- Siz Səvəfi - Osmanlı münasibətlərinin araşadırmaçısıı kimi, XVI əsrin əvvəllərində bu iki dövlət arasındakı münasibətləri necə dəyərləndirirsiniz?
- XVI əsrə başlamazdan əvvəl mən belə düşünürəm ki, bu məsələyə XV əsrdən başlamaq lazımdır. XVI əsrə yəni Şah İsmayılın taxta çıxmasına qədər Osmanlı-Səfəvi münasibətləri normal idi. Bütün XV əsr boyu Qaraqoyunlular, Ağqoyunlular, Şirvanı da daxil etsək, onların üçünün də Osmanlılarla münasibətləri normal idi. Məsələn, hətta mənbələr yazırlar ki, Bəyazid dövründə Osmanlı imperatoru ilə Şirvan şahı arasındakı münasibətlər ata-oğul ilişkiləri idi. Qaraqoyunlular dövründə isə münasibətlər zəif idi. Bir-birilərinə dəyib toxunmurdular, hərənin özünün mülkləri, torpaqları, kiçik dövlətləri var idi. O dövrdə Osmanlı imperatorluğu bütöv halda dövlət adlanmırdı. Dövlət aliyeyi osmani adlanırdı. Amma o torpaqlarda olan müxtəlif sülalə özlərinin də hökmdarları var idi. İsfəndiyaroğullar, Aydınoğullar, Qaramanlılar və.s. Osmanlı imperatorlarına bac-xərac verirdilərsə də, tam müstəqil idilər. Onların münasibətləri Kiçik Asiya ərazisində olan dövlətlərlə o qədər gərgin deyildi. Ağqoyunlular gəlişinə qədr münasibətlər iki mərhələyə bölünür. Sülh dinc münasibətləri, Uzun Həsənin Osmanlılarla münasibətlərindən sonrakı dövr. Birinci mərhələdə münasibətlər normal idi. Bir -birlərinə məktublar, elçilər, hədiyyələr göndərirdilər. Elə ki Uzun Həsən hakimiyyətə tam yiyələndi, bir çox dövlətləri özünə tabe etdi. Osmanlılar və Ağqoyunlular yanaşı siyasət aparmağa başladılar. Təbii ki, hərənin öz siyasəti var idi. Osmanlılar əsasən qılınclarını qərbə doğru çevirmişdilər. Ağqoyunlularun isə artıq Uzun Həsənin dövründə ona qədər əllərində az ərazilər var idisə, onun dövründə isə ərazilər çoxaldı. Uzun Həsən hər bir ərazini tutduqca, hər bir qalanı fəth etdikcə adəti olaraq Osmanlı imperatoruna ərazi tutması barədə məktublar göndərirdi. Artıq Sultan Mehmet Fateh əsəbiləşirdi. Mən boyda hökmdarın müqabilində bu lovğalanır. Bundan sonra münasibətlər gərginləşdi. 1473- cü ildə müharibə başladı. Toqat, Üçağızlı və ya Tərcan müharibəsi də deyirlər. Müharibə iki hissədən ibarət oldu. Avqustun əvvəllərində Uzun Həsən qalib olsa da, 10 gündən sonra Sultan Mehmet üstünlük əldə etdi. Uzun Həsənin vəfatından sonra Sultan Yaqub dövründə münasibətlər yaxşılaşdı. Sonrakı Ağqoyunlu hökmadarlarının başı hakimiyyət uğrunda müharibəyə qarışmışdı. Osmanlılar öz siyasətlərini yerinə yetirdilər. XVI əsrin əvvəllərində isə vəziyyət dəyişdi. Şah İsmayıl şiə hökmdarı kimi taxta əyləşdi və ideoloji müharibəyə başladı. Bir tərəfdən sünni özbəklər, ikinci tərəfdən sünni osmanlılar və özü. Şah İsmayıl ideologiyada müəyyən dəyişikliklər etməsəydi, özü təbii ki, möhkəmlənə bilməzdi. Dövlətin əsas ideoloji təriqətini şiəlikdə gördü. 13 yaşlı cavan bir hökmdar olduqca məğrur, özündən razı müəllimlərinin hamısı Səudiyyə Ərəbistanından gəlmiş mütəffəkirlər, şiə üləmaları idi. Bunun cavan ağlına tez-tez yeridirdilər ki, sünni Ağqoyunlular sənin babaların olub, əgər onların əleyhinə çıxmasan, hakimiyyətdə qala bilməyəcəksən. Şah İsmayıl onların dediklərini əlində rəhbər tutdu. Öz sünni babalarından ayrıldı. Bildirdi ki, əgər bu dövrdən sünnilərə qarşı ciddi mübarizə olmasa, dövlət belə siyasət yürüdücək ki, sünni olanların hamısı qırılsın.
- Yəni Şah İsmayıl hakimiyyətə gələr-gəlməz Osmanlılara qarşı müharibə elan etdi.
- Sultan Səlimin hakimiyyətə gəlişinə qədər Sultan Bəyazidlə Şah İsmayılın münasibətləri nisbətən yaxşı idi. Elə ki Yavuz yəni qorxulu Sultan Səlim hakimiyyətə gəldi və gördü ki, artıq mümkün deyil. Şah İsmayılın xəlifələri Osmanlı imperatorluğunda təbliğat işləri aparırlar. “Yaşasın şiələr” şüarı ilə çıxış edirlər. Bu istiqamət Osmanlı imperatorluğuna qarşı yönəlib. Şah İsmayıl məsələ qoydu ki, kim Səfəvi ərazisində sünniliyində qalarsa, dərhal öldürüləcək. Kim şiəliyi qəbul edirsə, yaşayacaq. Həmin qərar Osmanlı imperatorluğunda da verildi. Osmanlı imperatorluğunda Şah İsmayıla qədər yaşayan və bu gündə orda yaşamaqda davam edən şiələr əqidələrindən əl çəkməlidirlər. Çəkməsələr, qırılacaqlar.
- Və iki dövlət arasında Çaldıran döyüşü baş verdi...
- Çaldıran döyüşü həlledici döyüş oldu. Şah İsmayılın həyatında birinci məğlubiyyət oldu. Şah İsmayılın 1514- cü ilə qədərki gəldiyi qənaət olan Osmanlı imperatorluğu ilə ciddi mübarizə aparmaq planı yavaşladı. İsmayıl gördü ki, mümkün deyil. Yəni ideoloji mübarizə hər şeyi həll etmir. İslam təriqətində iki yol var. Təvəlla və təbərra. Təvəlla dostluq, təbərra isə düşmənçilik deməkdir. Düşmənçilik nədir? Ayişənin, Əbu Bəkirin, Ömərin və Osmanın lənətlənməsi. Bu şiələrdə idi. Osmanlılarda isə onların təriflənməsi var idi. Yəni imamların təriflənməsi Osmanlı dövlətində o qədər də ziddiyyət təşkil etmirdi. Onlar həm tərifləyir, həm də tənqid edirdilər. İsmayıl isə onlara qarşı çıxırdı. Bunun nəticəsində isə vəziyyət daha da gərginləşdi. Sonrakı Osmanlı imperatorları gördülər ki, ideoloji baxımdan səfəvilərlə bacara bilmirlər. Məsələ irəli sürdülər ki, təbərra ləğv olunsun. Bunlar həll olunsa, öz işimizdə qalarıq. Əgər aradan qaldırılmazsa, hücuma keçəcəyik. Şah İsmayıldan sonrakı Şah Təhmasib də çox dindar olduğu üçün təbərradan əl çəkmədi. Nəticədə 1534, 1535, 1538, 1554-cü illərdə Sultan Süleyman Qanuni Səfəvi imperatorluğuna qarşı 4 yürüşü baş verdi. Yürüşlər qanlı müharibələr idi. Hər dəfə Şah İsmayılın məğlubiyyətindən nəticə çıxaran Təhmasib geri çəkildi. Osmanlı ordusu 100, 150 min əsgər, minik heyvanları, silah -sursat , dəvələr, əsgərlər yəni 300 min adam hücumla Səfəvi ərazisinə gəliblər. Ot, ərzaq, su qalmadı, əhali qırılmağa başladı. Və nəhayət Osmanlı ordusunda xəstəliklər yarandı. Yeniçərilər üsyan qaldırdı. Hər dəfə də Sultan Süleyman geri çəkilmək məcburiyyətində qaldı. Hücumla gələn osmanlılar 4 dəfə geri çəkilməli oldu. Şah Təhmasibin qələbəsi bu idi. Geri çəkilməklə Sultan Süleyman qələbə əldə etdi, hücum etməklə isə məğlub oldu. Nəticədə Osmanlı imperatorluğunda daxili vəziyyət gərginləşdi. Səfəvilər üçün də yürüşlərin nəticəsi faydasız oldu. Torpaqlar əkilmədi, xəstəliklər meydana çıxdı. Hər iki dövlət başa düşdü ki, bir-birlərinə qarşı müharibə elan etməklə uduzurlar. Və 1555-ci ildən 1598-ci ilə kimi sülh elan olundu. Sultan Muradın dövründə yenidən müharibə başladı Nəticədə Lələ Mustafa Paşa 1578- ci ildə Səfəvi imperatorluğuna hücuma keçdi. Çox torpaqları ələ keçirtdi. O cümlədən Azərbaycanın müəyyən hissəsi, Gürcüstanın qərb hissəsini ələ keçirtdi. Bu hadisələr Şah Abbasın hakimiyyətə gəlişinə qədər davam etdi. Şah Abbas anladı ki, bir tərəfdən Xorsan, digər tərəfdən isə Osmanlılarla müharibə edə bilməz. Hələlik hər iki tərəflə müharibəni dayandırmalıdır. Həmin vaxt ərzində ingilislərlə danışığa girdi. Şelli qardaşları gələrək ordunu müasirləşdirdilər. İngilis qaydalarına görə ordu yaratdılar. Təxminən 40 il ərzində əldən getmiş torpaqlar sonrakı10-15 il ərzində tamamilə geri qaytarıldı. Nəticədə iki qardaş dövlət bir- birləri ilə düşmən oldular. Səfəvilər dövləti Şah İsmayıl və Şah Təhmasib dövründəki itirdiyi ərazini təmin etdi. Osmanlı ordusu çoxlu qüvvələr itirdi. Bu müharibənin Səfəvilərə xeyri ondan ibarət oldu ki, ordu modernləşdi. Osmanlılara da dərs oldu ki, qonşu torpaqlarla çox da müharibəyə, münaqişəyə girmək lazım deyil.
- Siz münasibətlərin gərginləşməsində ideoloji mübarizəni əsas götürürsünüz. Bəzi tarixçilər isə iki dövlət arasındakı müharibələrin səbəbini daha çox iqtisadi amillərlə bağlayırlar. Yəni ticarət yollarına sahib olmaq, geniş ərazilər qət etmək və.s
- İdeoloji mübarizə ən əsas amildir. Ticarət əlaqələri mühüm hesab olunurdu. Bu müharibə dövründə hər iki tərəfin ticarəti süquta uğradı. İqisadiyyat olmayan yerdə siyasət də ola bilmir. İqtisadiyyatı zəif olan ölkə müharibə edə bilməz. Osmanlıların fikirləri Qərbə doğru hərəkət etmək idi. O da müəyyən dərəcədə təlatümə uğradı. Şərq ölkələrinə qarşı hücumlar da gərginləşmədi. Amma iki dövlət arasındakı müharibə isə ziyan gətirdi. Müharibə o zaman xeyir gətirir ki, qalib gələn tərəf məğlub etdiyi ölkənin sərvətlərinə yiyələnir. Osmanı da qısa müddətli müharibələrin tərəfdarı idi. Amma Səfəvilərlə aralarındakı müharib 50 il uzandı. 1578- ci ildə başlanan müharibə 1639- cü ildə bitdi. Zihab sülh müqaviləsi bağlandı. 1 əsrdən sonra isə osmanlılar yenidən hücuma keçdilər.
-Müasir dövrdə bəzi tarixçilər Şah İsmayılın fəaliyyətini birmənalı dəyərləndirmirlər...
- Bu da ideoloji problemdir. Fikrimi belə ümumiləşdirmək istəyirəm ki, sünni ideolojisi olan Osmanlıda ifrat sünniçilik yoxdur. İfrat şiəçilik Səfəvilər dövlətində olub. Onlar sünniləri qətiyyən qəbul etmirdilər. Məzhəb ayrılığı onlar üçün şərt idi. Məsələn, Osmanlı imperatorlarının məktubları var. Sultan Səlimin Şah İsmayıla 4 məktubu, Şah İsmayılın isə ona bir cavab məktubu var. Sultan Səlim yazır ki, ey Əcəm oğlu ( Şah yazmır, Şərqdə belə idi ki, atası şah olmayan şah ola bilməzdi. İsmayılın atası şeyx idi) sən əgər şiəçilikdən əl çəksən, mənim dinimə gəlsən, səninlə işim yoxdur. Şah İsmayıl cavab məktubunda deyirdi ki, sən kafirsən, sünnilər kafirdilər mürtəddilər, onlarla müharibə mənim həmişə arzum olub və bunu davam etdirəcəyəm. Nə qədər ki sünnilər var, mən də varam. Yəni Şah İsmayıl qatı şiə idi. Sultan Səlim isə qatı sünni tərəfdarı deyildi. Amma yenə də təbii olaraq sünni təəssübkeşliyini edirdi. Müasir dövrü götürək. Bu gün də İranla Türkiyə arasında münasibətlər o qədər də xoşagələn deyil. Ancaq sünni-şiəliyə görə. Yenə də İran şiəçilik təbliğatı ilə məşğuldur. Türkiyənin bununla işi yoxdur. Bir neçə il bundan qabaq Türkiyədə Şah İsmayılla bağlı elmi konfrans keçirilirdi və mən orada iştirak edirdim. Türkiyə çox böyük təntənə ilə Şah İsmayılı və şiəliyi qəbul edir. Türkiyə bu məsələyə o qədər girişmək istəmir. Amma İran şiəlikdə mühafizəkardır. Bunlar düşünməlidir ki, İslam var. Şiə-sünni ancaq qardaş qırğınıdır. Qərbə bu lazımdır, bir-birlərini qırsınlar və zəifləsinlər. Artıq XXI əsrdir. Bu yolla getmək olmaz.
- Şahin bəy, dedikləriniz hansı mənbələrə əsaslanır?
- Mənbələr çoxdur. XV əsrin mənbələri var. “Əhsənül təvarüx”, İsgəndər bəy Münşinin” Dünyanı bəzəyən Abbasın tarixi”, Qazi Əhməd Qəffari, Qazi Əhməd Qumi, Şərəf Xan Bitlisi , Kitabi Diyarbəkiriyyə, Xan Dəmir, bunlar fars mənbələridir. Osmanlı mənbələrindən Nişançı Mehmet Paşa, Solaqzadə, Qara Çələbizadə, Heydər bəyin Əboğlunun münşaatı, Firudun bəyin münşaatlarını sadalamaq olar. Bu mənbələr olduqca ilkin mənbələrdir. Səfəvi-Osmanlı münasibətlərinə aydınlıq gətirir. Tarixçi əgər Səfəvi dövlətinin tarixçidirsə, Osmanlı tərəfini pisləyir. Və ya əksinə. Azərbaycan tarixçilərinin qarşısında duran mühüm məsələ kimin həqiqəti yazdığını ayırd etməkdir.
Müsahibə “Qızılbaş” Gəncləri Maarifləndirmə İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti Yanında Gənclər Fondu tərəfindən dəstəklənən “Səfəvilər dövləti: qürur yerimiz” layihəsi çərçivəsində hazırlanıb.
Günel