“Bu il xarici dövlət borcumuz daha da azalacaq”

bu-il-xarici-dovlet-borcumuz-daha-da-azalacaq
Oxunma sayı: 879

“Bu gün ölkəmizin tarixində çox əlamətdar hadisə baş verir. Biz Sumqayıt şəhərində karbamid zavodunun açılışını qeyd edirik. Bu münasibətlə sizi ürəkdən təbrik edirəm”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev “SOCAR karbamid” zavodunun açılışı zamanı deyib. 

Dövlət başçısı zavodun tikintisində iştirak etmiş bütün insanlara təşəkkürünü bildirib: “Mənə verilən məlumata görə, burada pik dövrdə üç mindən çox insan işləyib və onların mütləq əksəriyyəti Azərbaycan vətəndaşlarıdır. Bu, onu göstərir ki, Azərbaycanda çox güclü kadr potensialı yaradılmışdır, həm fəhlə kadrları, həm mütəxəssislər. Bu, son illər ərzində təhsil sahəsinə ayrılan diqqətin bariz nümunəsidir.

Bu zavodun tikintisində xarici tərəfdaşlar iştirak etmişlər. Baş podratçı Koreyanın “Samsung” şirkətidir. Ən müasir avadanlıqlar Danimarka və Hollandiya şirkətləri tərəfindən təchiz edilib. Finlandiya şirkəti bu zavodun fəaliyyəti üçün lazım olan məsləhətləri verib. Yəni, biz burada çox müsbət beynəlxalq əməkdaşlıq nümunəsini görürük. Bu, bir daha onu göstərir ki, Azərbaycan xarici şirkətlər üçün çox cəlbedici ölkədir. Bu gözəl sənaye müəssisəsi birgə səylər nəticəsində yaradılıb.

Onu da bildirməliyəm ki, zavodun ərsəyə gəlməsində xarici bankların da rolu kifayət qədər böyükdür. Biz zavodu tikməyə başlayanda öz vəsaitimizi ilk mərhələdə qoymuşuq. Sonra xarici banklardan da kreditlər verildi. Bizə maliyyə cəhətdən dəstək olan bütün banklara da təşəkkürümü bildirmək istəyirəm”.

Prezident əlavə edib ki, bu zavod Azərbaycanda qeyri-neft sənayesi sahəsində həyata keçirilən ən böyük layihədir: “Mənə verilən məlumata görə, zavodda ildə 650 min ton karbamid istehsal olunacaq. Onun böyük əksəriyyəti ixrac ediləcək. Eyni zamanda, daxili tələbat da ödəniləcək.

Zavodun özəlliyi həm də ondan ibarətdir ki, burada xammal kimi istifadə olunan məhsul təbii qazdır, yerli məhsuldur. Yəni, karbamidin tərkibində xarici komponent yoxdur. Burada ildə 450 milyon kubmetr təbii qazdan istifadə olunacaq. Əgər biz təbii qazı indi bugünkü qiymətlərlə mövcud xarici bazarlara satsaydıq, bundan təqribən 80 milyon dollar vəsait əldə edə bilərdik. Ancaq karbamid şəklində istehsal olunacaq məhsulun dəyəri 150-160 milyon dollar olacaqdır. Yəni, biz səmərəliliyi demək olar ki, iki dəfə artırmışıq. Ölkəmiz üçün çox gözəl ixrac məhsulu yaratmışıq. Kənd təsərrüfatının inkişafı üçün yerli gübrə yaratmışıq və ölkəmizin qeyri-neft sənayesinə böyük töhfə vermişik. Yəni, zavodun fəaliyyətə başlaması, bax, bu əsas məqsədləri güdür. Biz bütün məqsədlərə çata bilmişik”.

İlham Əliyev qeyd edib ki, ölkədə qeyri-neft sənayesi sürətlə artır:

“Keçən il 9,1 faiz artmışdır. Bu, onu göstərir ki, sənayeləşmə prosesi uğurla gedir. Keçən ilin yayında Sumqayıtda “SOCAR Polymer” müəssisəsinin birinci mərhələsi fəaliyyətə başladı. Bu il onun ikinci mərhələsi fəaliyyətə başlayacaq. Burada da ixracyönümlü çox gözəl məhsul istehsal olunacaq. 

Əlbəttə, Azərbaycan bu layihələri xarici tərəfdaşlarla həyata keçirərkən bizim beynəlxalq əlaqələrimiz də möhkəmlənir. Bu gün Azərbaycan o ölkədir ki, bu ölkəyə həm xarici sərmayə qoyulur, həm banklar böyük məmnuniyyətlə vəsait ayırır. Çünki bilirlər ki, onların vəsaiti batmayacaq. Bilirlər ki, Azərbaycanın kifayət qədər böyük maliyyə resursları var. Bizim maliyyə resurslarımız, ehtiyatlarımız xarici borcumuzdan 4,5 dəfə çoxdur. Bax, bu gözəl vəziyyət imkan verir ki, biz tərəfdaşları, xarici bankları cəlb edək. Ancaq, eyni zamanda, bizim siyasətimiz ondan ibarətdir ki, xarici dövlət borcumuzu aşağı salaq. Necə ki, keçən il ərzində xarici dövlət borcu 22,8 faizdən 19 faizə düşübdür və bu il daha da düşəcək”.