Axsaq dananın ümidinə qalmaq

axsaq-dananin-umidine-qalmaq
Oxunma sayı: 1854

Seymur Verdizadə

Sovet quruluşu fəhlə və kəndli sinfinin çiynində bərqərar olsa da, SSRİ-yə rəhbərlik edənlər fəhlə və kəndlini adam saymırdılar. Kəndlinin təkcə dərisinin rəngi deyil, günü də qara idi. Kolxozda işləyən əmim gecə-gündüz çalışsa da, aylıq məvacibi 79 manatı ötmürdü. Kiçik bir vəzifəsi, əlində azacıq səlahiyyəti olan adamlar kəndlidən yüz dəfə yaxşı yaşayırdılar. Buna baxmayaraq, sovet kəndlisi öz xələflərindən daha bəxtəvər idi. Kəndlinin balası bir tikə çörəyə möhtac deyildi.

SSRİ-nin süqutu ilə birlikdə 70 il kənd təsərrüfatında mövcud olan sistem də dağıldı. Kəndlilərin çoxu dövlət tərəfindən onlara verilmiş pay torpaqları ilə düzgün davrana bilmədi. Quba sakini tanıyıram ki, təkcə dövlətin ayırdığı pay torpağını deyil, hətta öz həyətindəki alma ağaclarını da Bakıda yaşayan hansısa imkanlı adama satıb. Göyçayda nar, Şamaxıda üzüm, Lənkəranda limon, Zaqatalada fındıq bağları beş-altı adamın əlində cəmləşib. Vaxtında kənd camaatı arasında maarifləndirmə işi aparılmadığı üçün insanlar pay torpaqlarından düzgün istifadə edə bilmədilər.

Beş-altı il əvvəl Beyləqanda olanda bir kişidən pay torpağını niyə satdığını soruşdum. Cavabı belə oldu: “Torpağı satıb, oğluma “07” aldım”.

Dünyada ən asan iş başqasını qınamaqdı. Aydın məsələdir ki, heç də hamı “07”-də gəzmək üçün torpağını satmayıb. Bəzən ehtiyac insanları bu addımı atmağa vadar edib. Kəndlərdə iş-güc, pul qazanmaq üçün hər hansı vasitə olmadığından bəzi insanlar dövlətin onlara ayırdığı pay torpaqlarını satmaq məcburiyyətində qalıblar. Bəlkə də yazmaq yaxşı çıxmır, mən kənd rayonlarımızda Heydər Əsədovdan çox oluram. Kəndlərimiz sürətlə boşalır. Evlərin çoxunun qapısından paslı qıfıl asılıb. Bakıətrafı qəsəbələrdə gədəbəylilərin, şəkililərin, şirvanlıların ayrıca məhəllələri var. Hamı işsizlikdən şikayətlənir. Hökumət kənd rayonlarında əhalinin məşğulluğunu artırmaq üçün hər hansı təsirli proqram həyata keçirə bilmir. Belə getsə, bir neçə ildən sonra Qubanın ağ alması, Göyçayın narı Lənkəran çayı kimi ancaq xatirələrdə qalacaq.

Yayda Balakəndə köhnə tanışlarımdan birinin evində qonaq qaldım. Tanışım özünün kiçik təsərrüfatı barədə həvəslə mənə məlumat verdi. Məlum oldu ki, onun bir inəyi, axsaq bir danası, yumurtadan kəsilmiş beş-altı fərsiz toyuğu var. Dedi ki, qəndi, çayı mağazadan nisyə alıram. Ümidim bu axsaq danayadı. Payızda kəsib, borclarımı qaytaracağam.

Köhnə mərəzim baş qaldırdığı üçün ona məsləhət verməyə girişdim: “Bir yox, beş-altı dana saxla. Həyətdəki toyuq-cücənin sayını artır. Ək, biç, hərəkət elə. Torpaq deyir ki, səndən hərəkət, məndən bərəkət”.

Görünür, bu cür məsləhətləri çox eşitdiyi üçün halnı da pozmadı: “Çəkdiyimiz əziyyət yerdə qalır. Qəssab dana ətinin kiloqramını bizdən 4 manata alır. Yumurtanın birini 10, südün litrini isə 20 qəpiyə satırıq. Toyuğun birini 3 manata satanda, xoşbəxtlikdən atlıb-düşürük”.

Söhbət əsnasında o da məlum oldu ki, əksər kəndlərdə pul tədricən dövriyyədən çıxır. İnsanlar toyuq, süd, qatıq, meyvə verib, qənd, çay, düyü, vermeşel alırlar. Azərbaycan kəndləri sürətlə orta əsrlərə qayıdır. Bu vəziyyətlə barışmayanlar arvad-uşağını da götürüb, Bakıya üz tuturlar. Buna görə də mən hər səhər avtobusla işə gedəndə sağımda Qazax, solumda Şirvan ləhcəsi ilə danışan adamlar olur. Bəzən isə onları lənkəranlı, şəkili, ağdaşlı sərnişinıər əvəz edirlər. Görünür, heç kim taleyini axsaq dananın ümidinə buraxmaq istəmir...