Bakı şəhər prokurorluğu atışma ilə bağlı xəbər yaydı

baki-seher-prokurorlugu-atisma-ile-bagli-xeber-yaydi
Oxunma sayı: 1698

“Qafqazinfo”nun məlumatına görə, xəbərdə bildirilir ki, 6 iyun 2011-ci il tarixdə saat 18 radələrində naməlum şəxslər tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Şəmsi Rəhimov küçəsi 2 saylı ünvanda yerləşən “Kral” şadlıq sarayının qarşısında ictimai qaydanın kobud surətdə pozularaq cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər edilməklə “Vinçester” tipli tüfənglə havaya bir neçə dəfə atəş açılmış, nəticədə şadlıq sarayının pəncərəsinin şüşələri sınmışdır.

Dərhal hadisə yerinə Nərimanov rayon Polis İdarəsinin istintaq-əməliyyat qrupu tərəfindən baxış keçirilməklə oradan iki ədəd giliz götürülmüş və toplanmış ilkin material üzrə həmin tarixdə Nərimanov RPİ-nin İstintaq Şöbəsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü (silah tətbiq etməklə qərəzli xuliqanlıq) maddəsi ilə cinayət işi başlanmışdır.

Aparılmış istintaq-əməliyyat tədbirləri nəticəsində müəyyən edilmişdir ki, əvvəllər məhkum olunmuşlar - Dünyamalıyev Sənan Asif oğlu, Ağalarov Cavid Zakir oğlu və Səfiyev Bəhmən Süleyman oğlu iyunun 6-da saat 17 radələrində “Neftçi” Təlim-məşq mərkəzində tələbələri ilə məşq edən Abbasov Şəhriyar Şahlar oğluna məşq prosesinin normal aparılmasına mane olmuş, sonuncu bununla bağlı iradını bildirdikdə Sənan Dünyamalıyev Şəhriyar Abbasovu “söhbət etmək üçün” “Kral” şadlıq sarayının qarşısına dəvət etmişdir.

Həmin gün saat 18 radələrində S.Dünyamalıyev, C.Ağalarov, B.Səfiyev və şəxsiyyətləri hələlik istintaqa məlum olmayan bir qrup şəxslə bir neçə avtomaşında qeyd edilən ünvana gəlmiş və həmin şəxslərlə Şəhriyar Abbasov arasında mübahisə yaranmışdır. Bu zaman S.Dünyamalıyev və C.Ağalarov gəldikləri avtomaşından sonuncunun götürdüyü “Vinçester” tipli tüfəngdən hər biri havaya bir dəfə atəş açmış və nəticədə “Kral” şadlıq sarayının pəncərəsinin şüşələri sınmışdır. Mübahisə zamanı Ş.Abbasovun tələbəsi Vəliyev Ramil Arif oğluna sağ bud nahiyyəsindən bıçaqla iki xəsarət yetirilmişdir. Bundan sonra onlar gəldikləri avtomaşınlara minərək hadisə yerindən uzaqlaşmışlar.

İstintaq zamanı çoxsaylı şahidlər dindirilmiş, müvafiq ekspertizalar təyin edilməklə digər zəruri istintaq hərəkətləri həyata keçirilmiş və toplanmış ilkin sübutlar əsasında 8 iyun 2011-ci il tarixdə S.Dünyamalıyev, C.Ağalarov və B.Səfiyevin Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmələrinə dair qərarlar qəbul edilmiş və onlar istintaqdan qaçıb gizləndikləri üçün barələrində axtarış elan olunmuşdur.

Hazırda cinayət hadisəsini törətmiş şəxslərin dairəsinin müəyyənləşdirilməsi, eyni zamanda təqsirləndirilən şəxslərin tutularaq istintaqa cəlb olunmaları üçün zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.