Salyanda toyda bıçaq yarası alan şəxs danışdı

salyanda-toyda-bicaq-yarasi-alan-sexs-danisdi
Oxunma sayı: 2469

Hadisə Salyan rayonunda baş verib. “Qafqazinfo”nun Aran bürosunun məlumatına görə, toyda düşən davada bıçaq yarası alıb. Şirvan Mərkəzi xəstəxanasına yerləşdirilən 1992-ci il təvəllüdlü Səfərov Zöhrab Natiq oğlunun dediyinə görə “Azəri” şadlıq sarayının həyətində bir dəstə gənclər arasında dava düşüb. Xəsarət alan Zöhrab Səfərov və onun bibisi oğlu 20 yaşlı Qafarlı Elçin Şahin oğlu ilə birgə çölə çıxıb dalaşanları ayırmaq istəyəndə davada istifadə edilən bıçaqla yaralanıblar. Qaranlıq olduğundan zərər çəkən kim tərəfindən vurulduğunu bilmədiyini qeyd edib. Yaralılar Şirvan xəstəxanasına çatdırılsa da həkimlər 20 yaşlı gəncin, hərbi xidmətdən yeni qayıtmış Elçin Qafarlının həyatını xilas edə bilməyiblər. Çünki bıçaq mərhumun bud nahiyəsində arteriya damarını kəsib. Sağ qalan dayıoğlu da hər iki bud nahiyəsindən xəsarət alıb. Salyan Rayon Prokurorluğundan verilən məlumata görə, faktla bağlı Rayon Prokurorluğunda CM-nın 120.1 maddəsi ilə cinayət işi başlanılıb. Cinayəti törədən şəxsin müəyyənləşməsi istiqamətində intensiv istintaq tədbirləri davam etdirilir.

Peyman Sadıqov