İsmixan Rəhimov formulu

ismixan-rehimov-formulu
Oxunma sayı: 4390

10 il əvvəl böyük ziyalımız İsmixan Rəhimovla söhbətimdə o söyləmişdi bu sözləri. Bayraq günü qeyd olunan zaman millət vəkillərinin, ziyalıların, şairlərin və daha kimlərin, kimlərin söylədiyi vətənpərvərlik nitqlərinə qulaq asanda bir daha yadıma düşdü İsmixan Rəhimovun sözləri.

İsmixan Rəhimov Stalin dövrünün dissidentlərindən idi. Səməd Vurğuna yazdığı məktuba görə həbs olunmuşdu. Sibiri görüb gəlmişdi. Amma qüruru sınmamışdı. Bu yerdə onunla söhbətimdən daha bir fikri yadıma düşür: “Sürgündən qayıdandan sonra insanların məni görəndə üzünü çevirməsi məni çox incidirdi. Fikirləşirdim ki, İlahi, mən niyə qayıtdım axı?”

Amma İsmixan Rəhimovu mehribanlıqla qarşılayanlar da olmuşdu – İsmayıl Şıxlı və Bəxtiyar Vahabzadə. Onların qüruru sınmamışdı. Deməli, onlar vətəni sevirmişlər.

İsmixan Rəhimovla bağlı bir məqam da yadıma düşdü: Sibirdən qayıdandan sonra iş tapa bilməyən İsmixan Rəhimov Akademiyanın vitse-prezidenti olan Səməd Vurğunun yanına gedib özünü təqdim edir və dünyalar qədər sevdiyi şairdən iş istəyir. Səməd Vurğundan “iki gündən sonra gəl” cavabını eşidir. Amma ehtiyacı olsa belə, bir daha getmir Səməd Vurğunun yanına.
“Mən gözləyirdim Səməd Vurğun telefonu qaldıracaq və kadrlar şöbəsinə deyəcək ki, ordan yarım ştat, bir ştat iş ver bu adama. Amma o cəsarət eləmədi, qorxdu...”

Nə isə...
Qayıdaq Bayraq gününə və İsmixan Rəhimovun formuluna.
İsmixan Rəhimov keşməkeşli həyat yolu keçmişdi və həyatının sonuna yaxın bu qənaətə gəlmişdi: “İnsan bir qadını sevəndə xoşhal olur, valideynlərini sevəndə sevinir, çünki borcunu verir. Vətənini sevən insan qürurlu olur”.

Yəqin ki, Siz də Bayraq günündə Vətəni, bayrağı tərənnüm edən pafoslu çıxışlar eşitmisiz.
Düzünü deyim ki, mən eşitdiklərimin böyük əksəriyyətinə inanmırdım. Siz inanırdız?

Vətəni sevən insan qürurlu olmalıdır. Qüruru olan şəxs nə deməkdir? Yalançı, ikiüzlü, yaltaq, qorxaq adamı qürurlu hesab etmək olarmı?
İnsan kiməsə yaltaqlanırsa, xalqın gözünə baxıb kimdənsə qorxduğu üçün yalan danışırsa, deməli, qüruru yoxdur. İnsanın qüruru yoxdursa, deməli, o, Vətəni sevmir.

Yəqin fikirləşirsiniz ki, bütün bunları niyə sadaladım? Axı həmişə Qarabağ mövzusunda yazan adam niyə mövzunu dəyişib?
Yox, əzizlərim, söhbət yenə Qarabağdan gedir.

Bir jurnalist olaraq Qarabağ probleminin bütün, o cümlədən mənəvi-psixoloji tərəflərini də araşdırıram.
Fikir verin – “Qarabağı azad etməyə hazırıq”, “Prezident əmr versə, döyüşə atılmağa hazırıq”, “Azərbaycan öz ərazi bütövlüyünü təmin edəcək”, “Düşmən bizdən qorxur”, “Şuşaya bayraq sancacağıq” və hər gün eşitdiyiniz buna bənzər kəlamları fikirləşin, görün daha çox kimlərin dilindən eşidirsiniz?
Sizcə, bu sözləri söyləyənlərin hamısı qürurlu insanlardı?
İndi baxın görün ətrafda nə qədər insan var ki, vətəni sevdiyini deyir, amma sevmir. Vətəni sevən adam qürurlu olur. Azərbaycan vətəndaşı olan insanın qüruru yoxdursa, o nə Vətəni, nə də Vətənin bir parçası olan Qarabağı sevmir.

İndi bildinizmi ki, biz Qarabağı niyə azad edə bilmirik?

Yalançının, yaltağın, ikiüzlünün, qorxağın Vətən sevgisi olmur, əzizlərim...