“Azercell”in konturları saxta çıxdı

azercellin-konturlari-saxta-cixdi
Oxunma sayı: 1147

İki gündür ki, Cəlilabad rayonunda 3 manatlıq “Azercell” sim konturları saxta çıxır.
Bu barədə “Azadlıq”a məlumatı verən rayon sakinləri bildirirlər ki, onların müraciətlərinə heç kim baxmır: “Rayondakı dükanlara konturlar şəhərin mərkəzində yerləşən topdansatışdan verilir. Biz də telefon təmiri dükanından konturu almışıq. Konturu balansa yükləmək istəyəndə ”daxil etdiyiniz şifrə yanlışdır” cümləsi yazıldı".

Sakinlər telefonlarının danışıq limitini artırmaq üçün bir neçə dəfə cəhd etdiklərini, ancaq heç bir nəticə olmadığını deyirlər.
Rayon sakini Mirzə Qələndər satışda olan saxta konturlarla bağlı araşdırmalar aparıb. O, dükanlardan iki dənə 3 manatlıq kontur alıb. Boyanı pozub. Simkartda yazılan 2149017825 və 2149017826 şifrələri isə yükləyə bilməyib: “Nə ümumi yolla, nə başqa telefondan köçürməylə, nə də 1001 müştəri xidmətləri vasitəsiylə balansı artırmaq olmadı. Təxminən 10 telefonda şifrələri yoxladıq, hamısında da ”yanlışdır" sözü yazıldı. 1001-ə zəng edib Cəmil adlı operatorla əlaqə saxladıq. O, araşdırma apardıqdan sonra rayonun mərkəzində, Heydər Əliyev prospektində yerləşən “Ekspress” dükanına yaxınlaşmağı məsləhət gördü. Biz onun dediyi ünvana yollandıq. Orada bizi mehriban qarşıladılar. Dedilər ki, ərzaq dükanından aldığınız konturlara cavabdeh deyilik. Əlavə etdilər ki, onlardan alsaydıq, tədbir görərdilər".

Mirzə Qələndər bu cavabdan sonra topdansatışa yollanır. Dükan rəhbərliyi ona deyir ki, ona konturları maşınla lənkəranlılar “Axundov” firmasından gətirirlər. “Azercell”ə müraciət edin, bu cür əməliyyatla şirkət məşğul olur. Mirzə Qələndər növbəti dəfə “Azercell”in baş ofisi ilə əlaqə saxlayır. Samirə adlı operatorla danışan Mirzə Qələndərə “bu seriya saxtadır və bizə aid deyil. Haradan almısınızsa, ora qaytarın” cavabı verilir.