Son günlər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olan “Pərdə” filminin rejissoru Emil Quliyevin “Qafqazinfo”ya müsahibəsi:
- Son ərsəyə gətirdiyiniz “Pərdə” filmi böyük rezonansa səbəb olub. Əvvəlcə, filmin adı ilə bağlı sual verim. Niyə “Pərdə”?
- Çox adam filmin adını başqa şeylərə yozur. Heç kəsin xətrinə dəymək istəmirəm, ancaq dayaz düşüncənin məhsuludur. O boyda filmin cəmi 1 dəqiqəsi məlum hadisədən (qızın zorlanmasından) bəhs edir. Niyə başqa ad düşünmürlər? Ümumiyyətlə, cəmiyyətimiz arasında yaranan yersiz pərdədən söhbət gedir. Sərf edən yerdə pərdə var, sərf etməyən yerdə pərdə yoxdur. Buna ata-ana-övlad arasında yaranan pərdəni də şamil edə bilərik. Düzdü, hörmət və pərdə saxlamaq başqa şeylərdir. Ancaq pərdə saxlamaq istəyirsizsə, hamıya qarşı belə addım atın. Niyə bir yox, iki üzünüz var? İkiüzlülük niyə edirsiz?
Burda gülüb-danışırsız, həmin şəxs gedəndən sonra arxasından danışırsız. Bu da ikiüzlülükdü. Filmdə ana və oğulun mübahisə səhnəsi var. Həmin səhnədə olan azyaşlı barədə yaşlı nəslin nümayəndələri irad bildirir. Deyirlər ki, həmin səhnəni niyə çıxartmamısan? Mən də cavab verirəm ki, evdə mübahisə edəndə övladınızı bayıra çıxarırsız? Guya, ata anayla mübahisə edəndə bizdən icazə alır? Təsəvvür edin ata oğula deyir ki, çıx bayıra, “mama”nı söyəcəm. Belə bir şey yoxdur. Otaqdan çıxsan da səslərini eşidəcəksən. O səhnədə nə var? Niyə göstərməyək? Ana filmdə nə edib ki? Mən bunu təbliğ etmirəm, sadəcə olaraq həyatda belə olduğu üçün səhnələşdirmişik.
Daha sonra uşaq qulaqlarını tutur, bezir. Ümumiyyətlə, belə bir şey ssenaridə yox idi. Çəkilişə gəlmişdik, elə uşağı gördük, dedik belə bir səhnə ekranlaşdıraq. Gördüm ki, hər şey əla alınır, arxadan balaca qızı itələdim ki, get qucaqla. Kadr onu tələb edirdi.
- Film aprel ayında kino mərkəzlərində yayımlanmağa başladı. Ancaq o vaxtlar heç bu qədər müzakirələrə səbəb olmamışdı.
- Yox, onda daha çox müzakirə olundu. Sizə deyim ki, təxminən iki minə yaxın insan mənə facebook-da filmlə bağlı rəy bildirib, adımı “tag” edib. Kimlər yazmayıb ki? Düşünürdüm ki, o adamlar məni tənqid edəcəklər, amma əksinə oldu, tərəfimdə durdular. Filmdən sonra iki nəfərin həyatında dəyişiklik oldu. Bir nəfər mənə yaxınlaşıb dedi ki, “Pərdə”yə baxandan sonra arvadını boşayıb. Həmin şəxs bir müddət əvvəl evlənsə də, filmi izlədikcə boşanmağa qərar verib. Digər şəxs isə mənə deməyib, sadəcə olaraq eşitmişəm ki, o da boşanıb.

- Filmin davamı var?
- Hə, “Pərdə 2” yazda çəkiləcək. Ssenarini yazmaq çox asandır. Artıq bir hissəsi hazırdır. Guya, birinci filmdə ssenari var idi? Hər şey beynimdə idi. İndi isə “Həmrəylik günü” adlı komediya janrında film çəkirik. Texniki adı belədir, yeni il komediyasıdır. 8 qəhrəmanın başına bir hadisə gəlir, vəziyyətdən çıxış yolu axtarırlar. Maraqlı film olacaq.
- Filmdə tamaşaçılara bəzi məqamlar qaranlıq qalıb. Deməli, emalatxanada Eminlə Lalənin dialoqunda müəyyən kəsintilər var. İddia olunur ki, montajda problemlər var.
- Filmin 80 faizi belə idi, kəsintilər var idi. Qara effektlər öncədən düşünülmüş bir şey idi. Məsələn, sonda Zaur Emini öldürür, qara fonda ürək döyüntüsünün dayandığı eşidilir. Amma "jump cat" sonra istifadə etməyi düşündük. Film əslində 2 saatlıq idi, müəyyən səbəblərdən qısaltdıq. Yəni, büdcə az idi. Elə səhnələr oldu ki, kəsib çıxardıq.
- Kinoteatrlardan nəsə gəlir əldə etdiz?
- Əlbəttə, ancaq böyük məbləğ olmadı. Filmin çəklişində büdə yox idi. İkinci filmə maraq var. Bir neçə şəxslər var ki, maliyyə ayıracaqlarını deyiblər. Söz veriblər, olmasa öz hesabıma çəkəcəm. İnanın ki, filmin komandasındakı əksər insanlar ödənişsiz çalışırdılar. Təkəbbürlülük kimi başa düşə bilərsiz, ancaq elə deyil. İnsanlar bilirdilər ki, mən nə çəkirəm. Texniki avadanlıqları havayı verirdilər. Montajçımız, səs rejissorumuz, rəng kolleksiyası və sair pul almadı.
- Aktyorları cəlb etməkdə çətinlik çəkmədiz?
- Aktyorları qırğın-dava, mübahisə ilə seçdim. Hətta mənə müdaxilə edirdilər, deyirdilər ki, həmin şəxsləri çəkmə, filmin batacaq. Mən bilirdim ki, rolu kim üçün yazmışam. Həmişə adi adamlarlarla çalışmışam. Ciddi layihə olduğu üçün aktyor-aktrisaları cəlb etdik. Baxın, bütün görüşlər gördüyünüz bu məkanda aparılırdı. Məndən inciyən aktyorlar da oldu. Onları seçmədiyimə görə küsüblər. Niyə seçməliyəm? Bizim kinoda belə bir tendensiya yaranıb.
Dostluq edənləri filmə çəkirlər. Dostum olduğun üçün səni hər filmə çəkməliyəm? Əgər buna görə belə reaksiya verirlərsə, dost yox, düşməndirlər. Aktyorların əksəriyyəti maliyyə götürmədi. Filmin büdcəsi nazirlikdə filmlərə ayrılan büdcənin bir faizi qədər idi. Mən özüm eyni komanda ilə işləyirəm. Ona görə də işimiz yaxşı gedir. Filmi 6 günə çəkmişik. Camaat neçə aylarla filmi ərsəyə gətirə bilmir. Çətin heç nə yoxdur. Rekord kimi bir şeydir. Qısa da çəkə bilərdik, amma təkrar kadrlar çəkməli idik. Film bir “iPhone”un qiymətinə çəkilib (gülür).
- Filmin mövzusu real həyatdan götürülüb?
- Tamamilə doğrudur, real həyatda baş verən hadisələrdir. Ayrı-ayrı insanlarla görüşdük, hər ailədən bir şey götürdük. Konkret insanlar olmasaydı, onların prototipini yarada bilməzdim. Mən aktyoru o insanlarla görüşdürürdüm, deyirdim ki, bax, sən bu olacaqsan...Aktyorlar konkret o insanlarla görüşürdü, xarakterlərinə bələd olurdular.

-Ekran işində sosial problemlər çox qabardılıb...
- “Pərdə”də banklardan kredit götürənlərə toxunmuşuq. Bundan başqa toy məsələsi qeyd edilib.
- Sizin filmdəki bənzəriniz kimdir?
- Filmdə Fuadı hesab edirəm, bir az da Zauru deyə bilərəm. Zaur və Fuad mübarizə aparırdılar, cəmiyyətlə mübarizə aparmağa çalışırdılar. Ancaq Zaur bacarmadı. Fuad isə baş götürüb getdi. Çox insan Zaurun ağlamağı ilə filmin bitdiyini düşünür. Bu səbəbdən tamaşaçılar ekran işinin natamam olduğunu deyirlər. Halbuki, fasilə verilir və film qısa olaraq davam edir.
- Filmdə zorlanma səhnəsinin çəkilişində çətinlik çəkmədiz?
-Yox, biz vulqar təqdim etmədik. O səhnə çox ağır idi, səhər 5-in yarısı çəkməli olduq. Bütün aktyorlar yorğun idi. Gecəni səhərə kimi çəkiliş etmişdik. Könül xanım (filmdə Lalə) çıxıb getmişdi, çəkilişi var idi. 7-8 saatdan sonra gəldi. Hamı əsəbi və gərgin idi. Gələn kimi bütün hirsimizi onun üstünə tökdük və o səhnə çəkildi.
- “Pərdə”yə baxanda aktyorların söyüşdən istifadə etdiklərinin şahidi oluruq...
- Mən heç bir aktyora söyüş öyrətməmişəm. Demişəm ki, hadisə anında söyüş ürəyindən gəlirsə, denən. Əgər sənin dediyin söyüş, söyüş xətrinə deməkdirsə, istifadə etmə. Ancaq ürəkdən gəlirsə, çəkinmə, de! Elə söyüşlər var ki, eşidilmir. Diqqətlə baxsaz fikir verərsiz. Film tam olaraq qalsa idi, bütün söyüşlər qalacaqdı. Söyüşləri deməsəydik, maraqsız olardı.
- Ekran işinin sonunda Lalə hamilə olduğunu bilir, onu zorlayan əmisi oğluna pəncərədən baxır. Bu səhnədə mesaj nə idi?
- Uşağın atası qızın gələcək ərinin qapısını açır. Yəni ki, gəl get. Hələ həkimlə qızın anasının dialoqu var. Anası deyir ki, tərbiyəli ailəyik. Həkimin isə vecinə deyil. O, ananın ona dediyi cümlələri əzbər bilir. Deyir - "əllərimi harda yuya bilərəm?" Əslində onların əməlləri çox pisdir. Düzgün həyat yaşayan ailələr çoxdur, ancaq bəziləri övladlarını bədbəxt edirlər. Mən də istəmirdim ki, o cütlük bədbəxt olsun.
- Sosial şəbəkə istifadəçiləri gənclərin filmdə mentalitetə məğlub olduqlarını qeyd ediblər.
- Bəlkə də, belə hesab etmək olar. Həmin məğlub olanlar baxıb nəticə çıxartsınlar. Filmim öz ali məqsədinə çatıb. İnanın ki, çox insanlar “Pərdə”yə baxıblar, deyiblər ki, qızını sevdiyi şəxsə verəcək, təki xoşbəxt olsun. Düzgün olanı budur. Bilirsiz nə qədər boşanmalar var? Hamısı azad seçimin olmamağından irəli gəlir. Ata deyir ki, mən istədiyim şəxslə evlən. Niyə mən evlənim, daha sonra boşanım? Olmaz ki, elə əvvəlcədən sevdiyim şəxslə ailə həyatı qurum? Kasıb, varlı fərq etməz. Lap əvvəl məhkum olan şəxs də ola bilər. Bəlkə, insan islah olub, əməllərindən peşman olub. Niyə bu cür addım atırlar?

- Seriallarla bağlı təkliflər olub?
-Bir nəfər serial çəkməyimi istədi. Daha sonra bu işin öhdəsindən gələ bilməyəcəyimi düşündüm. Ona görə ki, istədiyim kimi alınmayacaq. Mən təklifimi irəli sürdüm, onlar razılaşmadılar. Dedilər ki, iki kameranı qoy, tələsik çək. Dedim ki, bizimki alınmayacaq.
- “Pərdə”ni “Təhminə və Zaur”a bənzədənlər də var...
- Çox insan bənzədib. Səhv etmirəmsə kinotənqidçi Kamran Rzayev də yazmışdı. Çox adam belə düşünür. Ancaq mənim belə fikrim yoxdur. Bəlkə də, filmdə Zaur obrazının olmasından irəli gəlir. Hər kəsin şəxsi fikirləri var. Təki belə filmlər olmasın. “Təhminə və Zaur” 90-cı illərdə, bu film isə indi çəkilib. Allah eləməsin ki, 10 il sonra belə bir film çəkilsin. Biz onun üçün mübarizə aparırıq. Yenə kimsə belə bir film çəkərsə, deməli, cəmiyyət hələ də düzəlməyib. Biz əslində dövlətimizi, millətimizi sevirik.
Sadəcə olaraq cəmiyyətimizdə azlıq təşkil edən parazidlər var. Onlar da bizi belə film çəkməyə məcbur edirlər. Qız özü özbaşına qərar qəbul etmir ki? Anası məcbur edir. Qız orada qalsaydı xoşbəxt ola bilərdi. Ailəsi alınmasaydı öz seçimi olacaqdı, öz övladına elə şeylər etməyəcəkdi. Bunun üçün mübarizə aparırıq. Biz onu göstərmişik ki, müdaxilə olmasa hər şey yaxşı olacaq.

Müsahibə zamanı filmdə Fuad obrazını canlandıran aktyor Azər Aydəmir söhbətimizə qoşulur.
- Fuad filmdə maraqla qarşılanan obrazlardan biri hesab edilir. Həmin obrazla sizin fikirləriniz üst-üstə düşür?
- Sözün düzü, mən də elə düşünürəm. Bəzi sözləri özümdən demişəm. Söyləyirdim ki, ürəyim doludu, çox şeyi deməmişik. Bir filmlə ürəyimizi boşalda bilməmişik. Filmdə rol alan aktyorların əksəriyyəti çənimlə eyni fikirdədilər. Özüm Fuad kimi düşünürəm, amma qəhrəmanımdan fərqli olaraq səbrsiz insanam. Mən orada Zauru aparıb əl-qolunu bağlayardım, valideyinlərə zəng vurardım. Onlarla görüş təyin edərdim, özüm qlobal çıxış yolu tapardım. Ancaq qəhrəmanım kimi real həyatda bir çox insanlar var. Loru dilində deyirəm ki, kəsilə-kəsilə qalırıq.
- Sizin filmdəki rolunuza, söylədiyiniz fikirlərə görə müdaxilə edənlər olmadı?
- Olmayıb, ancaq ola bilər ki, şərh etməyib, susub. Və yaxud başına gəlib, özü öz zibilini açmaq istəməyib. Ancaq heç kəs hünər edib deməyib ki, siz səhvsiz. Hər bir şeyin öz mənası var. Oğula qarşı qısqanclıqda iki cür olur. 50 faiz ana, 50 faiz isə həyat yoldaşı qısqanclığıdır. Ana-ata özü bədbaxt olub, amma heç kəsin xoşbəxt olmağını istəmir. Ürəkdən yox, sadəcə içəridə xüsusi bir hiss var. Niyə belə addım atdıqlarını bilmirlər, başa düşmürlər.
Fotolar: Nuran Məmmədov

