“Rüşvətxorluq olan yerdə biz yoxuq”

rusvetxorluq-olan-yerde-biz-yoxuq
Oxunma sayı: 688

““Palmali” Şirkətlər Qrupunun dəyəri yoxdur. Bu, 45 min insanın çalışdığı bir şirkətdir. O 45 min nəfərdən hər biri mənim kimi bu şirkətə sahib ola bilər”. “Qafqazinfo” xəbər verir ki, bu sözləri ANS-ə eksklüziv müsahibəsində şirkətin prezidenti, Türkiyədə yaşayan əslən azərbaycanlı iş adamı Mübariz Mənsimov deyib. Onun sözlərinə görə, “Palmali”nin prinsiplərindən biri “rüşvətxorluq olan yerdə biz yoxuq” prinsipidir: “Yəni, korrupsiya olan yerlərə, düzgün olmayan işlərə girmirik”.

Ümumi işlərindən danışan M. Mənsimov deyib ki, şirkətin bu gün 5-6 ədəd təyyarəsi də var. Amma o nədənsə bu sahəni genişləndirməyi düşünmür: “Palmali”nin əsas işi limanlarla bağlıdır. Bu işin içində logistıka, kommunikasiya da var. Təbii ki, inşaat da var. Amma bununla belə, əsas işimiz dənizçilikdir. Çünki biz dənizçiyik”.

Milli mənsubiyyətinə toxunan M. Mənsimov bunlar deyib: “Türkiyədə başlıca olaraq azərbaycanlıyam. Hər şeydən öncə mən azərbaycanlı olmağımla qürur duyuram. Azərbaycanın da dünyada tək irq olaraq qardaşı türk millətidir. Mən Türkiyə vətəndaşıyam, Türkiyəni çox sevirəm. Azərbaycanın yaxşı, pis günündə türklərin yanında olduğunu bilirəm”.

Türkiyədəki həyat tərzindən söz açan M. Mənsimov deyir ki, Türkiyə bir iş adamı üçün şəraiti olan dövlətlərdən biridir: “Bilirsiniz ki, “Palmali”nin işinin 80 faizi Rusiyaya baglıdır. Rostov, Novorossiysk, Sankt-Peterburq, Volqoqrad kimi şəhərlərə çox bağlıyıq. Şirkətlərimizin çoxu Rusiyayadadır. İstər gəmiçilik, istər kommunikasiya şirkətləri bu ölkəyə bağlıdır”.

M.Mənsimov “Palmali”nin işlərinin çoxunun Rusiya ilə bağlı olmasına rəğmən Türkiyədə yerləşməsinin səbəblərinə də aydınlıq gətirib: “Çünki Türkiyə mənım ikinci vətənimdir. Bakıda necə rahatamsa, İstanbulda da rahat hiss edirəm”.

M. Mənsimov bir daha xatırladıb ki, “Palmali”nin gəmilərinin 90 faizinə Azərbaycan bölgələrinin, qəhrəmanlarının, tarixdə iz buraxan şəxsiyyətlərin adları verilir: “Bu, şirkətin ənənəsidir. Belə də davam edəcək. Mən bu şirkətin başında olana qədər bu belə davam edəcək. Bunun da səbəbi bütün dünyaya bu şirkətin azərbaycanlının şirkətı olduğunu göstərməkdir”.

“Palmali” Şirkətlər Qrupunun prezidenti vurğulayıb ki, şirkətin amalı xalqa xidmət etməkdir: “Bir iş adamı olaraq, bundan xeyir gözləmirik desək yalan olar. Biz demirik ki, yatırımlarımız bu gün bizə geri dönsün. Bizim bütün yatırımlarımız uzun müddətlidir. Sadəcə məqsədimiz təkcə bizim deyil, bütün əməkdaşlarımızın, iş gördüyümuz dövlətlərin öz xeyrini oradan ala bilməsidir. Bununla yanaşı, Azərbaycanı da əlimizdən gələni qədər təmsil etməyə çalışırıq. Azərbaycan mədəniyyətini təbliğ edirik. Bizim bütün gəmilərdə Azərbaycan haqqında muzeylərimiz var”.

Azərbaycanı bu gün keçmişlə müqayisə edən iş adamı deyir ki, bu gün ölkəmiz olduqca çox dəyişib: “Bu gün Azərbaycanı hər yerdə tanıyırlar. Bunların hamısı dövlətin qazandığı imicdir, uğurlu siyasətin nəticəsidir”.

M.Mənsimov deyir ki, Azərbaycan dövləti ilə yanaşı “Palmali” Şirkətlər Qrupu da öz növbəsində bu sahədə çox iş görür: “Biz “Palmali” olaraq kənardan qazandığımız pullarla futbola yatırımlar edirik. “Xəzər-Lənkəran” kimi ikinci futbol klubu yoxdur”.

Azərbaycandakı qida sektorundan danışan iş adamı bildirib ki, şirkət yalnız “Pal Süd”ə hər ay 1 milyon manat pul göndərir: “Palmali” olaraq biz Azərbaycanda pul qazanmırıq. Ziyanları bağlamaq üçün yardım edirik. Bizim siyasətimiz Azərbaycan iqtisadiyyatını dəstəkləməkdir. Mən vətənimə necə kömək edə bilərəm deyə düşünürəm. Əgər qəhrəmanlar varsa, bizim komandanı və işlərimizi onlara verib çıxmağa hazırıq”.