Arvadağız kişilər...

arvadagiz-kisiler
Oxunma sayı: 1680

Azər Qismət

Gözüyaşlı halda Şəhidlər Xiyabanından Milli Məclisin qarşısına gələn qadının baxışları mənə zilləndi. Özümdən başqa kimsə yox idi. Hava isti olduğundan hamı ya iş yerlərindəki sərin otaqlarına, ya da evlərinə çəkilmişdilər. Nə lazım olduğunu ondan soruşmadım. Görünür, kiməsə oxşatmışdı. Göz yaşları qurusa da, qızartı çəkilməmişdi. Mənə baxışının səbəbi avtobus dayanacağa yaxınlaşanda bilindi. 

-Qardaş, kartım yoxdur. 20 qəpiyi alın, mənim də yerimə vurun. 

Qəpiyi halal edib qadını içəri keçirdim. Qəmli halda danışdı ki, cəbhədə həlak olan ərinin məzarını ziyarət etməyə gəlibmiş. Gözləri dərinləşmişdi. Sanki, hansısa kankan insafsızcasına qazıb dərinləşdirmişdi. O kankanın adı həyat idi. 

Az qala hər sözündən qurğuşun ağırlığında sızıltı tökülürdü. Deyirdi ki, bayırda 40 dərəcə istidir, onun evi isə soyuqdur. 

-Ər və kişi olmayan ev soyuq olur, qardaş.
Danışırdı ki, mərhum əri hər dəfə qapını açıb evə girəndə sanki mənzil işıqlanar, özü ilə bir dünya istilik gətirərdi. 

-Uşaqlarım ər qədər, kişi qədər evi isidə bilməz. Kaş, yaralanaydı, ömür boyu şikəst qalaydı...Elə təkcə varlığı, quru nəfəsi bəsim idi. 

Qadın düşüb getdi. Kişisiz evin soyuqluğunu da özü ilə apardı. 
Təkcə, 2016-cı ildə 11 mindən çox boşanma olub. Bu ölkədə sevgi qalmayıb. Sevginin imitasiyası qalıb. Bu ölkədə sevgini yaşamırlar. Sevginin parodiyasını yapırlar. Bu ölkənin sevgisi Avropadan, uzaq okeanın yaxınlığından plagiatlıq edilir. Ancaq yaponun sədaqətlə dolu sevgisindən bəhrələnmir, başdan-başa fəlsəfə ilə yoğrulan monqol ailəsinin dəyanətindən nümunə götürülmür. Efir məkanımızı dolduran kinoları copy-past edib sevgimizə rəng qatırıq. Olmayan sevgimizə. 

Bu ölkədə sevgi qol-qola girib selfi çəkməkdən, qazonlarda birgə uzanıb çəkdirdikləri fotolarla rəfiqələrə, keçmiş sevgililərə yandıq verməkdən o yana keçmir. Bu ölkədə kişilər artıq “seks maşını” rolunu oynayırlar. Uşaqlar istehsal edilib başsız buraxılır. Qadınlar uşaq yapmağa dair doqquz aylıq müqavilə imzalayırlar. Uşaq doğulana qədər  müqavilə müddəti də uzadılır. Körpələr dünyaya gələndə isə ataya dosvideyşn edilir. Uşağın atasının adının əvəzinə, babaların adları şəxsiyyət vəsiqəsinə yazılır. Oğlanlar özlərini atasının yox, anasının oğlu kimi təqdim edirlər. 
Bu ölkədə qız uşaqları atasız böyüyür. O binəvalar hardan biləcək ki, kişi işdən gələndə qarşısına çay-çörək qoyular, qapı döyüləndə kişi açar. Kişi xəstələnəndə kürəyini ovarlar, səhərə qədər başının üstündən çəkilməzlər, paltarını yuyub-ütüləyib işə tərtəmiz yola salarlar. Atasız qızlar hardan biləcəklər ki, kişi olan evdə müdafiə sipəri yaradılır, ailənin daxilində sakit ruhlu, sabaha inamla dolu huzur hökm sürür. 

Boşanmalar zəncirvari halqa ilə hərəkət edib gələcəkdə qurulan ailələri də haqlayacaq. Bunun sonu yaxşı olmayacaq. Evdə ata, kişi görməyən qızlar öz ərlərinə heç nə ilə xidmət göstərə bilməyəcəklər. Öz ərinə təəccüblə gözünü döyüb baxacaqlar. Onlara elə gələcək ki, ər göydən zənbillə düşüb, ya uçan boşqablardan atıblar. Özü də cansızdır, taxtadır, qurumuş aqacdır. Anasına, rəfiqələrinə zəng edib soruşacaq ki, “bu nə varlıqdır belə? Bununla nə etməliyəm?”. Onda 11 min boşanmış ailənin qız uşaqları da boşanacaq. 

Atasız böyüyən oğlanlar isə gələcəkdə mətbəxdən çıxmayacaqlar. Həyat yoldaşlarına necə hörmət etməyin qaydasını bilməyəcəklər. Onlar da çayxana dostlarına zəng edib soruşacaqlar ki, “bu nəmənədir?”. Çünki ataları olmadığından görüb-götürməyiblər.  Paltarlarını özləri yuyacaqlar, analarının öyrətdiyi kimi yuxudan oyananda çarpayılarını özləri qaydasına salacaqlar. Qapını arvadı açacaq, ustaya arvadı tapşırıqlar verəcək. Qadın kimi qışqırıb, qadın kimi əzilib-büzüləcək, qeyrət adlı anlayışı itirəcək, əsgərlik yaşı çatanda özünü min cür xəstəliyə qoyacaq, Vətən üçün döyüşmək lazım gələndə özlərini arxa cəbhəyə saldırıb çörək doğrayacaqlar, qazanlara makaron atıb qaynadacaqlar. Ailə də başlı-başına buraxılacaq, kablukaltı olacaqlar, həyat yoldaşı hər qışqıranda girməyə siçan deşiyi axtaracaq, işdən sonra harasa getməsi barədə icazə alacaq, üzünə tük gəlməməsi üçün brend şirkətlərə kremlər sifariş edəcəklər, kantovka adı ilə şəstlə gəzib qürrələnəcəklər.

Bu ötən il 11 mindən çox ailənin boşanmasından 25 il sonranın qəmli və faciəli təsviridir. Atasız böyüyən uşaqların mənəvi aşınmanı daha da sürətləndirib dərinləşdirməsi, yeni matriarxat dövrünün başlanması, cəmiyyətin qadınlaşması.