin özəl tibb müəssisəsinin həkim-mütəxəssisi tərəfindən izlənilməsi barədə müvafiq rəsmi sənəd imzalayıb. 05.02.2026-cı il tarixində Zərdab Rayon Mərkəzi Xəstəxanasına yenidən müraciət edib və 12.02.26 tarixində 36-37 həftə hamiləliyə görə dəyişmə vərəqi əldə edib.
Doğuş 17.02.2026-cı il tarixində özəl tibb müəssisəsində icra olunub”.
Son xəbərlər
Son Xəbərlər