“Sözlərdə deyil, sözdəki hikmətdədir Allah” – Günün şeiri

sozlerde-deyil-sozdeki-hikmetdedir-allah-gunun-seiri
Oxunma sayı: 6148

Azərbaycanın görkəmli şairi Bəxtiyar Vahabzadə 16 avqust 1925-ci ildə Şəki şəhərində anadan olub. 1947-ci ildə Bakı Dövlət Universitetinin Filologiya fakültəsini bitirib və universitetin nəzdində aspiranturaya qəbul olunub. Bəxtiyar Vahabzadə 70-dən artıq şeir kitabının, 2 monoqrafiyanın, 11 elmi publisist kitabın və yüzlərlə məqalənin müəllifidir. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində onun «Vicdan», «İkinci səs», «Yağışdan sonra», «Yollara iz düşür», «Fəryad», «Özümüzü kəsən qılınc», «Cəzasız günah», «Dar ağacı» pyesləri tamaşaya qoyulub. O, tarixi və müasir mövzuda 20-dən artıq iri həcmli poemanın müəllifidir. Xalq şairi Bəxtiyar Vahabzadə 13 fevral 2009-cu ildə vəfat edib.

“Qafqazinfo” Bəxtiyar Vahazadəyə Allahdan rəhmətlər diləyir və Azərbaycanın bu böyük şairinin “Allah” şeirini təqdim edir:

İdrakda yol açmış gecədən gündüzə Allah,
Güldürməsən öz könlünü, gülməz üzə Allah,
Dünyaya şəfəqlər kimi, Tanrım səpələnmiş,
Qəlbin gözü yanmazsa, görünməz gözə Allah.

Allah bilirik cismi deyil. Bəs nədir Allah?
Ən yüksək olan haqda, həqiqətdədir Allah,
Dondunsa təkamül və gözəllik qabağında,
Dərk et, bu təəcübdə, bu heyrətdədir Allah.

Bildik, bilirik gizlidir insandakı qüdrət,
Hər-kəs onu fəhm etməsə, acizdir o əlbət,
İnsanın əzəl borcudur insanlığa hörmət,
İnsanlığa hörmətdə, ləyaqətdədir Allah.

Gerçək də budur, gizlidir hər zərrədə vəhdəd,
Bir zərrə içən, küllə qovuşmaq ulu niyyət,
Gördüklərimiz zahiridir, bətnə nüfuz et,
Batildəki, cövhərdəki fitrətdədir Allah.

Fitrət də yatır sözdə - sözün öz yükü fikrin,
Seçmiş, seçəcək daima tükdən tükü fikrim,
Mən bir ağacam - yarpağı sözlər, kökü - fikrim,
Sözlərdə deyil, sözdəki hikmətdədir Allah.

İnsan, təpədən dırnağa sən arzu-diləksən,
Nəfsində doyumsuz, fəqət eşqində mələksən,
Zülmün üzünə haqq deyilən şilləni çəksən,
Şilləndə möhürlənmiş o qeyrətdədir Allah.

Cahil enər alçaqlığa, öz qəlbinə enməz,
Vicdandan əgər dönsə də, xeyrindən o dönməz,
Zülmətdə, cəhalətdə, ədalətdə görünməz,
İlqarda, sədaqətdə, məhəbbətdədir Allah.