Azercell-dən uşaqlara bayram hədiyyəsi

azercell-den-usaqlara-bayram-hediyyesi
Oxunma sayı: 643

Ölkənin bir nömrəli mobil operatoru Azercell Telekom MMC bu il də Yeni İl ərəfəsində uşaqları sevindirmək niyyətindədir. Belə ki, şirkət ötən il həyata keçirdiyi “Onlar da hədiyyə gözləyirlər...” layihəsini bu il də gerçəkləşdirəcək. Azercell-dən “Qafqazinfo”ya verilən məlumata görə, dekabrın 11-dən 19-a qədər baş tutacaq layihədə şirkət ana və ata qayğısından məhrum olmuş 300 nəfər uşağı sevindirəcək. Park Bulvar alış-veriş mərkəzinin yan girişlərində bəzənmiş şam ağacları vasitəsilə valideyn himayəsindən məhrum olan uşaqların Yeni İl arzularını həyata keçirəcək. Belə ki, üzərində uşaqlar üçün nəzərdə tutulan hədiyyələr yazılan açıqcalar hal-hazırda Park Bulvar alış-veriş mərkəzində yerləşdirilən 2 şam ağacından asılıb və bu hədiyyələr də təsadüfən seçilməyib. Şirkət əməkdaşları uşaqların hər birindən istədiyi hədiyyəni öyrənib, onları ağacların üzərindəki rəngarəng yeni il oyuncaqlarının yanında yerləşdiriblər. Həmin bu günlər ərzində hər bir kəs şam ağaclarından asılmış hədiyyələri uşaqlara hədiyyə edə bilər. Bu layihənin unikallığı ondadır ki, istənilən şəxs kiçik bir fədakarlıq edib kimsəsiz körpələri də sevindirə, övladlarının ata-anasız həmyaşıdlarının da yeni il sevincini yaşamasını təmin edə bilərlər. Azercell kimsəsiz körpələrin Yeni İl bayramını unudulmaz şənliyə çevirmək, onların bayram arzularını gerçəkləşdirmək istəyən hər kəsi bu maraqlı layihəyə qoşulmağa çağırır.

Qeyd edək ki, ötən il layihə çərçivəsində kimsəsiz uşaqlar Yeni İl bayramının sevincini yaşamış və yüzlərlə uşaq məhz özlərinin əvvəlcədən arzuladıqları hədiyyələrə sahib olmuşdular.

Nigar Məmmədli