Daxili İşlər Nazirliyinin əməkdaşları dilənir…

<b>Daxili İşlər Nazirliyinin əməkdaşları dilənir…</b>
Oxunma sayı: 364

Artıq iki gün idi ki, radiolarda şirniyyat mahnılarını dinləməkdən ürəyim bulanırdı. Müğənnilər “Bahar xoş gəlibdir Azərbaycana” mahnısını elə oxuyurdular ki, elə bil yerdə qalan bütün bəşəriyyətə gələn Sunamidir, təkcə bizim ölkənin bəxtinə Novruz düşüb. Bizim təbiətin özünə belə yaltaqlanmağımız sünidir...

Bu düşüncələrlə təbii ki, oturub gözləmək mümkün deyildi və mən Novruzda gözlənilmədən Bakı-Kiyev qatarına bilet alıb elə həmin gün də ölkəni tərk elədim. Əvvəl kupedə tək idim. Bu qatar az qala mənə muzey əşyası təsiri bağışlamaqda idi. SSRİ dövrünün istehsalı olan qatarın vaqonlarında hələ də bir çox təlimatlar, işarələr sovet dövrünə məxsus idi və bu açığı məndə xoş bir duyğu yaratdı. Adamın bir anlıq da olsa özünü sovet dövründə hiss eləməsi mümkün idi.

Lakin qatar yola düşən kimi “pravadnik” yanıma orta yaşlı bir kişi gətirib “bir yerdə gedin ki, darıxmayasınız”-dedi. Onunla 7-8 saat danışmadım. Ümumiyyətlə, bizim vaqonda olan təxminən on nəfərin heç biri ilə ünsiyyət qurmaq istəmirdim. Danışmaqdan zəhləm gedirdi. Adamların səsindənsə qatarın taqqıltısı əsəblərimə daha yaxşı təsir bağışlayırdı. Ancaq təxminən bir sutka yol gedəndən sonra yavaş-yavaş hərə öz kupesində darıxmağa başlayıb çölə boylanmağa başladı. Bu adamların hərəsi haqqında cəmi bir-iki cümlə eşitməklə kifayətlənmək lazımdır. Artığını dinləməyə marağım yox idi. Onların haqqında eşitdiyim informasiyanın xülasəsi isə məndə dəhşətli hisslər yaratmağa başladı və mən hiss etdim ki, səfərimi mütləq yaza biləcəyəm.

Bu qatara əslində sərnişin qatarı demək düzgün olmazdı. Axtarsan bizim qatarda bir nəfər də olsun sərnişin tapmazdın. Bu daha çox yük qatarına bənzəyirdi. Dərdlə yüklənmiş qatara... Adamlar dərdlərini qatara yükləyib gedirdilər... Biri Volqaqrada, biri Astarxana, biri Kiyevə. Mənimlə bir kupedə gedən kişi ilə qısaca tanış oldum. “Zərdabdanam, ancaq Rusiya vətəndaşıyam” dedi. “1996-cı ildən Rusiyada yaşayıram. Evi sıfırdan götürüb hazır vəziyyətdə təhvil verirəm. Üç il Qarabağda döyüşmüşəm, atəşkəsdən sonra iş tapa bilmədim və başımı götürüb getdim Astarxana. Bacımın əri də şəhid oldu. Bir oğlu ilə qaldı. İndi onun oğlu əsgərlikdədir. Bacıma da yardım eləyirəm. İcra başçısı bu yaxınlarda atamı çağırıb deyib ki, onun adına məktəb verəcəyik. Rusiyada pul var, dolanmaq olur, ancaq danışmaq yoxdu. Adam elə hey fikirli gəzir...”

İlk gecə başqa heç kimlə tanış olmadım. Yerimdə uzanıb üzümü çevirdim. Rusiya vətəndaşına çevrilən bu zərdablı kişinin qısa tarixçəsi məni kövrəltdi. Öz özümə verdiyim “Qarabağ döyüşçüsü niyə Rusiya vəətndaşına çevrilməlidir” sualına elə kövrəldim ki, hətta xısın-xısın bir iki damcı göz yaşı ilə ağladım da.

Səhərə yaxın bizi yuxudan Azərbaycan gömrükçüləri oyatdı. Kupelərə girib əşyaları yüngülcə yoxladılar. Kupelərdəkilərdən kimdə narkotik, silah və başqa qadağan olunmuş bir şeyin olub-olmadığını soruşdular. Sonra qatarı çox ləngitmədən Rusiya ərazisinə yola saldılar. Dərbənddən sonra yata bilmədik. Demək olar ki, qatarın dayandığı hər kiçik stansiyada Rusiya Federasiyasının Daxili İşlər Nazirliyinin əməkdaşları qatara minib dilənməyə başladılar. Rusiyanın gömrük əməkdaşlarından tutmuş, təhlükəsizlik xidmətinə, qatarın sanitariyasına baxan xidməti əməkdaşlarına kimi demək olar ki, hamısı bizdən pul istədi. Onlar yaxınlaşıb əvvəlcə gözləri ilə sonra isə dillərini işə salaraq olduqca qeyri-peşəkar səviyyədə təxminən belə deyirdilər. “Davay, barat day 100 rubley” Onlar bizim pulla heç olmasa adama bir manatdan şirinlik verməyimizi istəyirdilər. Ancaq bunu o qədər axmaq formada adamdan istəyirdilər ki, sən onları lağa qoyub qovmaqdan belə çəkinmirdin.

Və mən də başını bizim kupeyə salıb iki nəfərə 100 rus rublı verməyimizi istəyən Rusiya Daxili İşlər Nazirliyinin əməkdaşına “Sizə ayıb olsun”-deyib üzümü çevirdim. Lakin onların bu hərəkətləri adamda həm də gülüş yaradırdı. Rus zabitləri rüşvət almağı pis təlqin edirdilər, bu onlarda alınmırdı. Bizimkilərdən fərqli olaraq adamdan rüşvət istəyən rus polisinin üzündə zəhrimar çatışmırdı. Və onlar daha çox Bakı küçələrində adamdan içki üçün pul istəyən mədəni rus dilənçiləri təsirini bağışlayırdılar. Açığı 1 manat üçün əl açan rus zabitini görmək mənə nəsə xoş təsir bağışladı. Və mən qürurlu bir görkəm alıb növbəti dəfə yerimə uzandım...

Ardı var


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi