Avro-4 standartına keçə biləcəyikmi?

avro-4-standartina-kece-bileceyikmi
Oxunma sayı: 2695


Bu, çox gözəl ideyadır. Çünki əsas hədəf hər birimizin sağlamlığı üçün ən önəmli məsələlərdən biri olan atmosfer havasının zərərli tullantılardan qorunmasıdır. Zərərli tullantıların da başlıca mənbəyinin daxili yanma mühərrikli avtomobillər olduğu hər kəsə məlumdur. Bu baxımdan hökumətimizin bu qərarını alqışlamaq lazımdır. 

Amma məsələnin mahiyyətinə bir az dərindən baxdıqda çoxlu suallar çıxır. Axı atmosfer havasının avtomobillərin zərərli tullantılarından qorunması üçün təkcə avtomobillərin özlərinin müvafiq ekoloji standartlara uyğunluğu bəs eləmir. Bunun üçün həmin avtomobillərin yandırdığı yanacaq da eyni ekoloji standarta uyğun olmalıdır. Əgər yanacaq həmin ekoloji standarta uyğun deyilsə, avtomobilin nəinki Avro-4, hətta Avro-6 standartına uyğun olması da az əhəmiyyət daşımayacaq. Yəqin ki, bu sadə məntiqi hamı çox gözəl bilir. 

Əgər unutmamışsınızsa, Azərbaycanın daxilində istifadədə olan avtomobillərin 1 yanvar 2014-cü il tarixindən tam olaraq Avro-3 standartına keçməsi nəzərdə tutulmuşdu. Lakin məhz yanacağın bu standarta uyğun olmaması səbəbindən bunu həyata keçirmək mümkün olmadı və həmin standartın tətbiqi düz 1 il sonraya saxlanıldı. Başqa sözlə, hazırda bizim istifadə etdiyimiz avtomobil yanacağı yalnız Avro-2 standartına cavab verə bilir və bu yanacağı istehsal edənlər səmimi şəkildə etiraf edirlər ki, Avro-3 standartına uyğun avtomobil yanacağının istehsalı üçün hələ xeyli iş görülməlidir. Bəzi mütəxəssislər isə hətta iddia edirlər ki, neft emalı zavodlarımızın mövcud texniki vəziyyəti ölkəmizin daxili tələbatını ödəyəcək həcmdə Avro-3 standartına uyğun yanacağı istehsal etməyə imkan vermir.

Nə isə. Bu gün ölkəmizdə istifadə edilən yanacağın Avro-2 standartına cavab verdiyini nəzərə alsaq, belə məntiqi bir sual çıxır: aprel ayının 1-dən avtomobil idxalı üçün Avro-4 standartının qəti şəkildə tətbiqi nəyə lazımdır? Axı bu, elə bir ciddi dəyişikliyə səbəb olmayacaq. Çünki avtomobilin mühərriki, digər qurğu və avadanlıqları Avro-4 standartına uyğun olsa da, onun yanma kamerasına Avro-2 standartlı yanacaq daxil olaraq yanırsa, ixrac qazlarının tərkibinin Avro-4 standartına uyğun olacağından söhbət gedə bilməz. Əksinə, mühərriklə onun işlətdiyi yanacaq arasındakı belə uyğunsuzluq kifayət qədər ciddi və vətəndaşlar üçün əhəmiyyətli maddi itkilərə gətirib çıxaracaqdır. Təcrübəli sürücülər və avtomobil texnikasından anlayışı olanlar bilirlər ki, daxili yanma mühərrikinin ixrac qazlarının tərkibini Avro-4 və daha yuxarı ekoloji standartlara uyğunlaşdırmaq üçün mühərrikin çox incə elektron idarəetmə sistemi, qidalanma sistemi (yanacaqla təmin etmə sistemi), katalitik neytrallaşdırıcıları və s. olmalıdır. Bütün bunlar məhz müvafiq ekoloji standarta uyğun yanacaqla işləmə üçün nəzərdə tutulur. Əgər yanacaq müvafiq standarta uyğun deyilsə, birincisi, ixrac qazlarının tərkibi avtomobilin ekoloji sertifikatında göstərilən standarta uyğun olmur. İkincisi, həmin incə sistemlər yanacağın tərkibində olan lazımsız qatqılarla çirklənmə hesabına, yaxud oktan ədədinin normaya uyğun olmadığına görə yanma prosesinin düzgün getməməsi səbəbindən qısa müddətə sırıdan çıxır. Bundan sonra avtomobilin mühərriki də normal işləmir və sahibi onu təmir etdirməyə məcbur olur. Həmin təmir də kifayət qədər ciddi xərc tələb edir. Məsələn, müasir avtomobillərdə quraşdırılan elə katalitik neytrallaşdırıcılar var ki, onun qiyməti 1000 manatdan artıqdır. Sürücülərin çoxu həmin xərclərə dözməyərək öz avtomobilində həmin elektron sistemə əl gəzdirtdirir, neytrallaşdırıcıları isə ümumiyyətlə ləğv etdirir. Bundan sonra zavoddan Avro-5 standartı ilə çıxan avtomobil bəzən Avro-1 səviyyəsinə düşür.

Ərşad Hüseynov