Azərbaycanlı reperi ölümə yollayan kimlər idi?

azerbaycanli-reperi-olume-yollayan-kimler-idi
Oxunma sayı: 1671

Bir neçə il əvvəl tanınmış bir rep qrupu vardı. Elə indi də onların hitləri(“Nabran”, “Avtobaz”, “Şaxsey”,....) dillərdən düşmür. Zamanın həqiqətlərini, ağını-qarasını gücləri çatdığı qədər öz musiqiləri ilə ifadə edirdilər. Sevilirdilər də. Bir gün Klan A Plan( Ailəvi olaraq Azərbaycan naminə görülən plan, iş) qrupuna ağır itki üz verdi. Qrupun həm bəstəkarı, həm aranjimançısı, həm də solisti Rüfət (Ryder) adlı istedadlı gənci qəflətən, əbədi olaraq bu dünyayla sağollaşdı. Rüfətin qəfləti ölümü maraqlı, müasir musiqi yaratmaq və sevdirmək yolunda addımlayan qrupun yaradıcılığına da böyük zərbə vurdu. Yoldaşları bu gün də onun yoxluğuna inanmasalar da, Rüfətin konkret həkimlərin məsuliyyətsizliyi, səriştəsizliyi üzündən öldüyünü deyirlər. Qrup üzvü Azər (Boz) Rüfətin ölümündən sönra böyük sarsıntı yaşadıqlarını dilə gətirir. Mərhum reperin ailəsinin, xüsusiylə ana və atasının isə oğullarının az qala ölümünün ikinci ili olmasına baxmayaraq (17 oktyabr 2010-cu il), hələ də özlərinə gəlmədiklərini deyir. Təəssüf ki, Rüfət son saatında ailəsindən uzaq olub, yaxın dostu Sahibin qollarında canını tapşırıb. Sahib Cumayev mərhum dostunun son saatlarını danışır: “ Hər axşam gəzintiyə çıxırdıq. Rüfət zəng vurdu ki, gəl əvvəlcə studiyaya baş çəkək. O, vaxt qrupumuzun öz səsyazma studiyası var idi. Ora getdik. Rüfətin günboyu əhval ruhiyyəsi yerində idi, zarafatlarından qalmırdı, planlarından danışırdı. Studiyaya gəldik, bir az keçdi gəlib mənə dedi ki, “Sahib əlini sinəmə qoy, ürəyimə bax”. Mən heç əlimi ona yaxınlaşdırmamış, Rüfətin ürəyinin ritmsiz vurduğunu hiss etdim, elə bil qəflətən sinəsi “şişib”, sonra boşalırdı. Narahat oldum, dedim həyacanlanmısan yəqin. Dərhal onu maşınımla şəhərin növbətçi apteklərindən birinə apardım. Valerian məlhəmi aldım, elə aptekdəcə içdi. Vəziyyəti dəyişmədi. Aptekin həkimi vardı, həkim biləyə taxılan təzyiqölçən aparat gətirdi. Rüfətin təzyiqini ölçə bilmədik. Aparatın ekranındakı rəqəmlərin nizamsızlığını görən həkim “yəqin aparat işləmir” deyib, yenisini gətirdi. Bu aparatla da Rüfətin təzyiqi barədə dəqiq məlumat ala bilmədik. Aptekdəki həkim onun təcili kardioqrammasının çəkilməsini məsləhət gördü. Mən çox narahat oldum, Rüfət sakit idi, “bu gün gecdi, yaxınlarımda həkim çoxdu, sabah gedib müayinə olunaram”, dedi. Məcburən onu 1 saylı Şəhər Kliniki Xəstəxanasına( Semaşka) apardım. Növbətçi həkim Rüfəti qiyabi yoxladı, zərərli vərdişlərinin ölub-olmadığını soruşdu. Rüfət həqiqətən hər cəhətcən təmiz oğlan idi. Mən həkimə dedim ki, dostum bir neçə gündür mədəsindən ( çox vaxt ürək ağrısı mədəyə də vurur, bu vəziyyət də adamı aldadır ) şikayət edir, bu ürəyindən ola bilərmi? Həkimsə cavabında, “əşi cavan uşaqdı ( 26 yaş), heç nəyi yoxdu, düzələcək, azca həyəcanlanıb”, bildirdi.
Əvvəlcə Konül Abidova adlı həkim, ardınca kardioloq Faiq Əliyev adlı həkim Rüfəti müayinə etdi. Kardioqramması olundu. Ürəyin doyüntüsünü, ritmini əks etdirən kardioqrammanın lenti qəribə idi. Adət etdiyimiz xəttlər əvəzinə yarımçıq, arada qırıq xəttlər əks olunmuşdu. Həkim bu həyəcan siqnalı verən, ardıcıl çəkilmiş kardioqramma müayinələrinə də barmaqarası baxdı, heç nə olmamış kimi soyuq münasibətini davam etdirdi. Hətta tibb bacıları kağıza baxıb məəttəl qalmışdılar, biri diğərinə “nə qəribədi, yadındadı bir oğlanda da belə olmuşdu”, dedi. Rüfətsə, vəziyyətinin qəliz olmadığını deyirdi, “Sahib bax, ürəyim nə qəşəng musiqi ritmiylə vurur”, deyə zarafat etdi. Faiq həkim tibb bacısından xəstənin vena daxilinə iynə vurulmasını tapşırdı. Rüfətin o vəziyyətində uzanması lazım olduğu halda, ona oturaq vəziyyətdə iynə vuruldu. Bir müddət keçdi, Rüfət nisbətən yaxşılaşdı. Rüfət xəstəxanadan getmək istədi. Axı o nə biləydi ki, son dəqiqələrini yaşayır. Faiq həkim vəziyyəti yaxşı olmayan xəstəsini orada israrla saxlamaq və ona nəzarət etmək əvəzinə, “istəyirsiz qalın, ya da gedin” deməklə kifayyətləndi. Sonra da çox ucuz variantla pul istədilər. “ Biz o biri şöbənin şprislərindən, dərmanından istifadə etmişik, alıb yerinə qoymalıyıq”. Rüfətin xətrinə istədiklərini elə xəstəxananın aptekindən alıb gətirdim, amma yenə “bizə hörmət etməyəcəksən” deyiləndə pul verdim, sonra da hirsləndim: “ Məgər ilk yardım üçün istifadə olunan dərmanlar xəstəxanalara pulsuz verilmir ki?” Amma xeyiri olmadı, “hörmət” xoşlarına gəlməsə də, oranı tərk etdik. Rüfətin vəziyyəti özündən çox məni narahat edirdi, onun rahatlığı isə məni bir az sakitləşdirirdi. Ürək sıxıntısı keçsin deyə, Dənizkənarı Milli Parka gəldik. İstədim havada gəzsin. Birdən üşüdüyünü dedi, gödəkçəmi çxarıb ona verdim. Dedi, çox üşüyürəm. Maşına apardım. Dedim, vəziyyətin barədə ailəni xəbərdar edək. Ürək etmədi. Dedi, anam Şəkidə toydadı, atam da infakt keçirmiş adamdır, qoy narahat olmasınlar. Maşının arxa oturaçağında oturmuşdu, ətrafa baxırdı, arada yerinin narahat olduğundan şikayətlənirdi. Birdən səsi kəsildi. Çağırdım, səs gəlmədi. Maşını yol kənarına verib saxladım. Dəliyə dönmüşdüm. Qucağıma alanda xırıldayırdı. Düz yerə uzadıb, yaxınlıqdakı adamların köməyi ilə ona süni nəfəs verməyə çalışdım. Təcili yardım Xidmətinə zəng vurdum. Süni nəfəs verəndə özünə gəldi, amma sinəsi şişdi, nəfəsini ala bilmədi. Mərkəzdə olduğumuza baxmayaraq, Təcili Yardım Maşını isə yarım saatdan çox bir vaxtda gəlib çıxdı. Ürək problemi olan xəstə barədə məlumat verdiyim halda, həkimlər əliboş gəlmişdilər. Heç bir ürək massajı edən aparat gətirməmişdilər. Hirsləndim. Təcili Yardım həkimi Rüfəti müayinə etdi və heç nə olmamış kimi, rahatca “Allah rəhmət eləsin” dedi.
Qışqırdım, Rüfəti silkələdim. Təcili onu maşına yerləşdirib yenidən 1 saylı Şəhər Klinikasına qayıtdım. Ora çatan kimi bir az əvvəlki həkimlər “reanimasiayaya” deyib qışqırdılar. Ən təəccüblüsü isə o idi ki, orada da xəstəni ləngitdilər, xəstəxana işçiləri reanimasiya şöbəsini tanımırdılar. Ora çatanda,
həkim “bu ki ölüb, bura niyə gətirmisiz “dedi. Artıq çox çarəsiz qaldım. Xəbər tutan hamı, dostları, ailəsi şokda düşdü. İnanmasaq da, biz Rüfətimizi “həkimlərin” gözü qarşısında itirmişdik”.

Cinayət işi vicdanla aparılsaydı, həkimlər həbs olunacaqdı.

Bu ailə faciəsindən sonra yaxınları həmin həkimlər barədə şikayət ediblər. Rüfətin meyitinin yarılmasını və yekun ekspertiza rəyini tələb ediblər. Ailə üçün çətin də olsa tələb yerinə yetirilib. Heç şəffaf aparılmayan bu iş nəticəsində belə yekun rəy verilib. Rüfət xroniki işemiya xəstəliyindən əziyyət çəkirmiş, elə kəskin ürək çatışmazlığından da vəfat edib. Rüfətin anasısa üşaq həkimi olduğundan, oğlunun o yaşınadək heç bir şikayətinin olmadığını dilə gətirib. Bu minvalla ailə, yaxınları xəstəxana həkimlərindən Nəsimi rayon prokurorluğuna şikayət etiblər. Məlum olub ki, işə cavabdeh olan müstəntiq (bir müddət sonra o vicdansız özü xəstəxanaya düşüb) həkimlərdən lazımı rüşvəti alıb və işi bağlayıb.

Qrup üzvü, dost Azər(Boz) Rüfətin heç vaxt ürəyindən şikayətlənmədiyini deyir. O, bütün günü səhnədə bizimlə birğə atılıb düşürdü, ürəyinin yerini də bilmirdi. Sadəcə, qəflətən baş vermiş vəziyyətini həkimlər düzgün qiymətləndirə bilmədilər, o xəstəxanada bir saatdan çox çabalayıb, bir nəfər deməyib ki, ay bala sən ölə bilərsən. Neyləyək, “qisməti beləymiş” təsəllisinə sığınmaq məcburiyyətindəyik.

Elə Rüfətin ölüm anında yanında olan Sahib də “mən həkimlərə dəfələrlə dedim ki, “hörmət”( o vaxt “korrupsiyayla mübarizə” termini dəbdə deyildi-red. R.E)barədə fikirləşməyin, bu adamın vəziyyəti yaxşı deyil, nə isə edin. Həkim onu daha ciddi müayinə etsəydi, belə olmazdı. Sahib deyir ki, Rüfət öldükdən sonra Nəsimi rayon Polis İdarəsində vəziyyət arşdırılanda orada da, saxtakarlıqlar oldu. Könül həkimlə üzləşəndə, o xəstəxanada olmayan söhbətləri mənim boynuma qoydu. Həkimlər bir ağızdan dedilər ki, güya onlar bizi oradan çıxmağa qoymayıblar, mənsə Rüfətin adından məsuliyyəti boynuma götürmək üçün iltizamnamə yazmışam. Güya orada qeyd etmişəm ki, biz öz istəyimizlə tibb ocağını tərk etmişik. Əslində, belə bir məsələ olmamışdı.Ən maraqlı cəhət o idi ki, Rüfətə çağırdığım təcili yardım həkimi Rüfətin xəstəxanada edilmiş kardioqrammasını görəndə dəhşətə gəlmişdi. Həmin həkim “belə ağır vəziyyəti olan xəstəni də küçəyə buraxarlar?”, demişdi.

Nə olsun ki, bu qədər ortada olan dəlillərə baxmayaraq “həkimlər” lazımı cəzanı almadı. Səhiyyə Nazirliyi gözdən pərdə asmaq üçün həkimlərə töhmət verməklə, qısa müddətdən onları fəaliyyətlərindən uzaqllaşdırmaqla kifayətləndi. Əslində isə ağır cinayətə bərabər olan bu iş insaf və qanun çərçivəsində aparılsaydı, “həkim”Könül Abidova və tibb elmləri namizədi titulunu daşıyan “kardioloq” Faiq Əliyev 3 ilə qədər azadlıqdan məhrum olunaraq həbs olunardı. Həbs olunardı ki, başqa həkimlərə, bunu vurğulayaraq söyləyirəm, bir qisim həkimlərə (az maaşını bəhanə edib səhlənkar davrananlar) də dərs olsun.

Qeyd edim ki, adı çəkilən həkimlərin hazırda konkret olaraq harada işlədikləri məlum deyil. Bunu hətta keçmiş iş yerlərində də bilmirlər.

Sonda mərhum reperin xatirəsinə həsr olunmuş videonu təqdim edirik. Bu klip bütün nakam həyatdan köçmüşlərə, dostlarını itirilənlərə həsr olunsun. Allah rəhmət eləsin!

Raminə Eyvazqızı