“Turanın ikinci dəqiqədən sonra nəfəsi gəlmirdi”

turanin-ikinci-deqiqeden-sonra-nefesi-gelmirdi
Oxunma sayı: 1253

Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Rəşad Rəsullu Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Avropa çempionatından sonra jurnalistlərə müsahibə verib.

“Qafqazinfo” xəbər verir ki, o, müsahibəsində bir çox məsələlərə toxunub.

- 73 kq. çəki dərəcəsində son Avropa çempionu Danil Lavrentev ilə çətin əzəli rəqib Manuel Lombardonun olmamağı Hidayət Heydərovun işinə necə yaraya bilər?

- Mənə elə gəlir ki, Hidayət üçün əksinə, onlar olsaydı, daha yaxşı olardı. Çünki Hidayət tanıdığı rəqiblərlə daha yaxşı mübarizə aparır, nəinki yenilərlə... Çünki yeniləri tanımayanda bir az onun üçün çətin olur.

- Ötən il 5 medal olmuşdu, bu dəfə hədəf keyfiyyət, yoxsa kəmiyyətdir?

- Məncə, hər ikisi. İstənilən medalda uşaqlar necə əziyyət çəkir, görürük. Hər medal medaldır, uşaqların, məşqçilər, tibbi heyətin əziyyəti var, gecə-gündüz çalışırlar. Yaxından izləyənlər bilirlər ki, necə çalışırıq. Biz istəyərdik ki, qızıl medal olsun sonda, amma hər bir medal nəticədir. Mən onu demək istəyirəm ki, bu, komandanın dərinliyini göstərir. Bu gün biz hər 2 çəkidə medal qazandıq. Sual edirəm ki, 1 dənə qızıl medal yaxşıdır, ya 6-7 dənə bürünc medal? Bu, bir az fəlsəfi sualdır. 66 kq-da axırıncı dəfə Orxan Səfərov çempion oldu. 6 ildir yox idi. Turan Bayramov 60 kq-da çıxış edəndə medal verə bildi? Yox. Odur ki, vaxtında çəkini dəyişmək lazımdır. Əgər sən yaxşı cüdoçusansa, bacarığın da varsa, çəkinin önəmi yoxdur, əksinə, sağlamlığını fikirləşməlisən. Turanın ikinci dəqiqədən sonra nəfəsi gəlmirdi. Amma bu gün özünü çox rahat hiss edirdi.

- Üstəlik, nəzərə alaq ki, son anda heyətə daxil edilmişdi...

- Bizdə belə bir şey var. Həmişə uşaqlara deyirik ki, hazır ol. Əslində, martın axırında bildik ki, Turan gedəcək. Çünki Ruslan Paşayev Tbilisidəki təlim-məşq toplanışında zədələndi. Yəni Turan son anda bilmədi, ona görə də hər bir idmançı hazır olmalıdır.

- Bir az təşkilatçılıqdan danışaq. Dünya çempionatı Bakıda keçiriləcək. İllərdir yarışlarda iştirak edirsiniz. Bu yarışdan götürəcək bir şey varmı? Çünki biz elə bir şey görmürük burada.

- Gürcüstan Cüdo Federasiyasının əziyyətini heçə saymaq olmaz, çünki onlar “böyük dəbilqə” yarışları və indi də Avropa çempionatı təşkil ediblər. Hər bir yarışın özünün tələbləri var. Dünya çempionatını Beynəlxalq Cüdo Federasiyası, Avropa çempionatını isə Avropa Cüdo Birliyi keçirir. Onların da tələbləri tam fərqlidir. Görürsünüz ki, tərtibatına görə tam fərqli olur. Əminəm ki, dünya çempionatı keçirilsə, burada tamam ayrı ab-hava olar. Sadəcə, Avropa çempionatının tələbləri dünya çempionatının tələblərindən daha aşağıdır. Hələlik xüsusi bir şey görmürəm ki, burada götürüb tətbiq edək. Amma təşkilatçılığa görə təşəkkür etmək istəyirəm.