Korrupsiyada adı hallandırılan baş direktor danışdı

korrupsiyada-adi-hallandirilan-bas-direktor-danisdi
Oxunma sayı: 696

Bu gün isə “Qafqazinfo”ya məlumat daxil olub ki, Arif Əliyevin işindən azad edilməsi xəbəri yalandır və baş direktor heç kim tərəfindən vəzifəsindən azad edilməyib.

“İcraçı Kredit Agentliyi” MMC-nin İnsan resursları üzrə mütəxəssisi Fatma Abbasova “Qafqazinfo” ilə əlaqə saxlayaraq məsələnin təfərrüatlarını açıqlayıb. Bildirib ki, A. Əliyev 2010-cu ilin iyul ayından Agentliyiə rəhbər gələndən çatışmazlıqlara, sui istifadəyə qarşı mübarizə apardığı üçün bəzi insanların maraqlarına qarşı oldu və nəticədə narazılıqlar yarandı: “Əsasən də AKİA Kredit Təşkilatının İdarə heyətinin sabiq sədri Elçin Bağırov tərəfindən. Əslində onun özü oktyabrın 4-də Təşkilatın ümumi yığıncağında yekdil səslə İdarə heyəti sədrliyindən azad olunub. Lakin möhürü verməkdən imtina etdiyi üçün Nəsimi Polisinə haqqında şikayət daxil olub. A. Əliyevin guya işdən azad edilməsi məsələsi də belə olub ki, E. Bağırov bu ilin avqust ayında təkbaşına əmr verərək Arif Əliyevi işdən azad edib. Dünən isə yaxın qohumlarından ibarət işçiləri ilə növbəti toplantı keçirib yenidən A. Əliyevin vəzifəsindən azad edilməsilə bağlı əmr verib. Toplantıda təxminən 20-24 nəfər iştirak edib. İttifaqın isə 78 üzvü var və onlardan ən azı 39-u bu iclasda iştirak etməli idi”.

F. Abbasova deyib ki, E. Bağırov bununla bəs etməyərək Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə A. Əliyev barədə şikayət məktubları göndərib: “Əgər onun əlində faktı olsaydı o faktan çoxdan istifadə etmiş olardı. Bu üç ay müddətində kiçik bir korrupsiya faktı aşkarlansaydı Arif müəllim barədə tədbir görülərdi. Demək ki, hamısı əsassızdır, şər, böhtandır. Odur ki, E. Bağırov barədə A. Əliyevin şərəf və ləyaqətinə zərərə görə, Məhkəməyə müraciət edəcəyik” .


“İcraçı Kredit Agentliyi” MMC-nin baş direktoru Arif Əliyev özü də haqqında yayılan məlumatlarla bağlı “Qafqazinfo”ya açıqlama göndərib. A.Əliyev Azərbaycan Kredit İttifaqları Assosiasiyasının (AKİA) onun fəaliyyətində korrupsiya hallarına yollarına yol verdiyinə görə işdən azad olunması ilə bağlı yaydığı məlumatın həqiqətəuyğun olmadığını söyləyib. “Təxminən 15 aydan çoxdur ki, AKİA-nın İdarə Heyətinin sabiq sədri Elçin Bağırov tərəfindən mənə qarşı qərəzli mövqe nümayiş olunur. Bu müddət ərzində E. Bağırov iki dəfə qanunsuz əmr verərək məni işdən uzaqlaşdırıb. Halbuki rəhbərlik etdiyim təşkilatın nizamnaməsində mənim işə təyin edilməyim və azad olunmağım E. Bağrovun təkbaşına verdiyi əmrlə təsdiq olunmur. Bu iş birbaşa AKİA-nın ümumi yığıncağının qərarı ilə həyata keçirilməlidir” - deyə A. Əliyev qeyd edib.

Onun sözlərinə görə, AKİA 2005-ci ildə etibarən Azərbaycan hökuməti ilə Beynəlxalq İnkişaf Assosiasiyası (Dünya Bankı) arasında imzalanmış kredit razılaşmasına əsasən, Kənd Yerlərinin Maliyyələşdirilməsi komponentinin icrası məqsədilə Azərbaycan Maliyyə Nazirliyi və adı çəkilən layihənin şərtlərinə uyğun olaraq seçilmiş «G&G Consulting» şirkətinin təsisçiliyi ilə Agent və Birgə Maliyyələşdirmə sazişinə əsasən yaradılan «İcraçı Kredit Agentliyi» MMC-in təsisçisi olub və adı çəkilən layihənin icraçı tərəfdaşlarından birinə çevrilib: “Ötən dövr ərzində layihənin icrasında AKİA müəyyən nailiyyətlər əldə edib. Ancaq son dövrlərdə AKİA-nın rəhbərliyinin qeyri-adekvat addımları, idarəçilikdə yol verdiyi nöqsanlar, saziş tərəfdaşları olan dövlət orqanlarının haqlı narazılığına səbəb olub və «İcraçı Kredit Agentliyi» tərəfindən verilən kreditlərin qaytarılmasını dəfələrlə ağır risk altına qoyub. Bu da öz növbəsində hökumət zəmanətli kredit vəsaitinin qaytarılmasına, hökumətin Dünya Bankı qarşısında öhdəliyinin vaxtında yerinə yetirilməsinə ciddi əngəl törədir. AKİA-nın fəaliyyətində adi hala çevrilmiş bir çox nöqsanların aradan qaldırılması, eyni zamanda idarəetmədəki qeyri-normal münasibətlərə aydınlıq gətirilməsi üçün bütün üzvlərə növbədənkənar ümumi yığıncağın keçirilməsi üçün məktub ünvanlanıb”.

A.Əliyev deyib ki, hazırda AKİA-nın İdarə Heyətinin sədri vəzifəsini E.Bağırov bu vəzifəni icra etmir: “Bu ilin oktyabr ayının 4-də AKİA üzvü olan 78 kredit ittifaqından 43-nün təşəbbüsü ilə nizamnaməyə və «Qeyri-hökumət təşkilatları haqqında» qanunun tələblərinə uyğun olaraq AKİA-nın üzvlərinin növbədənkənar ümumi yığıncağı keçirilib. Ümumi yığıncaqda 78 üzvdən 51-nin iştirakı təsdiq olunmaqla təşkilatın fəaliyyəti ilə bağlı AKİA-nın İdarə Heyətinin fəaliyyəti qeyri-qənaətbəxş hesab edilərək tamamilə buraxılıb və İdarə Heyətinin yeni üzvləri, o cümlədən Ayaz Muxtar oğlu Quliyev İdarə Heyətinin yeni sədri seçilib. Ancaq ümumi yığıncağın protokolu rəsmi qaydada AKİA-nın İdarə Heyətinin sabiq sədri E.Bağırova təqdim edilsə də və bu barədə dəfələrlə müraciət olunsa da, E.Bağırov AKİA-yaya məxsus möhürü, ştampı və digər hüquqi sənədləri təhvil verməkdən imtina edib. Bu da öz növbəsində qurumun fəaliyyətini pozur. Artıq sabiq sədrin özbaşınalığı barədə müvafiq dövlət orqanlarına müraciətlər də olunub. Maraqlıdır ki, E.Bağırov etdiyi qanunsuz işlərlə bağlı məsələləri ümumi yığıncağa çıxarmağa maraqlı deyil, fəaliyyətində çoxlu hüquqi və maliyyə pozuntuları var, təkbaşına bu formada qərarlar qəbul edir. Məhz buna görə də bütün bu məsələlərin ümumi yığıncağın gündəliyinə çıxarılmasında maraqlı deyil. Mən «İcraçı Kredit Agentliyi» MMC-yə sədr təyin olunandan sonra ortaya bir neçə fakt çıxıb. AKİA-nın sabiq sədri E.Bağırov təsisçisi olduğu «İcraçı Kredit Agentliyi» MMC-nin imkanlarından qeyri-qanuni şəkildə yararlanıb. Bir sıra sui-istifadə hallarına yol verib, məsələn, faktlar göstərir ki, sabiq sədr maliyyə mənbəyi yaranmadığı halda bu təşkilatdan artıq həcmdə vəsait götürüb. Halbuki təsisçi olmasına baxmayaraq, mövcud müqavilədə olan öhdəliklərə görə bu kimi hallar yolverilməzdir”.

Qeyd edək ki, bu gün AKİA-nın yeni rəhbərliyinin ilk ümumi yığıncağı keçiriləcək.

Nigar Məmmədli