Maariflənmənin Piyarı Seks

maariflenmenin-piyari-seks-
Oxunma sayı: 1628

Elə bu söhbət anında bu köşəni fikrimdə cızma-qara etdim. Aramızda olan bu dialoqun mövzusunu gənc dostlarla bir seminarda canlı müzakirə etmək ürəyimdən keçmədi desəm yalan olar. Amma AFU kimi bir tədris mərkəzi bağlandığından, mənim hələlik bu arzum ürəyimdə qalmasın deyə, yazılı olaraq oxucu dostlarla bölüşmək qərarına gəldim.

- Hə səninlə razıyam əsas kütlə, çoxluq təşkil edən onlardır. Doğru hədəfdir. İndi sənə elementar bir şey deyəcəm. Onu da deyim ki, bu vəziyyət təəccübümə səbəb olub, məni xeyli düşndürür. Qəribəsi odur ki, rayonlardan Bakıya təhsil almağa gələn gənclər baryerləri daha tez aşırlar, nəinki bütün günü Bakı küçələrində qız dalınca qaçan, internet əlinin altında olan gənclər.

Dostum: Zəncirlərindən qopublar ona görə. Kənd-rayon yeri Bakıya baxanda balacadır. Hər tinin bir qulağı olur. Dost var, düşmən var. Amma burda tam sərbəstlikdir.

- Hə elədir, Bakıdakı insanlarla tez ayaqlaşmaq kompleksləri də olur, bunu ört-basdır etmək istəyirlər. Bir də ki, onlar öz başlarının hesabına universitetə daxil olduqlarına görədir, kitab oxumalarının payı da var burda.

Dostum: Nə? Kitab oxumaq? Razı deyiləm. Mən əsgərlikdə olanda rayondan olan əsgər yoldaşlarım hamısı universitetə imtahan vermişdilər. İçlərində 16 bal yığanlar da olmuşdu. Soruşdum ki, bu qədər bal yığacağını bilirdinsə bəs niyə sənəd vermişdin? Dedi ki, “Nolsun e, “zato” gedib Bakını gəzmişəm də....”

Bax, budur Azərbaycan gəncliyinin 70%-i. Hətta oxuma-yazma bilməyən 2-3 nəfər var idi orda. Əlim üzümdə qalmışdı.

Rayonda uşağın 5-6 yaşı olanda valideyin artıq ona əmək resursu kimi baxır. Göndərir mal-qara, qoyun-quzu, toyuq-cücə oturmağa. Və beləcə tam olaraq manqurdlaşmış gələcək nəsil yetişir. Sözümü ona gətirirəm ki, işin və ya işiniz çox olacaq beyinlərdə inqilab məsələsində. Özünü oda-közə vurmalı olacaqsan.

- Mən istənilən halda razıyam, məqsədləri nə olur olsun, təki o yol kitab oxumaqdan keçsin. Bakıda yaşamaq eşqinə və s. Kənd uşağı imtahanı pulla verə bilməyəcəyini bildiyi üçün kitab oxumaq məcburiyyətindədir. Oxuduqca da formalaşıb yararlı vəziyyətə düşəcək. Misalçün, bizdə erotik başlıqlı yazılar daha çox oxunur. Elə özüm də bundan istifadə edirəm. Ona görə yox ki, mənim yazım oxunsun oxucu sayı çox olsun, ona görə ki, əgər nəsə oxumağın yolu seksə aid başlıqdan keçirsə, bu millət qurşaqdan yuxarı düşünə bilmirsə, bundan istifadə edim, bu yolla nəsə oxudaq. Mənim yazdığımı oxuyub alim olacaqlar demirəm, amma ən azı yeni bir söz, bir yanaşma görəcəklər. Bu da maarifləndirmənin bir yoludur. Deyirsən “işin çox olacaq”, işim çox olsa belə bu yolda tək deyiləm, mənimlə bərabər bunun uğrunda bütün potensialını ortaya qoyan 5 faiz gənc var. 5 faiz 95 faiz-ə qarşı mücadilə aparır. Amma o 95 faiz yararsız və daha tez təsir altına düşənlərdir. Düşün ki, 1 kilo (qr) çürük alma var, bir dənə də yaşıl, sağlam, iri alma. Təbii ki, o yaşıl alma yeyiləcək, çürük alnmanın 1 kilo olması heç kimə maraqlı deyil.

İş orasındadır ki, mənim tanıdığım rayondan gəlmiş uşaqlar görməmişcə yox, sağlam şəkildə həm görünüş, həm də təfəkkür baxımdan burda yaşayanlardan daha tez və yaxşı inkişaf edirlər.

Amma mən, yupkasını boğazından yuxarı qaldırıb qoyan, saçını rəngləməkdən qızardıb süpürgəyə döndərən, gözünə quş qoyub, üzünə iki kilo kosmetika çəkib McDonaldsa toy makiyajında gedən, qaşını da 2 tük saxlayacaq qətər yolub, alnında yuxarı qaldırıb Babəkin oxuna döndərən qızlardan, ictimai nəqliyyatda çığıra-çığıra danışan, kreditə bahalı telefon götürüb “risofkalıq” edəndə ay sonunda bu pulu necə ödəyəcəyini düşünməyən, yemək yedikdən sonra hündürdən gəyirən oğlanlardan danışmıram. Onların arasında Bakıda yaşayanları da, rayondan gələni də, gedib Amerikanı, Parisi gəzib gələnləri də var.

Dostum: Uzun sözün qısası bu millətin yaralı yeri seksdir. Seks adıyla öz istədiyini oxucuya çatdırırsan, gözəl üslubdur.

- Elə bu yaxınlarda gənc yazar dostumuz Kəramət Böyükçöl deyir ki, “Hərdən düşünürəm ki, Nəsimi ilə eyni dövrdə yaşasaydıq və gözümüzün önündə o boyda şairin dərsini soysaydılar neyləyərdik? Yəqin ki, çoxları evə gələn kimi gizli imzalarla saytlara belə şərhlər yazardı: - O nə şairdi guya? Dərisini soydurub özünü reklam eləyir!”
Bunun nə demək olduğunu “yazar dostlarımız” yaxşı anlayır. Kimsə kiməsə olan şəxsi aqressiyasını yazıya rəy kimi döşəməklə orqazm keçirmiş qədər hazz alır. Yəni sən istəyir oxucuya yeni termin kəşv et yaz, bəyənən “like” edib keçəcək, amma ordan mütləq və mütləq bir Məmmədqulu çıxıb deyəcək ki, sənin bu terminində filan əmma var. (Rəy gəlsə ki, “oxucuya hörmətsizlik etdin və özünü tənqiddən sığortalayırsan” heç təəccüblənmərəm.) Qısası sən istənilən halda oxucunu, kütləvi olanı tam razı sala bilməzsən. Razılaşan da olacaq, əmma qoyan da. Amma bu “seks” sözündən istifadə məsələsi belədir ki, yazılarda o başlığın mütləq nəsə bir açıqlaması olur. Daha oxucunun gözlədiyi kimi, seksi təfərrüatı ilə anladan yazı olmasa da, estetik baxımdan bir uyğunluq mütləq olur. Vallah nə deyim, başqa çarə yox. Əgər bu xalqın maariflənməsinin yolu şirinquşdan keçirsə, istəyir o şirinquş Bakını görmək eşqi və ya seks olsun. Yazıya “seks” deyib başlayıram, “demokratiya” deyib bitirirəm.