Azərcellin rominq xidmətləri ilə bağlı xüsusi - arayışı

azercellin-rominq-xidmetleri-ile-bagli-xususi-arayisi-
Oxunma sayı: 675

“Azercell Telekom” MMC həmin yazıdan narazı qalıb və öz narazılığını böyük bir materialı hazırlayaraq sayta təqdim edib. Həmin materialı sizə təqdim edirik.


Nəzərinizə çatdırırıq ki, bütün ölkələrdə hər bir operatorun rominq xidməti üçün fərqli qiymətləri ola bilər. Adətən, bu tariflərin tərkibində müvafiq yerli vergi və rüsumlar olur. Xarici operatorların tarifləri vaxtaşırı yenilənir və xarici valyutanın məzənnəsinin dəyişməsi, həmçinin zənglərin (o cümlədən digər xidmətlərdən istifadənin) pik və ya qeyri-pik saatlarda həyata keçirilməsi tariflərə təsir edir. Son zamanlar stabil tendensiya kimi xidmət haqları, o cümlədən rominq xidməti ilə bağlı xidmət haqları sistematik olaraq tərəfimizdən azaldılır və bu haqda həm abunəçilərimizə, həm də aidiyyəti dövlət orqanlarına da məlumatlar verilir. Eyni zamanda hesablama intervalı ilə bağlı bildiririk ki, hesablama intervalı həm ölkə daxili, həm beynəlxalq təcrübədə tətbiq edilir. Bir çox Avropa ölkələrində 1 və ya 3 dəqiqəlik, eləcə də 20, 30 və ya 60 saniyə olan hesablama intervallarından istifadə olunur.

Azərbaycanda fəaliyyət göstərən mobil operatorlarda da hesablama intervalının 10 saniyə kimi, həmçinin də birinci dəqiqədə zəngin hesablanma intervalı 60 saniyə, 2-ci dəqiqədən sonra 10 saniyə təşkil edən halları da mövcuddur. “Azercell Telekom” MMC-nin təqdim etdiyi telekommunikasiya xidmətləri çərçivəsində, abunəçilərə mobil rabitədən istifadə sıxlığına görə, həmçinin abunəçilərin məmnuniyyətini, həmçinin rahatlığını təmin etmək üçün Fakturalı xətt və Fakturasız (SimSim) xətt sistemində müxtəlif tarif paketləri təklif edir. Fakturalı xətt sistemində isə ölkəmizdə və beynəlxalq təcrübədə olduğu kimi hesablama intervalı 1 saniyədən bir tətbiq olunur.

Fakturalı xətt sistemində abunəçilərin istifadəsinə verilən nömrələrlə bağlı münasibətləri tənzimləyən Abunə Müqaviləsinin şərtlərinə əsasən rominq xidmətlərinin göstərilməsi yalnız Abunəçi tərəfindən “Azercell Telekom” MMC-nin tələb etdiyi məbləğdə depozit (hazırda 150 manat məbləği həcmində) ödənildikdən sonra təmin edilir. Son ödəmə tarixinədək rominq üçün ödənilməli olan istifadə haqqı ödənilməzsə, həmin məbləğ depozitdən tutula bilər. Depozit, borc qəti olaraq müəyyənləşdirildikdən və tam ödənildikdən sonra Abunəçiyə qaytarılır. Abunəçilər nömrələrinin balanslarına kifayət qədər şəffaf formada, müxtəlif xidmətlər vasitəsi ilə nəzarət etmək imkanına malikdirlər. Bundan başqa Abunə Müqaviləsinin müddəalarına əsasən hər hansı məlumatın, məbləğin abunəçi tərəfindən anlaşılmaması, yaxud şübhə altına alınması həmin məbləğin ödənilməməsi üçün əsas deyil. Belə halda abunəçi həmin məbləği ödəyərək, sonradan müvafiq izahat üçün Müştəri Xidmətlərinə müraciət edə bilər. Abunəçilər “Azercell Telekom” MMC tərəfindən təqdim edilən xidmətlər (o cümlədən 3 G xidməti və əhatə dairəsi), hazırda qüvvədə olan tariflər, keçirilən kampaniyalar barədə ətraflı məlumatları rəsmi internet səhifəmizdən (www.azercell.com), həmçinin Müştəri Xidmətlərinə (MX ofisləri, həftənin 7 günü 24 saat ərzində fəaliyyət göstərən Telefon Mərkəzi) müraciət etməklə əldə etmək imkanına malikdirlər.

Azərbaycan Respublikasınn mülki qanunvericiliyinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Qanunvericilikdə öz əksini tapmış istisnalar nəzərə alınmaqla heç kimi müqavilə bağlamağa məcbur etməyə yol verilmir. “Azercell Telekom” MMC tərəfindən nə məqalədə adı çəkilən jurnalist, nə də hər hansı bir 3-cü şəxslər müvafiq məzmunlu Abunə müqavilələri bağlanmasına məcbur edilmir və edilməyib. “Azercell Telekom” MMC tərəfindən təqdim edilən telekommunikasiya xidmətləri çərçivəsində abunəçilərin şəxsiyyətindən, fiziki sağlamlığından, irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, mənsub olduğu ölkədən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına, digər ictimai birliklərə mənsubiyyətindən, həmçinin abunəçilərin bir-biri barədə öz mövcud rəy, mülahizə və münasibətindən, o cümlədən digər hallardan asılı olmayaraq heç bir fərq qoyulmur, hər hansı məhdudiyyət və yaxud üstün imkanlar tətbiq edilmir.

Eyni zamanda, məqalədə qeyd edilmiş “ictimaiyyətlə işləmək funksiyaların yerinə yetirilməməsi və ancaq bundan özünü reklam etmək üçün istifadə edildiyi” ittihamları qəbul etmirik. “Azercell Telekom” MMC bütün fəaliyyəti ərzində Azərbaycanda təhsil, səhiyyə, idman və s. sahələrdə inkişafa daima öz töhfəsini vermişdir və bu istiqamətdə əldə olunan nailiyyətlər barədə KİV-də mütəmadi olaraq məlumat verilir. Nəzərinizə çatdırırıq ki, “Azercell Telekom” MMC-nin fəaliyyəti, nailiyyətləri, ödədiyi vergilər, qoyulmuş sərmayə, idarəetmə və təsisçilərə dair ətraflı məlumatları rəsmi internet səhifəmizdən (www.azercell.com) əldə etmək mümkündür. Həmçinin, məqalədə qeyd edilmiş “mobil telefonlar monopoliyada olduqlarına görə, digər xidmətlərin Azərbaycana gəlməsinə imkan vermirlər” fikri ilə əlaqədar bildiririk ki, “Azercell Telekom” MMC yalnız telekommunikasiya xidmətləri göstərir və şirkət nə mobil telefonların monopoliyaya alınması, nə hansısa xidmətlərin gəlməsinə maneələr yaratmaq, nə də rominqdə yaxud ölkə daxilində oğurluq, soyğunçuluq və bu kimi digər hüquqazidd əməllərlə məşğul deyildir.

Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin şirkətimizdə mövcud olan prosedura və təlimatlara əsasən “Azercell Telekom” MMC-yə hər hansı müraciət daxil olduqda araşdırmaya ehtiyac olmadıqda dərhal, belə ehtiyac olduqda isə lazımı araşdırmalar aparıldıqdan sonra yoxlanılmış konkret məsələyə dair ətraflı izahlar, cavablar müvafiq müddət ərzində təqdim olunur. “Azercell Telekom” MMC ilə KİV arasında da çox sıx əməkdaşlıq mövcuddur. Hər hansı abunəçinin, 3-cü şəxsin və yaxud KİV vasitəsinin müraciətinə baxılmaması, vaxtında cavablanmamağı, süründürməçiliyə yol verilməsi ilə bağlı, o cümlədən nömrədən göstərilməmiş xidmətə görə məbləğ silinməsi ilə bağlı irad və qeydlər həqiqətə uyğun deyil və əgər belə hala yol verilməsi faktları mövcuddursa aidiyyəti üzrə baxılması, araşdırılaraq cavablandırılması və müvafiq tədbirlər görülməsi üçün “Azercell Telekom” MMC-yə təqdim etməyinizi xahiş edirik.