Etibar Hüseynova bəstəkar cavabı

etibar-huseynova-bestekar-cavabi
Oxunma sayı: 704



İlk baxışdan çox cəlbedici ideyadır, elə deyilmi? Doğrudan da, paytaxtımızın himni deyəsən heç yoxdur axı. Bu bir tərəfə, uzun zamandır ictimai formada ifa olunmayan melodiya niyə də yenilənməsin, yeni ifada dinləyicilərə zövq verməsin? Bu bəlkə Hacıbəyovun ruhuna doğrudan da bir ehtiram jesti olardı.

Bütün hallarda, istənilən təşəbbüs alqışlanmalıdır; ələxüsus da mütləq əksəriyyəti apolitikləşmiş, və musiqini sadəcə əyləncə növlərindən biri kimi görən məmləkət əhalisi üçün Milli Məclis üzvündən gələn musiqili təklif çox maraqlı görünə bilər.

Sovetlərdə himn

Gəlin əvvəl Hacıbəyovun 1944-cü ildə yazdığı himn barədə danışaq. Ümumiyyətlə, sizə bu tarixin özü qəribə gəlmirmi? Əgər Azərbaycanda Sovet quruluşu 1920-ci ildə qurulubsa, niyə himnimiz 1944-də yazılıb? Sadəlövhcəsinə düşünmək olar ki, ruslar bizə milli atribut vermək istəmirdilər, qorxurdular türklər özünə qayıdar-filan. Amma gerçəklik burasındadır ki, Sovet İttifaqının özünün himni 1943-cü ildə, Üzeyir Hacıbəyovun Azərbaycan SSR-ə himn yazmasından cəmi bir il öncə qəbul olunub! 1943-cü ilə qədər isə SSRİ-də himn əvəzinə məşhur “İnternasional” səslənirdi. Bunun da səbəbi SSRİ-nin özünü klassik anlamda dövlət kimi təqdim etməməsi və buna iddiası olmaması idi. Hamıya bir az da aydın olsun deyə təxmini paralel aparacağam. Xatırlayırsınızsa, bu yaxınlarda devrilmiş Muammər Qəddafi özünü Liviya prezidenti, ya da dövlət başçısı kimi deyil, “İnqilab rəhbəri” kimi təqdim edirdi. Stalinin, Kommunist Partiyasının da iddiaları təxminən belə idi, sadəcə miqyas daha geniş idi. Kommunistlərin planına görə 1917-ci il İnqilabı bütün dünyaya yayılmalı və bu inqilablar nəticəsində bəşəriyyət tam azadlığa qovuşaraq birlikdə Marksizm-Leninizm yolunda irəliləməli idi. Amma 1930-ların sonlarında aydın oldu ki, bu iş ən azından yaxın zamanlarda baş tutana oxşamır. Elə Üzeyir Hacıbəyovun məşhur felyetonunda deyildiyi kimi, fil düzəltməyin mümkünsüzlüyü aydın olan kimi dəvə düzəltməyə başlandı.

Nəhayət, 1943-cü ildə SSRİ himni təsdiq olundu. Bu himnin isə çox maraqlı tarixçəsi var. 1935-ci ildə Staxanovçularla Stalinin görüşündə sonuncu özünün məşhur “Həyat daha da yaxşılaşdı, yoldaşlar. Həyat daha da əyləncəli oldu” (Жить стало лучше, товарищи. Жить стало веселее) frazasını işlətdi. 1935-də, repressiya aparatının ən gur işlədiyi dövrdə həyatın daha da əyləncəli olması barədə deyilmiş bu sözlərə bizim reaksiyamız fərqli ola bilər. Amma o dövrdə rəhbərin dilindən bu söz çıxar-çıxmaz mahnılaşdı. Bəstəkar A.Aleksandrovla şair V.Lebedev-Kumaç bu sözləri yeni mahnılarının nəqaratı kimi istifadə etdilər. Bu yazını yazmazdan əvvəl apardığım araşdırma nəticəsində həmin mahnını tapıb dinlədim, müəlliflər sanki görkəmli şairimiz Həmid Herisçinin məşhur şeirində deyildiyi kimi nəqaratın lap yüz dəfə təkrarlanmasını istəyiblər. Sonra eyni müəlliflər eyni melodiyanı bir qədər dəyişərək “Partiya haqqında mahnı”larında istifadə etdilər. Elə SSRİ–nin 1943-cü ildə qəbul olunan məşhur və möhtəşəm himni də məhz bu mahnının xırdaca dəyişilmiş formasıdır.

SSRİ himni qəbul olunar-olunmaz müttəfiq respublikalara da oxşar göstəriş verildi. Hər respublika özünə bir himn qəbul etməli idi. Elə Üzeyir Hacıbəyovun bu himni də həmin inzibati üsulun nəticəsi kimi yazıldı.

Biz deyə bilmərik, Üzeyir Hacıbəyov hansını daha artıq sevgi və səmimiyyətlə yazıb: Azərbaycan Xalq Cümhuriyyətinin himnini, yoxsa Azərbaycan SSR-nin. Amma bir şey dəqiqdi: AZƏRBAYCAN SSR HİMNİNDƏ O DÖVRƏ UYĞUN BİR GƏRGİNLİK VAR. Hacıbəyov istənilən yaradıcı insan kimi ətrafda baş verənlərə biganə qala bilməzdi, necə yazacağından, kimləri tərənnüm edəcəyindən asılı olmayaraq, təhtəlşüurdan süzülən gərginlik musiqidə özünü ciddi şəkildə göstərir.

Hələ mən demirəm, Sovet İttifaqında yaşamış, ya da o dövrün Azərbaycanı barədə kitablardan, filmlərdən məlumatlar toplamış vətəndaşımız üçün Azərbaycan SSR himninin musiqisi nələrlə assossiyasiya oluna bilər – zəhmətkeşlərin xoş-zor cəlb olunduğu pambıq yığımları, ideoloji basqı, total riyakarlıq, repressiyalar, rəhbərlərin çıxışları, gurultulu alqışlar, ərzaqın talonla verilməsi, qıtlıq, piştaxta altından satılan “defisit” mallar, hər tərəfdə ucalan, sonra yıxılan Lenin heykəlləri, şit, reallıqdan uzaq kolxozçu romantikasının aşıb-daşdığı film və tamaşalar və s.

Azərbaycan SSR himni barədə bu qədər. İndi keçək “şəhər himni” anlayışına.

Şəhərin himni olmalıdırmı?

Cənab Hüseynovun “beynəlxalq təcrübə barədə” dediklərinin əksini isbat etməyə çalışacağam. Ölkələrdən fərqli olaraq şəhərlərin himninin olması o qədər də yayılmış standart deyil. Şəhərin himninin olması Qədim Yunanıstandakı, ya da Orta Əsrlərin parçalanmış İtaliyasındakı şəhər dövlətlərə xas anlayışdır. Dövlətin bir rəsmi himni olar, o da şükür ki, varımızdır.

Bəzi Avropa şəhərlərində qaranlıq orta əsrlərdən qalma himnlər var, amma uzaqbaşı kitabxanalarda rast gəlinəcək bu himnlər funksional deyil. Keçilən sosial təkamül nəticəsində tutaq ki, milanlılar azarkeşlik etdiyi futbol klubunun himn(lər)ini daha yaxşı tanıyır, nəinki orta əsrlərdə hansısa keşiş tərəfindən yazılan və Milan hersoqu tərəfindən qəbul olunan musiqini.

Ya da ABŞ təcrübəsindən danışaq. Məşhur amerikan müğənnisi Ray Charles (“Rey Çarlz” şəklində oxunur) ifa etdiyi dünyaca ünlü mahnılardan biri “Georgia on my mind” adlanır. Təxminən “Georgia – yaddaşımdadır”, ya da “Georgianı unutmuram” kimi tərcümə etmək olar. Bu məşhur mahnının həm də Amerikadakı Georgia ştatının himni kimi qəbul olunduğunu bilirdim. Amma elə bu yazıdan əvvəl apardığım araşdırmada məlum oldu ki, burada bir söz oyunu da varmış, çünki Georgia həm də qadın şəxs adı imiş. Elə bu əhvalatın özü nə qədər poetikdir, təsəvvür edin.

Rusiya barədə isə cənab Hüseynovla razıyam. Bu ölkənin Moskva, Yoşkar-Ola, Çeboksar, Novoçerkassk və s. şəhərlərinin rəsmi himni olması məlumdur. Bunların arasından yalnız Moskvanın himni məşhurdur. Amma bu himn nə sonradan sifarişlə yazlıb, nə də başqa mövzuda yazılaraq sonradan sözləri dəyişdirilib. Mahnı 2-ci Dünya Müharibəsinin qızğın çağında Moskva döyüşləri gedən zaman yazılıb, Moskvaya da həsr olunub. Elə belə də adlanır – “Моя Москва” (“Mənim Moskvam”). Zatən bu mahnı hamı tərəfindən sevilirdi və Sovet İttifaqı paytaxtının qeyri-rəsmi himni səviyyəsində tanınırdı. Sadəcə sonradan rəsmi status verildi, o qədər.

Bizdə də o qədər elə mahnı var ki, Emin Sabitoğlunun “Bakı, sabahın xeyir”, Tofiq Quliyevin “Bakı haqqında mahnı”ları, Vasif Adıgözəlovun “Bakı” mahnısı və s. Zatən xalq tərəfindən bu mahnılar Bakının qeyri-rəsmi himnləri kimi tanınır və sevilir.

Rusiya təcrübəsi demişkən, Rusiya Federasiyasının SSRİ himnini bərpa etməsi heç də hamı tərəfindən birmənalı qarşılanmamışdı. Musiqinin möhtəşəmliyi barədə danışanlardan başqa, bu hadisəni SSRİ-nin bərpasına doğru gedilən yolda atılmış addımlardan biri olaraq dəyərləndirənlər də var idi. Yeri gəlmişkən, bu aralar həmin mövzu yenidən gündəmə gəlib - bu dəfə “Avrasiya birliyi” təklifi şəklində.

Cənab Hüseynov təklifini bir başqa tərəfdən də əsaslandırmağa çalışır. Ondan gətirəcəyim sitatı diqqətinizə çatdırıram: “hər ay paytaxt Bakıda onlarla müxtəlif səpgili beynəlxalq cempionatlar, festivallar, simpoziumlar, tədbirlər kecirilir. Və gəlin razilaşaq ki, bu tədbirlərin format və çəkisinə görə, acılışlarda hec də həmişə Azərbaycan dövlət himninin səsləndirilməsi yerinə düşmür. Cünki dövlət himnimiz kifayət qədər sanballı və agır əsərdir. Onu hər tədbirdə səslərdirmək alınmır.”

Bildiyimiz kimi ölkədə Dövlət Himni barədə Əsasnamə mövcuddur. Orada himnin hansı hallarda ifa olunması dəqiq göstərilib. Göründüyü kimi, əlavə narahatlığa heç bir ehtiyac yoxdur. Lap tutaq ki, ehtiyac var, onda belə çıxır ki, bu tədbirlərdən hansındasa Dövlət Himni yox, “paytaxt himni” ifa olunmalıdır? Məsələn, hansı simpoziumda “paytaxt himni” çalına bilər? Mən təsəvvürümə gətirə bilmirəm. Bir də ki, simpoziumda nə himn?! Simpoziumda real, funksional elmi, mədəni nailiyyətlərlə təmsil olunmaq daha doğru olardı, nəinki, 1944-cü ildə müttəfiq respublika himni kimi yazılmış, sonradan isə sözləri çıxardılaraq “paytaxt himni”nə çevrilmiş musiqi ilə.

Yox, əgər cənab Hüseynovu narahat edən sadəcə Hacıbəyovun musiqisinin unudulma ehtimalıdırsa, bu barədə də narahat olmasına ehtiyac yoxdur. O musiqini orijinal ifada internetdə dinləmək çox rahatlıqla mümkündür. Özü də nəinki yaşlı nəsil, elə gənc nəsil də bu musiqini Azərbaycan SSR Himni kimi çox gözəl tanıyır. Bir daha qeyd edim, daxili gərginliyə malik bu musiqi əksər insanlarımız tərəfindən Sovet dövrünü andıran konkret assossiyasiyalarla müşaiyət olunur. Bu baxımdan Azərbaycan SSR himninin “paytaxt himni” şəklində təqdim olunması yersiz olardı.

Amma yenə də Milli Məclisin üzvü Etibar Hüseynova belə maraqlı təklifə görə təşəkkür etmək lazımdır. Ən azından ona görə ki, indi bizim ona bir sual vermə şansımız yaranıb:
Cənab Hüseynov, sizcə aşağıdakılardan hansılar Bakı sakinləri üçün daha əhəmiyyətlidir?

Bakı merinin şəhər əhalisi tərəfindən seçilməsi;
Bakı əhalisinin kommunal şəraitinin yaxşılaşdırılması;
Bakı şəhərinə himn seçilməsi.

Firudin ALLAHVERDİ, Bəstəkar
musavat.com