Bakıda rəzil oğurluq hadisəsi oldu

bakida-rezil-ogurluq-hadisesi-oldu
Oxunma sayı: 669

Milli.Az xəbər portalının məlumatına görə, naməlum kişi Nərimanov rayonu ərazisində, 17 yaşlı Dursun Nəbiyevaya hücum edib. Yeniyetmə qızın əlindəki çantanı almaq üçün ona zərbələr endirib. Özünü itirən D.Nəbiyeva pilləkəndə yıxılıraq başından ağır xəsarət alıb. Zərərçəkmiş huşsuz vəziyyətdə 1 saylı Şəhər Xəstəxanasına yerləşdirilib.

Nərimanov rayon Polis İdarəsindən Milli.Az xəbər portalına bildirildi ki, hadisə Heydər Əliyev prospekti, 83 saylı binada baş verib. D.Nəbiyeva bankomatdan pul çıxararaq evə gedirmiş. O, evə qalxarkən binanın 2-ci mərtəbəsində naməlum şəxsin hücumuna məruz qalıb. Həmin şəxsin zərbəsindən yıxılan qızın başı pilləkənə dəyib. İlkin ehtimala görə, naməlum şəxs D.Nəbiyevanın bankomatdan pul çıxardığını görüb və onu izləyib. D.Nəbiyevanın hansı miqdarda pulunun aparılması açıqlanmır.

Xəstəxanadan verilən məlumata görə, D.Nəbiyevanın vəziyyəti ağırdır. O, kəllə-beyin travması ilə reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı cinayət işi başlanıb. Zərərçəkmişə qarşı amansız olan şəxsin axtarışları davam etdirilir.