Bakıda “uşaq kokaini” satılır-Araşdırma

bakida-usaq-kokaini-satilir-arasdirma
Oxunma sayı: 13835

Uşaqlarımıza “gələcəyimiz” deyə-deyə onların mədəsini zərərli qidalarla zəhərləməklə yanaşı, indi də onların beynini xarab etməklə məşğuldurlar. Kimlər?

Son vaxtlar bir neçə valideynin ardıcıl şikayəti bu məsələni araşdırmağa vadar etdi. Valideynlər həkimlərin uşaqları üçün təyin etdiyi “Ritalin” adlı dərman preparatından narahatdırlar. Əslində, valideynlərin belə təşvişə düşməsi və araşdırması sevindiricidir. Bəzən söydüyümüz internet bu dəfə işə yarayıb. Məhz bu yolla meydana çıxan həqiqət məsələnin ciddiliyindən xəbər verir. İnternet saytlarında “Ritalin” barəsində ortaya çıxan məlumatlar isə gərginlik və narahatlıq yaratmaya bilməz.

Əvvəlcə bu preparat barədə bəzi məlumatları nəzərə çatdırım.

Onun təsiri kokaindən də güçlüdür

Rusiyanın narkomaniyayla mübarizə saytlarında, eləcə də Türkiyənin tibbə dair portallarında “Ritalin” dərmanının uşaqların sağlamlığı üçün təhlükəli sayıldığı və onun Rusiyada, Türkiyədə, ABŞ-ın bəzi ştatlarında, Yəmən, Nigeriya və bir çox ölkənin dərman dövriyyəsindən çıxarıldığı bildirilir. Amma Avropa ölkələrində sıx da olmasa, həkimlər bu dərmandan əqli problemləri olan uşaqların müalicəsində psixotrop vasitə kimi istifadə edirlər. Hiperaktivlik və diqqət çatışmazlığı sindromu kimi xəstəliklərdə “Ritalin” həblərindən yalnız bir müddət həkim nəzarəti altında istifadəsi mümkün sayılır. Sadə dillə desək, burada yerində dura bilməyən, həddindən artıq hərəkətdə olan, öz aləmində olsa da, ictimailəşə bilməyən uşaqlar nəzərdə tutulur. Mütəxəsislər bütün hallarda bu dərmandan istifadənin tərəfdarı deyil, çünki bu dərman uşaq narkomaniyasının bünövrəsini qoyur, pasiyentdə asıllıq yaradır. Bu səbəbdən bu dərmanın adı “uşaq kokaini” kimi də məşhurdur. Preparat 1944-cü ildə hazırlanaraq dünya dərman ticarətinə daxil olsa da, ondan istifadənin acı nəticələri də qeyd olunur. Hələ 1990-cı ildə satış sürəti artan dərmanın Nyu-Yorkun Brukhaven laboratoriyasında aparılan araşdırmada bu dərmanın kokaindən də güclü təsirə malik olduğu ortaya çıxıb. Hollandiya məktəblərində narkotik kimi satılan bu dərman 10-larla məktəblinin özünə qəsd etməsinə gətirib çıxarıb. 2000-ci ildə bir çox ölkənin şikayətindən sonra “Ritalin” preparatı barədə araşdırma aparılıb, nəticədə məlum olub ki, bu dərman təhlükəli sayılan kokainlə eyni təsirə malikdir. Hətta orqanizmin istifadəsindən sonra müayinə nəticələri də bunu deməyə əsas verib. ABŞ-da aparılan son araşdırmalara görə, “Ritalin”dən istifadə edən uşaqların 15%-i intihar edir, 25%-i isə müxtəlif cinayətlərin üzvü kimi həbsxanaya düşür. Hazırda “Ritalin” ABŞ-ın Federal Dərman Dairəsinin asıllıq yaradan maddə(narkotiklərlə bir siyahıda) kateqoriyasına daxil olunub. Sintetik kokain olan “Rentalin” yalnız 6 yaşdan yuxarı uşaqlara verilir. “Pitalin”dən davamlı istifadə “sakit ölüm” gətirərək, uşağın mərkəzi sinir sistemini dağıdır, qalusinasiyalara (qarabasmalara), insulta gətirib çıxarır. Eləcə də, qaraciyər, böyrəklərə mənfi təsirini göstərir. Bu dərmandan istifadə edən uşaqlar aqressiv olur, panika yaratmağı sevir. Ən qorxulusu isə psixoz əlamətlərini daşıyır, zaman-zaman özünəqəsd, intihar barədə düşünür.

2006-cı ildə ABŞ-da təşkil olunan konqresdə “Ritalin”dən istifadənin acı nəticələri bir daha sübut olundu. Tədbirdə bu həblərin aludəçisi olanların valideynləri çoxluq təşkil edirdi. Uşaqları “Ritalin”in qurbanı olmuş valideynlər bir nəfər kimi övladlarının həyatına bu dərmanın son qoyduğunu bildiriblər. Qurbanların çoxu dərmana qadağa qoyulduqdan sonra intihar ediblər.

Bütün bu sadalananlara baxmayaraq, bir çox dərman kimi bu dərman da milyonlarla gəlir gətirdiyi üçün bir çox ölkədə satışı leqallaşıb. Hazırda dünyada 10 milyondan(6 milyonu ABŞ-dadır) çox uşaq bu dərmandan istifadə edir. Başqa sözlə, uşaqların canı bahasına dərman yaxşıca gəlir gətirir. Bəlkə də bu səbəbdəndir ki, “Ritalin” müxtəlif ticarət markaları ilə satılır. Onun diğər adları “ Meridil”, “Centedrin”, “Rilatine”, “Metilfenidat”, “Metilfenidate Hidroxlorid” dir.

Azərbaycanda da vəziyyəti bir qədər məxfi və təhlükəli hesab etmək olar. Çünki bu dərmanın açıq satışda olmaması, amma xüsusən burada fəaliyyət göstərən iranlı həkimlər tərəfindən tövsiyyə olunması maraq yaradır. Bir neçə ildir, hətta ondan istifadə edənləri, eləcə də güya səhiyyəmizin keşiyində duranları bu vacib məqam maraqlandırmır.

Azad istehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun sözlərinə görə, onlara da bu barədə şikayət daxil olub. Cavid Abdullayevin oğlunu “Nərgiz” klinikasının iranlı həkimi Məhəmməd Pur qəbul edib və ona bu dərmanı məsləhət görüb. Özü də həkim uşağı gecə 2-nin yarısında müayinə edib. Həm həkimin, həm də pasiyentin bu saatdakı dəqiq vəziyyəti xeyli maraq doğurur. Hər halda həkim həmin təhlükəli hesab etdiyimiz dərmanı, “Ritalin”i məsləhət görüb. Ailə təsadüf nəticəsində onun tərkibi barədə öyrənib və AİB-ə şikayət edib. Birlik sədri iranlı həkimdən dərman barədə soruşanda, həkimin özünündə istifadəsi ortaya çıxıb. Mütəxəsis şikayətçiyə dəyən maddi ziyanın ödənməsinə (350 manat) nail olduqlarını desə də, bu dərmanın digər qurbanlarını da bir yerə toplamaq qərarına gəlib. “Pasiyentlər bu dərmanın qeyri-qanuni yayılması və satışını bilməli, dərmanın zərəri barədə məlumatlanmalı, həkimlər isə cavab verməlidir”,-deyə Eyyub müəllim vətəndaşlara üzünü tutub bir daha onlara səslənir. O, artıq iranlı həkimin işlədiyi “Nərğiz”kliniasına da yazılı rəsmi müraciət göndərib. Müraciətdə iranlı həkimin qəbulunda olan pasiyentlərin siyahısı tələb olunur, bu siyahı ilə “Ritalin” istifadəçilərini tapmagın asan olacağı bildirilir.

Yeri gəlmişkən, adını təbii üsullarla mülicə mərkəzi qoyan “Nərkiz klinikasıyla da əlaqə saxladım. Oradan artıq Məhəmməd Purun bundan sonra klinikada fəaliyyət göstərməyəcəyini dedilər. Klinika təmsilçisi ətraflı açıqlamasa da, onunla əməkdaşlığın bitdiyini dedi. Burada artıq məsələ aydın olur. Məsələ böyüməmiş aradan çıxmaq iranlı həkimin çıxış yolu olub.

Səhiyyə Nazirliyinin də bu dərmanın satışıyla bağlı açıqlaması maraqlı olardı. Amma, vəziyyət nazirlik üçün elə də vacib hesab olunmur. Ən əvvəl “Ritalin” dərmanı Səhiyyə Nazirliyinin Dərmanların Analitik Ekspertiza Mərkəzinin satışına icazə verdiyi dərman siyahısında yoxdur. Bunu Mərkəzin keyfiyyətsiz dərmanlara nəzarət inspeksiyası şöbəsinin rəisi Pərviz Əzizbəyov da təsdiqləyir. Müsahibim Pərviz müəllim bu dərmanın qeyri-qanuni olmasını bilmək üçün onu nəzərdən keçirmələrinin vacib olduğunu bildirir. Maraq doğuran odur ki, mütəxəsis bu dərman barədə eşitmədiyini belə dilə gətirir. “Ritalin” dərmanı olanının mərkəzə yaxınlaşmasını qeyd edən şöbə rəisi məsələnin araşdırılacağını vəd edir. Satışı qadağan olunmuş dərmanlar siyahısına da baxacağını deyən mütəxəsis, yalnız sonra bu barədə ətraflı məlumat verəcəyini bildirir. Əlinin altında internet olan səlahiyyətli şəxs bu məsələni isti-isti, özüdə sadə həllini tapmaq əvəzinə niyə soraya saxlayır, bax bu təccüb doğurur. Hələ jurnalistin bu dərmanın adını doğru söyləməməsindən şübhələnir. Gülməlidir.

Ən azı istənilən şəxs internetdən yararlanaraq bu barədə məlumat əldə edə bilər. Bu indi ən sadə işdən biridir. Dərmanın adını yazmaq kifayətdir.

“Ritalin” necə əldə olunur?

“Ritalin” istifadəçılərini axtaran zaman bir xanımla söhbət etdim. Elə Bakıda işləyən iranlı həkimlərdən biri də bir il əvvəl “Ritalin”dən istifadəsni tövsiyə etsə də, Tünzalə xanım adlı gənc ana onu uşağına verməkdən imtina edib. O, da dərmanın tərkibini bildikdən sonra bu qərara gəlib. Digər valideynsə( adını vermək istəməyən) bu dərmandan artıq bir ilə yaxındır istifadə etdiyini, övladının sakitləşdiyi üçün buna məcbur olduğunu deyir. İnadkar xanım onu əvvəllər “Avromed” apteklərindən əldə etsə də, sonuncu dərman qutusunu elə “Nərgiz” klinikasından aldığını bildirir. Israrla bu preparatın heç olmazsa qutusunu ondan istəsəm də, o bu təklifi rədd edir. Yəqin ki, xanım yuxarıda dərman haqqında məlumatdan sonra daha ciddi fikirləşər.
Araşdırma zamanı məlum olur ki, bu dərman şəhərin bir neçə aptekində yalnız reçeptlə və sifarış zamını satılır.Adını vermək istəməyən xanım əvvəllər “Ritalin”i“Həyat”və “Avromed”şirkətinə məxsus olan apteklərdən əldə edirdisə, sonuncu dəfə iranlı həkimin özündən alıb. Onun sözlərinə görə,həkim 10 həbi 20 manata verir. “Həyat” aptekindən bu dərmanla bağlı soruşduqda ayrı-ayrı xanımlar nə üçünsə təşvişə düşərək telefonun dəstəyin yerə qoydular. Elə “Avromed”aptek şəbəkəsinin bir neçə obyektindən də eyni davranışla qarşılaşdım. Bu reaksiya gizli məqamlara nisbətəm də olsa aydınlıq gətirir. Çünki əvvəlcə “sifariş vermək istəyirsiz, hansı aptekdənsiz?”sualı ilə sevincək müraciət edən qarşı tərəflər özümü pasiyent kimi təqdim edəndə susdular. Hər halda bu barədə müdriyyətin ciddi tapşırığı ola bilər.Anoloji vəziyyət “Ritalin”nin istehsalçısı olan “Novartis”şirkətinin Azərbaycan nümayəndiliyində də baş verdi. Dəstəyi qaldıran xanım da əvvəlcə mehriban danışsa da,sonra bu dərmanla bağlı belə dedi :“ Bir neçə il əvvəl satış olurdu, amma biz artıq bu işlə məşğul deyilik.”Şirkət təmsilçisi xanım “bu işlə məşğul deyilik”deyəndə, məsələnin məsuliyyətini yaxşı dərk edirdi.

“Ritalin” təhlükəsi barədə yerli mütəxəsislərin fikrini bilmək məqsədiylə narkoloqa müraciət etdim. Amma Şəhər Narkoloji Dispanserin baş həkimi Hüseyin Həsənovun cavabı aydın olmadı. Mütəxəsis Səhiyyə Nazirliyinin sərt tapşıriğına əməl edərək, oranın mətbuat xidmətini danışdırmağı məsləhət gördü.Güya səriştəli şəxslər qala-qala, oranın “bilikli”nümayəndələri bu barədə məlumat verməlidi. Nəticədə, Azərbaycanda sahəsi getdikcə böyüyən narkomaniyanı bir kənara qoyub, Hüseyin həkimin sadəcə bu dərman barədə fikrini bilmək istəyərdim,vəssalam. Həkimin bu məşhur dərman barədə məlumatsız olması da mümkündür. Narkoloqla ünsiyyət baş tutmadı, amma bu da bir məqama aydınlıq gətirdi. O da vəziyyətin bilərəkdən məxfi saxlanmasıdır.

Araşdırma davam edir.

P.S. Uşaqlarımızın sağlamlığı naminə əgər kiminsə övladı bu dərmandan istifadə edirsə, bu dərman qutusu olan varsa, bizi xəbərdar edin.

Raminə Eyvazqızı