Başqa dinlərdə də oruc var?

basqa-dinlerde-de-oruc-var-
Oxunma sayı: 2159


Əgər bütpərəstliyə nəzər salsaq, görərik ki, heç bir bütpərəst oruc tutmur. Namaz qılır, ibadət edir, ancaq oruc tutmur. Ona görə də oruc ancaq və ancaq Allaha aiddir. Heç bir müşrik öz bütünə yaxınlaşmaq üçün oruc tutmayıb. Çünki oruc - İlahi bir əmrdir. Allah orucu Özünə aid edib. Orucun mükafatını da Özü verir.

 Yəhudilik dini

Yəhudilik dinində oruc tutmaq bir yəhudinin bədənini zəlil etməsi, incitməsi deməkdir. Yəhudi qövmünə aid olanlar öz acizliyini təzahür etmək istəyən zaman oruc tutardılar. Bu yolla günahlarını etiraf edər və orucun vasitəsilə Allahın rizasını qazanardılar. Xüsusilə də ümümi müsibət baş verən zaman oruc tutardılar. Onlar südəmər körpələri və hətta heyvanları belə ac saxlayardılar. Bundan başqa hər kəs ayrı ayrılıqda oruc tuta bilər. Məsələn, Davud (ə), İlyas (ə), Daniyal (ə) və başqa peyğəmbərlər fərdi oruc tutardılar. Misal üçün, onların dini kitabında oxuyuruq: “Davud Allahdan uşağın sağalmasını dua etdi və oruc tutdu və bütün gecəni torpağın üzərində yatdı”. Tövratda belə yazılır ki, oruc hədəf deyildir. Bəlkə insanın öz günahını etiraf etməsi üçün bir vasitədir. İnsan öz qəlbini Allah üçün təvazökar etmişdir. Rəftar və əməlində dəyişiklik edərək, həqiqi tövbə edər. Oruc tutan zaman tövbə etməmək dəyərsiz olar. Yəhudilər üç halda oruc tutardılar:

 1. Ümumi bəlanı və müsibəti dəf etmək üçün oruc tutardılar.

2. Düşmən tərəfindən bir hücum təhlükəsi olarsa, ümumi oruc tutardılar.

3. Ölülərin ruhları ilə görüşmək üçün oruc tutardılar. 

Xristian dini

Orucluq kilsa təqvimində də qeyd edilmişdir. İncildə deyilir: “O zaman ki, İsa Ruhun qüvvəti ilə İblisin onu imtahan etməsi üçün aşağı aparılan zaman 40 gecə-gündüz oruc tutmuşdu. Nəhayət ac olmuşdu”.

İncildə oruc vacib bir əməl kimi vurğulanmış və təriflənmişdir. Yəhudi dinində oruc müxtəlif cür tutulurdu. Yeməkdən çəkinmək, söz danışmaqdan çəkinmək və sair kimi olmuşdu. İsa (ə) peyğəmbərin zamanında da həvarilər oruc tutardılar və hətta bu İsanın (ə) davamçılarının xüsusiyyətinə çevrilmişdi. Bu onu göstərir ki, Həzrət İsa (ə) özü oruca xüsusi əhəmiyyət verirdi. Şagirdləri də ona baxıb bu vacibatı yerinə yetirərdilər. Xristian dinində həm oruc var və həm pəhriz. Pəhriz zamanı ancaq ətdən çəkinirdilər. Ancaq oruc zamanı ətdən çəkinməklə yanaşı, yemək vədələrini də məhdudlaşdırırdılar.

Xristian dinində Pak gün deyilən bir gün vardır. Həzrət İsanın (ə) qiyamı münasibətilə əziz tutulan bir gündür. Bu gündən əvvəlki həftə müqəddəs həftə adlandırılmışdır. Bu həftədə oruclar müəyyən edilir.

Bəziləri deyirlər ki, oruc və dua şeytani vəsvəsələrlə mübarizə vasitəsidir. Həqiqi oruc o orucdur ki, heç bir pisliyə düçar olmayasan. Xalis qəlblə özünü Allaha vəqf edirsən. Xristianlar bu fikirdədirlər ki, oruc zahiri bir iş deyildir. Bəlkə batini və mənəvidir. Onun əsl hədəfi odur ki, təvazökarlıqla Allaha yaxınlaşasan.

Xristianların oruc tutmaqda hədəfi:

 1. Bu zaman qəlb Allah hüzurunda yumşalır və təvazökar olur.

2. Xristianlar Allah hüzurunda hidayəti hiss edərlər.

3. Üsyankar nəfs zəifləyər.

4. Xristianın pərəstiş və duası güclü və təsirli olar.  /Deyerler.org/