“Oksigen”də öldürülən Günel Səfərlinin anasından dəhşətli açıqlamalar

oksigende-oldurulen-gunel-seferlinin-anasindan-dehsetli-aciqlamalar
Oxunma sayı: 12296





 Məlumatda qeyd olunurdu ki, Binəqədi rayonunda yaşayan 23 yaşlı Günel Vüqar qızı Səfərli ötən ilin noyabrında “Oksigen” klinakısının ginekologiya şöbəsində cərrahi əməliyyat olunub. Bundan sonra xəstə komaya düşüb. Təxminən 32 gün komada olan G.Səfərli həmin klinikadan çıxarılaraq Mərkəzi Neftçilər Xəstəxanasına, oradan isə Mərkəzi Klinik Xəstəxanaya aparılıb və orada dünyasını dəyişib.


 Materialı hazırlayan zaman mərhum G.Səfərlinin anası Zülfiyyə Səfərova bildirmişdi ki, qızının başına gələnlər barədə mətbuata yalnız onun 40 mərasimindən sonra məlumat verə bilər. Dərdli ana vədinə əməl edərək ötən gün redaksiyamıza zəng edib və övladının öldürülməsi ilə bağlı ətraflı danışıb .


 “Qızım müəllimə, şairə idi. Dizayner kimi də böyük arzuları vardı. Onun arzularını həkimlər ürəyində qoydu. Güneli tamah məqsədilə aldadaraq həyatına qəsd etdilər. Yazdığı 4 misralıq şeiri məzardaşına yazıldı” - deyə sözə başlayan ana övladının başına gətirilənləri olduğu kimi nağıl edib: “Günel iki ilin gəlini idi. Ana olmaq istəyirdi. UZİ həkimi Gülər İbrahimova ona “Oksigen” klinikasında işləyən İlahə Quliyevanı tərifləyərək “o səni ana edəcək, bir ilə qucağına uşaq verəcək. Özümə inandığım qədər İlahəyə inanıram” deyərək onun yanına göndərdi. Güneli müayinə edən İlahə Quliyeva isə ona uşağın ancaq əməliyyatdan sonra olacağına inandırıb. Əslində isə Günelin uşağı olmamasının səbəbi sırf gecikmə idi. Bütün orqanları sağlam olub. Əməliyyat zamanı İlahənin qızıma nə etdiyini bilmirəm. Əməliyyatdan sonra Günelin evinə gedəndə o halsız idi, qusurdu. Sonradan bildik ki, qızımı ildırım sürətli sepsis xəstəliyinə düçar ediblər. Böyrəkləri işləməyib. İlahənin “Oksigen”də işləyən əri Araz Bayramov uroloq olduğu halda qızıma köməklik etməyib. Qızımın vəziyətinin pis olduğunu görüb Mərkəzi Neftçilər Xəstəxanasına zəng edərək xırda problem olduğunu deyib və qızımı ora göndəriblər. O, bu yolla qızımın ölümündə etdiyi cinayəti boynundan atıb. Araz Bayramov da arvadı ilə birlikdə, həmçinin anistizioloq Tərlan Zeynalov da qızımın ölümündə günahkardır”.


 Günelin anası əlavə edib ki, “Oksigendə” əməliyyat zamanı qızına o qədər iynə vurulub, o qədər maye köçürülüb ki, böyrəyi “otkaz” edib: “Günel Neftçilər xəstəxanasına aparılanda artıq ölmüşdü. 33 gün qızım suni nəfəs aparatında yaşayıb. Bu müddətdə tək Qurban bayramı günü gözünü açdı və mənimlə vidalaşdı. Qızımın bütün bədəni kəsik-kəsik idi. “Oksigen”də o qədər maye köçürmüdşülər ki, böyrəkləri süzmürdü. Tərlan Zeynalov ağ ciyərlərində olan suyu çəkmək üçün 3 dəfə qara ciyərinə iynə batırıb. Daxilinə qan sızma olub. Hətta Neftçilər və Mərkəzi Klinik xəstəxanasında elə bilirdilər ki, Günel döyülüb. Tərlan da boynuna alıb ki, qara ciyərinə iynə batırıb. Günel Mərkəzi Klinik Xəstəxanada ölüm ayağında olanda, noyabrın 10-da İlahə Quliyevaya zəng etdim ki, gəl bura, Güneli nə günə qoyduğuna özün şahid ol, ancaq gəlmədi. İlahəyə üz tutub deyirəm ki, nə qədər varsam, səndən əl çəkməyəcəm. Əgər kimsə İlahədən əl çəkməyimi məndən xahiş etsə, gərək övladını mənə bağışlasın. İlahə tək Güneli öldürmədi, onun cavan yoldaşını da bədbəxt etdi. Kürəkənim də mənim kimi Günelin qara başdaşını hər gün qucaqlayır”.


 Z. Səfərova saytımız vasitəsilə birinci xanım Mehriban Əliyevaya müraciət edib: “Siz həm ailənizin, həm də elimizin anasısınız. Uşaq həkimisiniz. İlahə və onun kimi həkimlərdən bizi qurtarın. Baş Prokuror Zakir Qaralova üz tuturam. O, hər şeyə düzgün yanaşır. Zakir müəllimə yalvarıram, övladımın qanını yerdə qoymasın. Bütün analara müraciət edirəm. Övladlarınızı “Oksigendən” qoruyun. Amma hələ də həmin klinikanın reklamı gedir” .