Avropa soyunmaqdan ibarət deyil

avropa-soyunmaqdan-ibaret-deyil
Oxunma sayı: 3050

Raminə Eyvazqızı

Şəki Xan Sarayını ziyarətə gedəndə maraqlı mənzərə ortaya çıxmışdı. Məktəbli uşaqlara Sarayın (daha doğrusu, xanın “ofisi”nin- divanxanasının) işərisinə girməmiş bu maraqlı tarixi binadan danışmışdım. İlkin məlumatımdan sonra məkana daxil olduq. “Bu döşəmə laminatdır ki, bunun harası tarixi oldu, bundan hər yerdə var”,-məktəblidən ağıllı müşahidənin nəticəsi. Bəli, böyük pullar hesabına restavrasiya olunan tarixi abidənin döşəməsi hər yerdə satılan və istifadə olunan laminat idi. Tarixlə belə zarafatlaşmazlar...

Ölkədən kənara çıxan, xüsusən Avropaya gedənlər (alverə yox, gəzib-görməyə gedənlər) qayıdanda ən çox oraların tarixini qoruyub saxlayanları dilə gətirirlər. Ağızdolusu “elə bil filan əsrə getmişdik”, deyə-deyə təəccübünü bölüşürlər. Axı Avropa ora ayağını basar-basmaz soyunmaqdan ibarət deyil, Qərb soyunmağa doyub, o hər günə soyunu yaşatmaqla başlayır. Bu siyasətin master klassını keçmək üçün nə etməliyik? Bəzi idarəçilər Avropa görməsəydi anlayardıq, həmin tarixi binalarda böyük pullarla qonaq olmasaydı başa düşərdik, bəs dərd nədədir? Olmaya, bu kökü, nəsli-nəcabəti boş olanların qəsdi-qərəzidir? Tarixi binanı söküb, yerində bayquş oturmamış göydələn ucaltmaq fikrinə düşürlər.

“Sovetski”ni “yaralayanda” tək insanların taleyini deyil, orada böyük bir tarix kitabını “yandırdılar”. Bu məkanda 18-ci əsrin sonları-20-ci əsrin əvvəllərinə qədər mövcud olmuş abidələr, məscidlər tarixi şəxsiyyətlərin evləri vardı, bəzisi durur. Nazir Əbülfəs Qarayev 118 əhəmiyyətli binaya toxunulmayacağını demişdi. Amma “Kübar hamamı”, mesenat Təhməzov Qaradaşlarının (şərabçılqla məşğul olan xeyriyyəçi ailə) 3 mərtəbəli evi kimi binalar yox oldu. Tarixi məkan birinci, ikinci dərəcəli olmur. Amma ayrı-seçkilik nəticəsində ötən gün Azərbaycanın ilk kino rejissoru, aktyor Abbas Mirzə Şərifzadənin evinin sökülməsi isə bəzi tarixçilərin qəlbini qırdı.

Amma nə mədəniyyətşünası, nə də başqa “şünaslar” səsini bərkdən çıxara bilmədi. Abbas Mirzə səhnəmiz, mədəniyyətimiz üçün uğurların ilkinin müəllifi idi. 8 yaşından molla tənəsinə tuş gəlmişdi, teatra şeytan əməli kimi baxanların çevrəsini yarıb sənət yarada bilmişdi. Məgər onun evinin müzey əvəzinə dağıdılması erməninin Şuşa abidəsini yerlə yeksan etməsinə bənzəmirmi? Niyə yox edirsiz? Abbas Mirzə tək bir sənət adamı deyildi, onun istedadı qızı aktrisamız Firəngiz Şərifovaya, nəticəsi Eldar Qasımova (“Avroviziya-2011”in qalibi) keçmişdi. Bəlkə də Eldar ulu babasının tarixi evinin sökülməməsi üçün nə isə edə bilərdi....

Tarix hər gün yazır. Yaxşıları da, pisləri də. Biz bəzilərini bilərəkdən və ya qəsdlə qayçılayıb yox edirik. Məgər tarixi elə yerin altından eşələnib çıxarırlarmı? Arxeoloqlar, tədqiqatçılar torpaq altından nə isə tapanda, əlində fırça ilə ehmalca, tozunu üfürə-üfürə çıxaranda sevinir. Bəs niyə nankor insan yerüstundə bütöv olanı qoruya bilmir? Axı biz də əsrlər sonra köhnə tarix olacağıq.

Abbas Mirzəni əvvəlcə M. Müşfiq, Ə. Cavadın dostu kimi ittiham etdilər, alınmadı, sonra “İran casusu” kimi damğalayıb 1938-ci ilin noyabrında güllələdilər. Bu gün o represiya qurbanına bir gülləni də biz vurduq...
Bundan sonra onun adını daşıyan küçədən hansı üzlə keçmək olar, silin getsin...