“Evli kişi ilə sevişmək...” - İkinci hissə

evli-kisi-ile-sevismek-ikinci-hisse-
Oxunma sayı: 10617

Öncələr yalnız çaxır içərdim, o da ayda, ildə bir dəfə. Viski isə 100 qramdan artıq getmirdi, kübar içkidən gələn tarakan qoxusu ürəyimi bulandırırdı. Araq isə ümumiyyətlə, mənlik deyildi, spirtli içkinin su kimi rəngsiz olması içmək həvəsimi öldürürdü.

Həə, iki il əvvəl belə idi...

İndi gecə saat 1-ə 20 dəqiqə qalıb. Elə yerdə yaşayıram ki, beşinci mərtəbədən aşağı düşüb, mağazaya gedə bilmərəm. Məhlənin qaqaşları anadan əmdiyim südü burnumdan gətirərlər. Otaqda ora-bura boylanıram. Zibil paketini eşələyib, bayaq atdığım boş araq şüşəsini ordan çıxardım. Bəlkə, zəhrimardan içində bir az qalmış ola...
Heç bir damcı da yoxdur!

Həyat mənə qarşı həmişə belə amansız olub.
Yanımda kişi var. Həmin o yazıçı sevgilim...
İçib və yatıb.

Xorultusu da bir yandan məni əsəbiləşdirir. Bilirəm ki, oyadıb, araq almağa göndərə bilməyəcəyəm. Hərdən dalaşmağa bəhanə axtarır, guya həyatındakı bütün uğursuzluqların səbəbkarı mənəm.
Hardasa bir it yanıqlı-yanıqlı ulayır.

Deyəsən, heç vaxt it-pişik haqqında fəlsəfi şeir yaza bilməyəcəyəm, Nərmin Kamalın canı üçün...

Həyat beləcə axıb gedir.
Hiss edəndə ki, səni ümumiyyətlə, adam saymırlar, bu, əsəblərini dəhşətli dərəcədə korlayır.Məsələn, mən adam yerinə qoyulmamağımdan o qədər də narahat olmuram. Çünki, məni adam saymayanları, mən heç eşşəklik mərtəbəsinə yüksəltməmişəm. Ola bilər, məndən zəhlən getsin, amma sən də hər şeyi bilmirsən, sonrakı fəsilləri oxuyandan sonra, sənin də özündən zəhlən gedəcək.

Hərdən mənə deyirlər ki, sən istedadlısan, mənsə bunu heç hiss eləməmişəm. Yəni, yazılı qeybət istedad nümunəsidir?
Bu sözü mənə adətən, o adamlar deyir ki, onların gerçəkdən, mənim istedadımdan xəbərləri yoxdur...

Gör ha, mənim cızmaqaralarım onlara istedad kimi görünür. Mənsə, tamam başqa qabiliyyətlərin yiyəsiyəm.

Bütün bunlarla yanaşı, heç kim olduğumu, bir toz, bir mənasız zərrəcik olduğumu çox yaxşı bilirəm, buna görə “adam olub, adamlara qarışmıram”, günlərlə evdən çölə çıxmıram. Tənhalığımdan asılı vəziyyətdəyəm, sanki ev dustağıyam və bu, digərləri ilə müqayisədə daha ideal vəziyyətdir. Mən axırını gözləyirəm, hər şeyin axırını, payızın, universitetin, redaktə etdiyim romanın, siyasi rejimin və s.

Ümumiyyətlə, çox axmaq vəziyyətdir, güzgüyə baxıram, ordakı səfeh isə məni günahsız olduğuma inandırır. Ev kirayəsini ödəmək üçün ikicə gün vaxtım var, iki günə iki yüz manat qazanmaq mümkünsüz. Redaktə etdiyim kitaba görə isə 70 manat qonorar alacağam.

Sevgilim, dostum, demək olar ki, ünsiyyətdə olduğum tək insan-o qəribə yazıçı maddi problemlərimin həllində həmişə əlindən gələni edib, amma maliyyə cəhətdən onun da durumu yaxşı deyil. Hakimiyyətyönlü bir qəzetdə çalışdığı üçün keçmiş dostları, müxalifətçi yazarlar onu top atəşinə tutur. “Satqın”, “xain” adlandırırlar. Lakin onun hamıya cavabı var və romantikadan başım ayılanda, nə qədər haqlı olduğunu görürəm.
Bizim münasibətlərimiz öncə sosial şəbəkədə tanışlıqdan başladı, lakin buna qədər mən onu tanıyırdım, qələminə hörmət etdiyim tanınmış bir yazıçı ilə yazışmaq- belə demək mümkünsə,mənim üçün şərəf idi.
Necə oldusa, mən onun marağını çəkməyə başladım və biz görüşdük. Biri-birimizi çox gözəl başa düşürdük, qərara gəldik ki, bizdən əla cütlük olar və birlikdə yaşamağa başladıq. Yeddi aydır ki, birlikdəyik. O ailəlidir və iki uşağı var. Arvadını sevmədən, anasının təkidilə evlənmişdi. Ondan öncə isə Moskvada ədəbiyyat təhsili almış, uzun müddət Rusiyada yaşamışdı. Azərbaycana döndüyündə, “ayağını çidarlamaq” məqsədi ilə yarıməcburi şəkildə evləndirmişdilər.

Uşaqlarını çox sevir, mən də onları çox sevirəm.
Onun 53 yaşı var, amma idmanla məşğul olduğu üçün yaşından xeyli gənc və gümrah görünür.

Çox enerjili və güclü adamdır, başına min bir müsibət gəlməyinə baxmayaraq, həmişə nikbin olmağa can atır. O, öz həyatını yazır. Tragikomediya. Həyatın gerçək üzü və yumor arxasında gizlənmiş faciələr...

Çox şeyimiz üst-üstə düşür: dünyagörüşümüz, arzularımız, hislərimiz, fikirlərimiz, hətta komplekslərimiz də.

Hiss edirəm ki, ondan ayrılmaq mənim üçün mümkünsüzdür, o da eyni hissi keçirdiyini deyir.

Tənha olduğumda, cəmiyyət-o murdar həşərat topası- əl-ayağıma nə qədər çox dolaşırdısa, indiki həyatıma daha artıq soxulur. Özünü Corc Vaşinqtondan daha ağıllı sayan, dünyadan və g...dən bixəbər qara-qura kişilərin və qısaboy, kök arvadların tənəli baxışları altında, qol-qola girib, şəhərdə gəzirik. O bəzən ciddi narahatlıq keçirir, ətrafa boylanır, evimizə çatana qədər yolda kiminsə atmacasına tuş olmamaq üçün əlindən gələni edir. Mən onu çox yaxşı başa düşsəm də, arada şitliyim tutur, birdən camaatın içində, onu qucaqlayıram, öpmək istəyirəm...

İnsanların üzündən zalımlıq, eyni zamanda da məzlumluq yağır. Bilmirsən, nifrətmi edəsən, yazığınmı gəlsin? İmkanları olsa, ikimizi də yerə basdırıb, daşqalaq edərlər. İnsanlar kinlə, acıqla, zəhərlə doludur, hamı öz bədbəxtliyinin qisasını, nisbətən xoşbəxtlərdən almaq istəyir, amma onlara bir təskinlik verəcəyəm: Narahat olmayın, bizimki, Lev Tolstoyun aforizmindəki kimi, iki bədbəxtin bir yerdə xoşbəxtliyi modelidir.
Bilirsən, dəhşətli dərəcədə əminəm ki, sənin haqqın mənim ayaqlarımın arasında deyil.

Burnunu başqalarının məlum orqanlarına soxma, inan ki, çox iyrənc görünürsən!

Bilirsənmi, sevdiyin adamla birgə olmaq, onunla hər şeyini bölüşmək, sevgi ilə yaşamaq çox gözəldir! Axı nədən, bu primitiv həyat düsturunu anlamırsan? Nə olur, başqalarının azadlığını qəsb etmə, nə olur, üzünə bir az işıq gəlsin, gözlərinə bir az şəfqət qonsun, bir az gözəlləş, bir az, kamilləş! Nə olur, insan ol!

Yalnız bunları keçəndən sonra, sənə qulaq asa bilərəm...

Davamı var

Şəlalə