Sabah bir qrup müxalifətçi gənc Fəvvarələr Meydanında etiraz aksiyası keçirəcək. Bu barədə “Qafqazinfo”ya açıqlamasında AXCP Gənclər Təşkilatının sədri Əbülfəz Qurbanlı məlumat verib. O deyib ki, aksiya saat 15.00-da başlayacaq: “Tələbimiz parlamentin buraxılmasıdır. Biz aksiya barədə Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etmişdik və onlar həmişəki kimi əsassız səbəblərlə mitinqə icazə vermədi, bizə şəhərin kənarındakı sürücülük məktəbinin həyətini təklif etdilər”.
Göstərilən ərazinin şəhərdən uzaq olduğunu söyləyən Ə. Qurbanlı 20-ci sahənin mitinq keçirmək üçün əlverişsiz olduğunu bildirib: “İnsanlar həmin əraziyə gedib çıxa bilmirlər. Vətəndaşlar oraya gələnə qədər polis yolları bağlayır. Ona görə biz qərarlıyıq ki, mitinqimizi şəhərin mərkəzində keçirək”.
Təşkilat sədri onu da vurğulayıb ki, aksiyanın keçirilməsində məqsəd, parlamentin buraxılması ilə bağlı mesajı həm vətəndaşlara, həm hökumətə, həm də beynəlxalq ictimaiyyətə çatdırmaqdır: “Bu bizim birmənalı şəkildə hüququmuzdur. Biz dinc, sivil, qeyri-zorakı bir tədbir keçirəcəyik”.
Ə. Qurbanlı vurğulayıb ki, ayrı-ayrı fərdlərin birləşməsi nəticəsində təşkil olunan aksiyada siyasi partiyaların, müxtəlif təşkilatların, QHT nümayəndələrinin, bloggerlərin, tanınmış köşə yazarlarının iştirakı gözlənilir: “Mitinqi təşkil edən dairə rəngarəngdir. Bu mitinqdə istəyimiz xüsusi olaraq hər hansı bir partiyanın, təşkilatın meydana çıxması yox, ictimai-siyasi fəaliyyətlə məşğul olan hər kəs meydana çıxmasıdır və güman edirik ki, bu belə də olacaq”.
Müsavat başqanın müavini Gülağa Aslanlı isə İctimai Palatanın bu aksiyaya dəstək verdiyini, lakin orada iştirak formasının müəyyənləşmədiyini deyib: “Mitinqə narazı insanların qoşulacağı gözlənilir. Amma İctimai Palatanın aksiyaya qoşulub-qoşulmayacağı haqqında məlumatım yoxdur”.
Gülnar
Son xəbərlər
Son Xəbərlər