Naxçıvandan rəsmi açıqlama gəldi

naxcivandan-resmi-aciqlama-geldi-
Oxunma sayı: 663

Naxçıvan Muxtar Respublikası Prokurorluğu Babək rayonunun Nehrəm kənd sakini Bağırzadə Zeynalabdin Bağır oğlu barədə açıqlama yayıb. “Qafqazinfo”nun məlumatına görə, açıqlamada Zeynalabdin Bağırzadənin Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin İstintaq Təcridxanasında təzyiqə məruz qalması və bununla əlaqədar səhhətinin ağırlaşması barədə yayılan məlumatların qərəzli olduğu bildirilib: “Son günlər bəzi kütləvi informasiya vasitələrində Naxçıvan Muxtar Respublikası Babək rayonunun Nehrəm kənd sakini Bağırzadə Zeynalabdin Bağır oğlunun Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin İstintaq Təcridxanasında təzyiqə məruz qalması, bununla əlaqədar səhhətinin ağırlaşması barədə qərəzli və həqiqətə uyğun olmayan məlumatlar yayılıb. Bununla da ictimaiyyətdə onun barəsində qanuni olaraq aparılmış istintaq hərəkətlərinin, guya siyasi xarakterli olması barədə şayiələrin yayılmasına cəhd göstərilib. Reallıqda isə Bağırzadə Zeynalabdin Bağır oğluna 2011-ci il dekabrın 26-da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 310-cu (Vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə), 320.2-ci (Bilə-bilə saxta sənədlərdən istifadə etmə) və 178.3.2-ci (Dələduzluq) maddələri ilə ittiham elan olunub, Naxçıvan Muxtar Respublikası Prokurorluğunun vəsatəti ilə həmin tarixdə Naxçıvan Şəhər Məhkəməsi tərəfindən onun barəsində həbs qətimkan tədbiri seçilib. Hazırda Zeynalabdin Bağırzadə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin İstintaq Təcridxanasında saxlanılır”.

Naxçıvan Muxtar Respublikası Prokurorluğunun mətbuat üçün yaydığı açıqlamada Zeynalabdin Bağırzadə barədə aparılan istintaq tədbirlərinin nəticəsi də öz əksini tapıb. Bildirilib ki, Babək rayonunun Nehrəm kənd sakini Bağırzadə Zeynalabdin Bağır oğlu saxta sənədlərdən istifadə edərək “Çernobıl əlili” statusu əldə edib: “Zeynalabdin Bağırzadə 1993-cü ildə özünə məxsus olan HZ № 4028514 saylı hərbi biletini Babək Rayon Hərbi Komissarlığının qeydiyyat bölməsinin əməkdaşına verərək özünü vəzifəli şəxs kimi təqdim edib və Çernobıl Atom Elektrik Stansiyasında baş vermiş qəzanın nəticələrinin aradan qaldırılması işlərində iştirak etməsi barədə həmin hərbi biletdə qeydlərin aparılmasını xahiş edib. Həmin dövrdə Babək Rayon Hərbi Komissarlığında təlimatçı vəzifəsində işləmiş yaxın tanışı hərbi bileti ondan alıb və hərbi biletin müvafiq vərəqələrində lazım olan qeydləri etmək məqsədilə Naxçıvan şəhərində yerləşən “N” saylı hərbi hissədə gizir işləyən tanışına verib. O da öz növbəsində Zeynalabdin Bağırzadəyə məxsus hərbi biletin 13-cü və 24-cü səhifələrində rus dilində “Çernobıl AES-də baş vermiş qəzanın nəticələrinin aradan qaldırılmasında iştirak edib” qeydlərini aparıb, hərbi biletdə hərbi hissə komandirinin adını şərti olaraq özündən uydurmaqla “Kurkin” yazıb, onun adının qarşısındakı imzanı özü çəkib, saxta möhür isə onun xahişi ilə “N” saylı hərbi hissədə xidmət etmiş tanışı tərəfindən vurulub. Möhür saxtalaşdırılarkən hərbi hissənin nömrəsi olan hissəyə kağız parçası qoyaraq sonradan möhürün həmin hissəsinə özündə olan mətbəə şriftləri ilə “33703” rəqəmlərini vuraraq, bununla da, guya Zeynalabdin Bağırzadənin 33703 saylı hərbi hissədə toplantıda olduğunu göstərib. İstintaq tərəfindən Çernobıl AES-də baş vermiş qəzanın nəticələrinin aradan qaldırılmasında iştirak etmiş hərbi hissələrin siyahısı müəyyənləşdirilib. Lakin 33703 saylı hərbi hissənin orada olmadığı məlum olub. İstintaqla müəyyən edilib ki, Bağırzadə Zeynalabdin Bağır oğlu saxta sənədlərdən istifadə etməklə 1993-cü ildən etibarən 18 min 679 manat təqaüd və müavinət alıb. Bununla yanaşı, o, yaxın qohumlarından 4 nəfərinə də həmin vasitə ilə saxta “Çernobıl əlili” vəsiqəsi düzəldib. İş üzrə istintaq davam etdirilir”.

Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanının) yaydığı məlumatda da bəzi kütləvi informasiya vasitələrində Babək rayon Nehrəm kənd sakini, AXCP üzvü Bağırzadə Zeynalabdin Bağır oğlunun Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İstintaq Təcridxanasında işgəncəyə məruz qalması, bununla əlaqədar səhhətinin ağırlaşması barədə yanlış məlumatların yer aldığı bildirilib: “Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Naxçıvan Muxtar Respublikası Qanunun 12.4-cü maddəsinə əsasən Müvəkkil Ülkər Bayramova və Preventiv qrupun üzvləri Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İstintaq Təcridxanasında saxlanılan Zeynalabdin Bağırzadə ilə görüşüb və saxlanma sənədləri ilə tanış olub. Müəyyən olunub ki, Bağırzadə Zeynalabdin Bağır oğluna 2011-ci il dekabrın 26-da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 310-cu (Vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə), 320.2-ci (Bilə-bilə saxta sənədlərdən istifadə etmə) və 178.3.2-ci (Dələduzluq) maddələri ilə ittiham elan olunub. Naxçıvan Muxtar Respublikasının Prokurorluğunun vəsatəti ilə həmin tarixdə Naxçıvan şəhər Məhkəməsi tərəfindən onun barəsində həbs qətimkan tədbiri seçilib və saxlanılması üçün Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İstintaq Təcridxanasına göndərilib. Görüş zamanı Z.Bağırzadə istintaq təcridxanasında ona qarşı hər hansı təzyiq və ya işgəncə halının, o cümlədən saxlanma şəraiti ilə bağlı heç bir narazılığının olmadığını qeyd edib. Araşdırma nəticəsində müəyyən edilib ki, Zeynalabdin Bağırzadənin təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilməsində prosessual qanunvericiliyinin tələblərinə əməl edilib və hər hansı qanun pozuntusuna yol verilməyib. Hazırda Naxçıvan Muxtar Respublikasının Prokurorluğu tərəfindən Z.Bağırzadənin işi üzrə istintaq davam edir”.