Ramil Usubovla Əli Həsənovun ABŞ diplomatı ilə görüşləri - “WikiLeaks”də

ramil-usubovla-eli-hesenovun-abs-diplomati-ile-gorusleri-wikileaksde-
Oxunma sayı: 670



ABŞ diplomatlarına aid məxfi teleqramları açıqlayan “WikiLeaks” saytının Azərbaycanla bağlı yayımladığı gizli məktubların dərcini davam etdiririk. ABŞ-ın ölkəmizdə səfiri olmuş Enn Dersinin 2006-cı ilin müxtəlif aylarında Vaşinqtona ünvanladığı teleqramlarda diplomatın Azərbaycan hökumətinin rəsmiləri və ölkəmizdə fəaliyyət göstərən beynəlxalq maliyyə qurumlarının təmsilçiləri ilə keçirdiyi görüşlərin detalları əks olunub.

Komitə sədrinin korrupsiya etirafları

Enn Dersinin 2006-cı il oktyabrın 16-da göndərdiyi teleqramda baş nazirin müavini, qaçqın və məcburi köçkünlərlə iş üzrə dövlət komitəsinin rəhbəri Əli Həsənovla keçirdiyi görüşün təfərrüatları yazılıb. Amerikalı diplomat yazır ki, sentyabrın 27-də Əli Həsənovla görüş zamanı Azərbaycan hökumətinin qaçqın və məcburi köçkünlərin həyat səviyyəsinin yaxşılaşdırılması istiqamətində gördüyü işlər müzakirə olunub. Baş nazirin müavini bildirib ki, hökumət qaçqın və məcburi köçkünlərin həyat səviyyəsinin və sosial təminatlarının yaxşılaşdırılması məqsədiylə 2006-cı il dövlət büdcəsindən 200 milyon dollar vəsaiti ayırıb.

Qaçqınların yardımı niyə kəsilib?

Teleqramda diqqətçəkən məqam ondan ibarətdir ki, Azərbaycan rəsmisi ölkəmizdə bütün sahələrdə olduğu kimi, humanitar yardımların qəbulu, paylaşdırılması işində də korrupsiya hallarının geniş yayılmasından şikayətlənib. Beynəlxalq maliyyə qurumlarının, humanitar təşkilatların qaçqın və məcburi köçkünlərə ayrılan humanitar yardımları dayandırmasına toxunan Əli Həsənov bildirib ki, buna səbəb həmin qurumların Azərbaycanda korrupsiya və bürokratik əngəllərlə üzləşməsidir. Baş nazirin müavininin sözlərinə görə, 1998-ci ildə çoxlu sayda beynəlxalq təşkilat Azərbaycandakı fəaliyyətini dayandırıb. Onlar ölkəmizdəki korrupsiyanın geniş yayılmasını, bürokratik əngəllərin yaradılmasını və Azərbaycan hökumətinin “yetərli səviyyədə əməkdaşlıq etməməsini” əsas gətiriblər. Həsənov bu problemlərdə Azərbaycan hökumətinin də günahı olduğunu etiraf edib.

“Iqtisadi islahatlar üçün siyasi iradə olmalıdır”

Enn Dersinin 2006-cı il oktyabrın 20-də göndərdiyi məktubda isə diplomatın Ümumdünya Ticarət Təşkilatının (ÜTT) təmsilçisi Piter Alqeyer və nüfuzlu beynəlxalq maliyyə qurumlarının nümayəndələri ilə aparılan müzakirələrdən bəhs edilir. Həmin görüşdə Azərbaycanın ÜTT-yə üzvlüyü istiqamətində atılan addımlar, hökumətin qurumla əməkdaşlıq strategiyası, ölkəmizdəki mövcud porblemlər və s. müzakirə olunub.
“Aparılan müzakirələrdə qərara alınıb ki, Azərbaycanda iqtisadi islahatların sürətləndirilməsi, rəsmi Bakının ÜTT-yə üzvlüyü ölkənin gələcək inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir. Beynəlxalq maliyyə qurumlarının təmsilçiləri bildiriblər ki, Azərbaycan hökuməti ÜTT-yə üvzlüklə bağlı ləng addımlar atır. Azərbaycan hökumətinin qarşısında duran ən böyük problemlərdən və ÜTT-yə üzvlüyə əngəl yaradan maneələrdən biri də ölkə iqtisadiyyatının nüfuzlu siyasi fiqurlar tərəfindən nəzarətdə saxlanması və idarə olunmasıdır. Təmsilçilər onu da əlavə edib ki, ölkədə iqtisadi islahatların keçirilməsi üçün Azərbaycan hökumətinin siyasi iradəsinin olması da mütləqdir. Qeyd olunub ki, Azərbaycan hakimiyyəti quruma üzvlüklə bağlı siyasi iradə göstərmir”, - deyə Dersinin teleqramında vurğulanır.

Azərbaycan iqtisadiyyatı - “imtiyazlı sistem”

Amerikalı diplomat daha sonra yazır ki, görüş iştirakçıları Azərbaycan hökumətinin iqtisadi siyasətinin ayrı-ayrı məmurların maraqlarına xidmət etdiyi qənaətinə gəliblər: “Hazırkı iqtisadi siyasət nüfuzlu siyasi fiqurların maraqlarını əks etdirir. Bu siyasət qısamüddətli qazanc əldə edilməsinə hesablanıb. Hökumətin iqtisadi siyasəti daha çox ”imtiyazlı sistem”ə bənzəyir. Həmin sistemə əsasən ölkə iqtisadiyyatının müxtəlif sahələri iri məmur-oliqarxlar tərəfindən idarə olunur. “Imtiyazlı sistem”də yüksək vəzifəli məmur-oliqarxların külli miqdarda varidat əldə etməsi təmin olunur. Azərbaycan hökuməti ölkənin ÜTT-yə üzvlüyü ilə bağlı iqtisadi islahatları həyata keçirmək üçün dövlət başçısının rəhbərliyi altında daxili dialoq aparmalıdır. Bu dialoq zamanı “imtiyazlı sistem”in dağıdılması yolları da aşkarlanmalıdır”.

Enn Dersi qeyd edir ki, görüş iştirakçıları ölkəmizin iqtisadi sisteminin idarə olunmasında monopoliyanın geniş yayılmasının ən çətin problem olduğunu Piter Alqeyerin diqqətinə çatdırıblar. Beynəlxalq qurumlardan birinin təmsilçisi Qazaxıstan bank sistemini Azərbaycan bank sisteminin idarəçiliyindən daha şəffaf və müsbət adlandırıb.

Səfirin nazirlə insan haqları söhbəti

ABŞ-ın ölkəmizdəki keçmiş səfirinin başqa bir məktubunda isə daxili işlər naziri Ramil Usubovla görüşdən bəhs olunur. Dersi 2006-cı il 24 iyul tarixli teleqramında Usubovla aparılan danışıqların detallarını yazıb. Səfirin qeydlərinə görə, nazirlə görüşdə Azərbaycan-ABŞ tərəfdaşlığı, insan alverinə qarşı mübarizədə əməkdaşlıq və s. məsələlər ətrafinda fikir mübadiləsi aparılıb. Diplomat Ramil Usubova rəhbərlik etdiyi qurumun beynəlxalq etika standartlarına, qanunun aliliyinə və insan haqlarının qorunmasına yönəlik işlər görməli olduğunu söyləyib. Nazir isə qeyd edib ki, rəhbərlik etdiyi qurum bu istiqamətlərdə mühüm addımlar atıb. Səfir nazirin diqqətinə Azərbaycanda qanunun aliliyinin qorunması və insan haqlarının məhdudlaşdırılmasıyla bağlı mövcud porblemləri çatdırıb. Usubov isə buna cavab olaraq, “ölkə müxalifətinin iradlarının doğru olmadığını, polisin yalnız qanunsuz hərəkətlərin qarşısını almağa çalışdığını” söyləyib.

Enn Dersi məktubunda DIN-də gedən nüfuz savaşına da toxunub.


“Azadlıq” qəzeti