“Bir oğlanın meyli kişilərədirsə, müalicə işə yaramayacaq”

bir-oglanin-meyli-kisileredirse-mualice-ise-yaramayacaq
Oxunma sayı: 8540

“Qızlarımız “oranı qoru, oturanda ayaqlarını sıx” kimi qorxularla böyüyürlər”

“Terapiya Evi”nin qurucusu, psixoterapevt, seks, ailə və cütlük terapevti Şəbnəm Sadıqovanın “Qafqazinfo”ya müsahibəsi:

- İnsanlar çox vaxt deyirlər ki, gələcəkdə uşaqlarının həmin təsirə düşməməsi üçün homofob olmaq məcburiyyətindədirlər. Mühitdən asılı olaraq insanın cinsi meyilliyi dəyişə bilərmi? 

- İnsanlar bilsə ki, homoseksualizmin ətraf mühitlə, tərbiyə ilə, hormonlarla, qidalanma ilə, hər hansısa bir xəstəliklə və s. əlaqəsi yoxdur, qorxuları azalar və homofobik davranışlarının fərqində olmağa başlayarlar. Məktəb öncəsi və ya məktəb yaşı dövründəki bir çox oğlan uşaqlarına “qız kimi danışma”, “qız oyuncaqları ilə oynama”, “qızsan, evcik-evcik oynayırsan?!”, “özünü qız kimi aparma” və s. kimi qadağalar edirik. Ancaq valideynlər bunu bir aksiom olaraq qəbul etməlidir ki, uşağı hansısa qəlibə salmaqla onun cinsi meylini dəyişdirə bilməzlər.

Bir oğlan uşağının cinsi meyli kişilərədirsə, bu bir şəkildə ortaya çıxacaq və bu meylə əngəl olmaq üçün hər hansısa müalicə və ya terapiya işə yaramayacaq. 

Cinsi meyl fərdin hansı cinsi kimliyə maraq duyması ilə əlaqədardır. Bu, anadangəlmədir, xəstəlik deyil. “Camaat nə deyər”i düşünməyəndə necə bir insana çevrilirik? Əslində necəyik? Özü olmaq və özündən olana zərər verməmək çoxmu çətindir? kimi suallara cavab tapmağımız, fərqindəlik bizi problemin həllinə sürətlə yaxınlaşdırar. İnsanın cinsi meylinin sonradan dəyişməsi mümkün deyil. Heteroseksual bir qadın həyatının hansısa bir anında kişilərə meyl etməyə başlamır, doğuşdan belədir. Hansı mühitdə olursa olsun, insanın cinsi meyli kimədirsə, ona da yönələcək. 

- Bakirəlik pərdəsi bir çox qızın həyatında bədbəxt hallara səbəb olsa da, uzun illərdir ki, toxunulmaz mövzu olaraq qalır. Toy gününə kimi hətta həkimdən belə qorunan bu pərdə qızlarda hansı psixoloji təsirlər yaradır?

- Qızlarımız daha balaca yaşlarından “oranı qoru, yuyanda ehtiyatlı ol, qaçanda ehtiyatlı ol, oturanda ayaqlarını sıx” və s. kimi göstərişlərlə qorxu ilə böyüyür. Hətta bu, elə bir qorxuya çevrilir ki, paranoyal fikirlər (birdən bakirə çıxmaram) yaranmağa başlayır və onu toy gecəsində də rahat buraxmır. Əgər qarşı tərəf məlumatsız, savadsızdırsa, bu zaman vay o qızın halına. Niyə? Belə açıqlayım: Bakirəlik zəri vaginanın girişində vaginanın selikli qişasının birləşməsindən əmələ gəlmiş törəmədir. Zərifdir, ortası dəlikdir. Üstündə incə kapilyar damarlar var. İlk cinsi birləşmədə anatomik quruluşa görə ya dartılaraq genişlənir, ya da incə kapilyar damarların çatlaması nəticəsində qanayır. Aparılan araşdırmalara görə, qadınların yarıya yaxın bir qismində ilk cinsi birləşmə zamanı qanama olmur. Bundan əlavə, hər min qadından biri qızlıq pərdəsi olmadan doğulur. Bu bəsit məlumatı nə qədər insan bilir? Nə qədər insan ilk gecə qanamadığı üçün şiddət görüb, öldürülüb?... Bax ona görə də qızlarımız düz uşaq yaşlarından bu psixi təzyiq altında böyüyürlər. 

- Bəs bu psixoloji hal sonradan vaginizm probleminə gətirib çıxara bilər?

- Qızların cinsi birləşmə, toy gecəsi ilə bağlı eşitdikləri onlarda bir qorxu yaradır. Bir çox qadın cinsi birləşmə zamanı güclü ağrı yaşayacaqlarını, içlərinin parçalanacağını, hətta öləcəyini düşünür. Bu qorxular da cinsi orqanın üçdə bir xarici hissəsindəki əzələlərin, cinsi birləşməyə imkan verməyəcək dərəcədə qısılmasına səbəb olur. Çox nadirən özlüyündən düzələnlər olur. Ancaq böyük əksəriyyətdə uzun illər düzələcəyini gözləməklərinə rəğmən hər hansısa bir irəliləyiş olmaz. Vaginizm üçün günümüzdəki ən effektiv müalicə növü cinsi terapiyadır.

“İnsan öz cinsi tələbatını özündən başqa haradan biləcək?”

- Başqa bir çox müşahidə olunan nüans isə insanların, xüsusilə də qadınların intim hisslərini gizlətməyə çalışmasıdır. Masturbasiya və seksin həyatda hansı müsbət təsirləri var? 

- Qadınları buna vadar edən əsas səbəblərdən biri, ehtirasını və ya cinsi əlaqə üçün hər hansısa bir ideyasını bildirdiyində başının kəsilməyidir. Çox güman ki, “Sən bunları haradan bilirsən?!” deyib günahlandırılacaq. İnsan öz cinsi tələbatını, nədən həzz alıb-almadığını özündən başqa haradan biləcək? Bir insanın psixoseksual inkişafında masturbasiyanın önəmi böyükdür. “Özünü tanımaq” dediyimiz anlayışa cinsi məlumatlanma da daxildir. Öz bədəninə, duyğularına hakim olan biri, partnyorunu də düzgün yönləndirə bilir və birlikdəlikdən qarşılıqlı həzz ala bilirlər. 

- Hərdən insanlar dərin bir çarəsizlik hissinə qapılırlar. Bunun da nəticələri intihar həddinə kimi gedə bilir. Belə nüanslarda insan özünə necə bir psixoloji terapiya edə bilər? Çarəsizlik hissindən qurtulmağın hansı yolları var?

- Öz həyatını sonlandırmaq, özünə xəsarət yetirmək kimi düşüncələrin ağla gəlməyi (nəinki icrası), psixoloji xəstəliyin (məs.:depressiya) xəbərçisidir. İnsanın özünü motivə etməyi, ruhlandırmağı mümkün və rahat bir məsələdir. Lakin, özünü terapiya etmək professional dəstəyi olmadan mümkün deyil. Çünki “terapiya” özlüyündə uzun illərin təhsil və təcrübəsini birləşdirən bir anlayışdır. Psixi sarsıntı ilə yanaşı, özünü terapiya etmək kimi yükün altına girmək xəstəni daha da çökdürə bilər. Terapiya dəstəyi aldıqdan sonra insanlarda fərqindəlik, problemləri həll etmək bacarıqları və s. inkişaf etdiyi üçün, daha sonralar (psixoloq olmadan da) istənilən çətin situasiyadan özləri çıxa bilirlər. Çünki içində olduqları duyğu və vəziyyətin dərk edə bilirlər. 

- Əfsuslar olsun ki, çox vaxt ailələr uşaqlarına dərs, iş, şəxsi həyat və bir çox sahələrdə psixoloji təzyiqlər edirlər. Bu da uşaqlarda bir müdətdən sonra cəmiyyətdə yararsız olmaq, lazımsızlıq hissi yaradır. Ailələr, xüsusilə də yeni qurulmuş ailələr bu səhvi etməmək üçün nələri bilməlidir və problemin necə mənfi təsirləri ola bilər?

- Əvvəla heç kəsin (başda özləri olmaqla) mükəmməl olmadığını və ola bilməyəcəyini qəbul etməkləri lazımdır. Valideynlərinin tələbləri altında əzilən uşaqlar özünə hörməti itirməyə başlayırlar. Beləliklə, bacarıqsız, tərifə layiq olmayan biri olduqlarına inanırlar. Digər tərəfdən hər həddindən artıq çox təriflənən uşaqlarda da eyni vəziyyət yaranır. Onlar da yetməməyə başlayırlar. Təəssüf ki, cəmiyyətimizdə başqasının şəxsi həyatına müdaxilə etməyin sərhədi çoxdan pozulub. Uşağın bizim övladımız olmağı, bizə onun həyatına müdaxilə edək hüququu vermir. Yeni evlilər əvvəlcə sərhədləri müəyyənləşdirərək yola başlaya bilərlər. Öz sərhədini biləcəksən ki, bunu övladına da aşılaya biləsən. Və övladına var olduğu üçün sevildiyini, sevilmək üçün bir şey etmək məcburiyyətində olmadığını göstərməlisən. 

- Evlilik əsnasına kimi oğlanların xeyli sayda qızla görüşüb, seçim etmək şansı olduğu halda, qızlarımız sonradan yaranacaq qınaqlara görə çox vaxt tanımadıqları şəxslərlə ailə həyatı qururlar. Bunun da nəticəsi sonradan ailədəki çoxlu anlaşılmazlıqlar olur. Psixoloji cəhətdən güclü bir ailə qurmaq üçün nələri bilmək və etmək lazımdır?

- Bəli, təəssüf ki, ictimai qınaq və tabular bir çox gənc qızlarımızın bədbəxt evlilik qurmaqlarına səbəb olur. Dünyaya gətirəcəkləri uşaqlar da hələ doğulmadan bədbəxt olurlar. Birini tanımaq üçün onunla ünsiyyət qurmaq; fikir alış-verişi etmək; yol yerimək; yeriyərkən digər insanlara, itə, pişiyə, quşa necə davrandığını müşahidə etmək; necə yeyib-içdiyini izləmək; onu necə dinlədiyini görmək və s. lazımdır. Valideynlər uşaq yaşlarında “sonra səni alan olmayacaq, tanımadığın adamlarla danışma, yol getmə!”- deyə təlimatlandırdıqları övladlarını, inadla tanımadıqları biri ilə evləndirirlər. “Ər evi, gor evi” deyib başına nə gəlirsə gəlsin, oraya məhkum olmağı aşılayırlar. Psixoloji cəhətdən sağlam bir ailə olmaq üçün, sağlam münasibətlər qurmaq, düzgün tərbiyə yollarını bilmək önəmlidir. 

- Çox insan etiraf etməyə çəkinsə də, 40-50 yaşından sonra depressiya əlamətləri yaranmağa başlayır. Ömrün ikinci yarısında həyatı daha gözəl və maraqlı etmək üçün hansı psixoloji dəstəklər şərtdir?

- Doğrudur, bu, daha çox təqaüd yaşına çatdıqda da özünü göstərə bilir. İş həyatına öyrəşmiş birinin, tamamilə boşluğa düşməyi onun üçün “həyatın sonudur” anlamını daşıyır. Bu sualınız mənə İranın Şiraz şəhərinə səyahətimi xatırlatdı. Orada söhbət etdiyimiz 52 yaşında bir cənab hal-hazırda fərqli sahədə magistratura təhsili aldığını demişdi. Buna niyə ehtiyac duyduğunu soruşduğumuzda: “İranda ediləcək çox da rəngarəng fəaliyyətlər yoxdur, biz də oxumağı özümüzə hobbi seçmişik” - dedi. Düzdür, bu tərz hobbini ölkəmizdə çox insan reallaşdıra bilməz. İqtisadi vəziyyətin çətinliyi, kapitalizmin qəddarlığı ucbatından insanlarımız çox gənc yaşlarda öyrənmə bacarıqlarını inkişaf etdirmək yerinə, ev keçindirmək üçün çapalayırlar. Lakin insanın sosial çevrəsinin olmağı, ünsiyyət içində olacağı insanlarla əhatə olunmağı, ölkədaxili kiçik səyahətlər etməyi, nələrdən zövq ala biləcəyini sorğulamağı onu həyatda daha canlı tuta bilər. Hər zaman məşğul olacaq bir fəaliyyət vardır. Fiziki durumumuz hər necə olursa olsun. Unutmayaq, tənbəllik və passivlik depressiyanın dostudur. 

Günel Hacı