Elxan Şükürlü - Etimad İsmayılov qarşıdurması başladı

elxan-sukurlu-etimad-ismayilov-qarsidurmasi-basladi
Oxunma sayı: 643

Etimad İsmayılov müavinlər arasındakı çəkişmənin kökündə siyasi motivlərin durmadığını deyib, eyni zamanda, Elxan Şükürlünün MTN tərəfindən hər hansı təzyiqlərə məruz qalmadığını, həbs təhlükəsinin olmadığını söyləməklə, dolayısı ilə onun haqsız olduğuna eyham vurub.

“Qafqazinfo”ya açıqlama verən Elxan Şükürlü isə Etimad İsmayılovun mətbuata bu səpkili açıqlamasından təəssüfləndiyini bildirib. O deyib ki, partiya daxilində əslində nəyin baş verdiyini Etimad hamıdan yaxşı bilir: “Etimad o partiyanın qurulmasında ən çox xidməti olan iki şəxsdən biri, hətta deyərdim ki, birincisidir. Ona görə də partiyada hansısa xoşagəlməz situasiyanın yaranmasından narahatçılıq keçirməsi başadüşüləndir. Ancaq mən düşünmürəm ki, Etimad partiya ilə bağlı hər şeyə təsir və ya nəzarət etmək imkanındadır. Çünki indiyədək onun iradəsindən kənar çox proseslər baş verib və indi də baş verməkdədir. Sadəcə, Etimad bir sıra reallıqlara obyektiv yox, ifrat təəssübkeşlik hissi ilə yanaşır ki, bu da əsl həqiqətin gizlədilməsinə aparır”.

E. Şükürlünün sözlərinə görə, o, çox istəyərdi ki, Etimad İsmayılov eyhamla yox, açıq danışsın: “Mütəllimlə yaranan mətbu mübahisəmizin kökündə sırf siyasi amil durur. Bunu başqa yerə yozmaq, yönəltmək lazım deyil. İstəyirlərsə, mən deyim”.

E. Şükürlünün dediyinə görə, o, Mütəllim Rəhimliyə ona görə sərt cavab verib ki, onun partiya adından bəyanatı müəyyən insanların münasibətlərini pozmağa yönəlib və elə birinci növbədə də Etimad İsmayılovu pis vəziyyətdə qoyub: “Etimad Bakıya gələndə onun öz istəyi ilə biz bir neçə siyasətçi, o cümlədən AXCP sədri Əli Kərimli ilə görüşmüşdük. Orada nə söhbət olub, bunda işim yox. Ancaq Əli Kərimli ilə görüşdən az müddət keçən kimi, Mütəllimin Ədalət Partiyasının adından bəyanatla çıxış etməsi və o bəyanatda da Əli bəyi “iflasa uğramış” adlandırması doğru deyildi. İndi də bu qənaətdəyəm ki, Mütəllim bu bəyanatı özbaşına verməyib, ən azı, İlyas müəllimlə razılaşdırıb. Çünki o, açıqlamasını məhz partiyanın mövqeyi kimi təqdim edib. Qoy, indi Etimad araşdırsın görək, Mütəllim bəy partiya adından bu bəyanatı niyə verib, bu, hansı zərurətdən irəli gəlib və ya onu bu işə kim təhrik edib? Çünki bunu araşdırmazsa və Mütəllim də mətbuatda buna aydınlıq gətirməzsə, növbəti dəfə Etimada heç kim etibar edib görüşməz”.

E. Şükürlü Etimad İsmayılovun MTN-in daha ciddi işlərlə məşğul olduğu, bu səbəbdən də Elxan Şükürlünün bu qurumun diqqətində olmadığı, əgər hər hansı təhlükə yaranarsa, Ədalət Partiyasının onu müdafiə edəcəyi barədə söylədiklərini də “səmimiyyətdən uzaq fikirlər” saydığını bildirib: “Çünki mənim MSK-ya buraxılmamağımda MTN-in əlinin olması fikrini müdafiə edənlərdən biri elə məhz Etimad olub. Deyib ki, onlar sənin hakimiyyətin istəyinə uyğun davranmayacağından ehtiyatlanıblar. İndi anlamıram ki, birdən-birə Etimadda MTN-ə qarşı bu inam və sevgi haradan yaranıb. Ən azı, o yaxşı bilir ki, ötən ilin martında bu qurum məni niyə 4 saat sorğu-suala çəkmişdi. Partiyamız isə bir bəyanat da vermədi ki, axı, adama da hansısa mövzuda yazı yazmağı qadağan edərlər? Digər tərəfdən, Etimad özü 3 il yarım haqsız yerə FTX-nın təcridxanasında yatdı. Yəni, yaxşı bilir ki, əsas olmaya-olmaya da adamı nahaqdan tuturlar və xüsusən Azərbaycan şəraitində heç kim qanunsuz həbsdən sığortalanmayıb. Partiyamız isə onun müdafiəsiylə bağlı heç bir piket də keçirə bilmədi. İndi hansı gücdən, hansı müdafiədən danışır, anlamıram”.