Ötən il iyulun 31-nə keçən gecə Xətai rayonunda piyadanın ölümünə səbəb olan yol qəzası ilə bağlı məhkəmə prosesi başa çatıb.
“Qafqazinfo” xəbər verir ki, Xətai Rayon Məhkəməsində hadisəni törətmiş 2006-cı il təvəllüdlü Yəhya Şərifzadəyə hökm oxunub.
O, Cinayət Məcəlləsinin 263.2-ci maddəsi üzrə təqsirli bilinib. Y.Şərifzadəyə cəzasını məntəqə tipli müəssisədə çəkməklə 3 il 9 ay azadlıqdan məhrumetmə cəzası təyin edilib. Onun sürücülük hüququ 1 il 6 ay müddətə məhdudlaşdırılıb. Həmçinin vəfat edən şəxsin ailəsinin mülki iddiası qismən təmin olunub.
Belə ki, təqsirləndirilən şəxs 29367.45 manat maddi, 2000 manat mənəvi, ümumilikdə dəymiş ziyana görə isə 31367,45 manatı mərhumun ailəsinə ödəyəcək.
Qeyd edək ki, hadisə gecə saat 23 radələrində metronun “Əhmədli” stansiyası yaxınlığında baş verib.
Yəhya Şərifzadə adlı şəxs “Volkswagen Passat” markalı avtomobillə metronun “Əhmədli” stansiyasından “Bakı” kinoteatrı istiqamətində Sarayevo küçəsi ilə hərəkətdə olarkən yolu keçməkdə olan 2004-cü il təvəllüdlü piyada Nurlan Qasımovu vurub.
Bu zaman idarəetmədən çıxan avtomobil yolun hərəkət hissəsinin kənarındakı səkidə dayanmış Siruz Famil oğlu Əhmədovu vurub. S.Əhmədov aldığı bədən xəsarətindən ölüb.
Faktla bağlı Xətai Rayon Polis İdarəsində cinayət işi başlanaraq araşdırma aparılıb.
Aslan Vəliyev
Son xəbərlər
Son Xəbərlər