İcra başçısı mənzillərin satılması ilə bağlı qərar verib - 0.01 sm-lik çata görə

icra-bascisi-menzillerin-satilmasi-ile-bagli-qerar-verib-
Oxunma sayı: 3250

Bakı sakini Sücəddin Əliyev və digər iki qonşusu Nizami Rayon Məhkəməsinin mənzilləri ilə bağlı qəbul etdiyi qətnamədən narazıdır.

Bu səbəbdən “Qafqazinfo”ya müraciət edən şikayətçi bildirib ki, bu ilin yanvar ayında qəbul olunan məhkəmə qətnaməsinə əsasən onlar yaşadıqları mənzilləri məcburi olaraq “Orbita” MTK-ya satmalıdırlar:

“Qara Qarayev 21, mənzil 3 ünvanı şəxsi mülkiyyətimdir. Bura mənə atamın yadigarıdır və çıxmaq fikrim də yoxdur. Mənə aid olan yerin yarı hissəsini anbar kimi istifadə edirəm, yarısınında da ailəmlə yaşayıram. Bakı şəhər icra başçısı 2014-cü ildə sərəncam verərək yaşadığımız mənzillərin “Orbita” MTK-ya satılması barədə qərar qəbul edib. Sərəncama əsasən mənzil sahiblərinə kvadratmetri 1800 manatdan hesablanmaqla pul verilməlidir. Evimizdən çıxmaq istəmədiyimiz üçün MTK sahibləri bizi məhkəməyə verdi və haqsız olaraq qalib gəldi. Bu qərar mənim mülkiyyət hüququmun tapdanmasıdır. Hazırda binada olan 8 mənzilin 4-nü MTK alıb, 4-ü isə qalıb. Bizə mənzilimizi satmağa məcbur edirlər. Əgər yaşadığımız ərazi plana düşsəydi, dövlət işi olsaydı, niyə də razı olmayaq? Ancaq hər hansı bir MTK-nın bizdən evimizi tərk etməyi tələb etməsi artıq fırıldaqçılıqdır. Hara müraciət ediriksə, deyirlər ki, məhkəməyə gedin. Məhkəmənin də qərarı göz qabağındadır”.

S. Əliyev hazırda apellyasiya şikayəti verdiklərini, ancaq işlərinin diqqətə alınması üçün mətbuata müraciət etmək məcburiyyətində qaldıqlarını bildirib:

“Məhkəmənin qərarını haqsız hesab edirik və sonuna kimi bu məsələnin üstündə duracağıq. Qərarda 0.01 santimetr qalınlığında çat olduğu üçün bina yaşayışa yararsız hesab edilib. Bu kimi çatlar hər evdə var. Hazırda isə digər alınan mənzillər, binanın damı söküldüyü üçün evimizə külli miqdarda ziyan dəyib, həqiqətən də yarasız vəziyyətə düşüb. Artıq yaşamaq mümkün deyil. Biz və başqa bir ailə yaxınlıqda kirayə ev tutmuşuq, 3-cü ailənin imkanı olmadığı üçün məcbur orada yaşayır. Sənəddə evimin sahəsi 68,4 kv-metr göstərilir. Ancaq mən artırma etmişəm və sahəsi 200 kv-metrdən böyükdür. Hazırda işi apellyasiyaya vermişik və media vasitəsilə aidiyyatı qurumlara səslənərək məsələni diqqətdə saxlamalarını xahiş edirik”.

Günel Hacı