Siqal Qəbələdə sərgi açılışında

siqal-qebelede-sergi-acilisinda
Oxunma sayı: 2036

Azərbaycan Mədəniyyət Fondunun və SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının birgə təşkilatçılığı ilə Qəbələ IV Beynəlxalq incəsənət sərgisinin açılışı olub.

“Qafqazinfo” Azərtac-a istinadən xəbər verir ki, bu il Azərbaycanda ilk dəfə keçirilmiş birinci Avropa Oyunlarına həsr edilən “İdman, gözəllik və həyat” mövzusundakı sərgidə dünyanın 19 ölkəsini - Azərbaycan, Almaniya, Belarus, Çexiya, Estoniya, Gürcüstan, Koreya, Qazaxıstan, Latviya, Meksika, Monteneqro, Özbəkistan, Pakistan, Rusiya, Slovakiya, Türkiyə, Ukrayna, Yaponiya və Yunanıstanı təmsil edən 112 rəssamın 137 əsəri nümayiş etdirilir.

Heydər Əliyev Konqres Mərkəzində təşkil olunan sərginin açılış mərasimində “Azərbaycan dövlətçiliyi və mədəniyyət” sənədli filmi nümayiş olunub. Mərasimdə çıxış edən SEBA-nın sədri Ruhəngiz Heydərova hər il keçirilən bu tədbirin böyük əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.

Tədbirdə Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyət Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın sərgi iştirakçılarına təbrik məktubunu oxuyub.

Gənclər və idman naziri Azad Rəhimov, mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov, Azərbaycan, Rusiya və SSRİ Xalq Rəssamı, akademik Tahir Salahov, Koreya Respublikasının ölkəmizdəki səfiri Kim Çanq Gyu, Dövlət Rəssamlıq Akademiyasının rektoru, Xalq Rəssamı Ömər Eldarov, Rusiya Federal Məclisi Federasiya Şurasının sədr müavini İlyas Umaxanov çıxış edərək Qəbələ Beynəlxalq incəsənət sərgisinin mədəniyyətlərarası dialoqun tərkib hissələrindən biri olduğunu vurğulayıb, bu incəsənət bayramının ənənəvi olaraq keçirilməsini arzulayıblar.

Çıxışlardan sonra sərginin açılışını bildirən rəmzi qırmızı lent kəsilib və rəsm əsərlərinə baxış keçirilib. Açılış mərasiminin iştirakçıları arasında dünya şöhrətli aktyor və rejissor Stiven Siqal da olub.

Beynəlxalq sərgi 2016-cı il yanvarın 7-dək davam edəcək.