“Bütün kənd bilirdi ki, 2 müəllim böyük sevgi yaşayırıq” - Yusif Ağayev+Video

butun-kend-bilirdi-ki-2-muellim-boyuk-sevgi-yasayiriq
Oxunma sayı: 11904

Tanınmış televiziya və radio aparıcısı Yusif Ağayevin “Qafqazinfo”ya müsahibəsi:

- Siz Azərbaycanda elə tanınmış aparıcılardansınız ki, tamaşaçı sizi görməyən kimi gözü axtarır. Ölkədə belə bir neçə nümunə göstərə bilərik. Səhv etmirəmsə, bir neçə il efirdən uzaqlaşdız. Səbəb nə idi?

- Heç bir veriliş uzunömürlü olmur. “106 house” proqramı 12 il fəaliyyət göstərdi. Daha sonra belə qərar verdik ki, veriliş bağlansın. Yenidən lazım gələrsə maraqlı layihə ilə efirə çıxa bilərdim. Mən “106 house”un tükənmiş olduğunu düşündüm. Açığı deyim ki, musiqiçilərdən bezmişdim. Bir fasilə vermək istədim. Bu, 5 il çəkdi. Həmin fasilə mənim üçün yaxşı bir imtahan oldu.

- Efir rutin, virus kimi bir şeydir. Daimi efirdə olmaq, aktiv həyat tərzi yaşamaqdan sonra efirə çıxmırsan. Bu zaman bir aparıcını hansı faciələr gözləyə bilər?

- Yox, əgər efirdə varsansa, varsan. Yoxsansa, bununla razılaşırsan. Mən bu 5 il ərzində kənarda oturub izlədim. Ürəyimdən elə də keçmirdi ki, efirə çıxım. Sadəcə olaraq hər şeyi, hadisələrin gedişatını kənardan müşahidə edirdim. Gözləmə mövqeyində idim, hər şeyi yaxşı dərk etdim. Əlbəttə ki, 19 ildir “FM 106”əməkdaşıyam, 12 il orada proqram direktoru kimi çalışmışam. Neçə-neçə DJ-lər yetişdirmişəm.

- Bu illərdən sonra Yusif Ağayev qayıtdı. Amma həmin boşluq dolmadı. Efir əvvəlki efir deyil, ya siz? Bəlkə də tamaşaçıların istəyi dəyişib.

- “106 house” verilişi ilə “10-dan sonra”nı bir-birinə qatmayaq. Birincisi sırf musiqi verilişi idi. Növbəti proqramda isə tamam başqa abhava var. Əvvəlki Yusifi “10-dan sonra”da görmürsüz və görməyəcəksiz. O, keçmişdə qaldı. Bir-birindən fərqli olan verilişlərdir.

- Səhər saatlarında veriliş aparmağı özünüz seçmisiz? Düşünürəm ki, gecə saatlarında efirə çıxsaz daha çox tamaşaçı kütləsinə çıxış əldə edə bilərsiz.

- Təklif rəhbərlik tərəfindən təqdim olundu. Açığı deyim ki, 5 il ərzində ürəyimdən müəyyən qədər keçirdi ki, səhər efirini yaxşı apara bilərəm. Doğrudan da bunun ağırlığının fərqinə varmamışdım. Səfər ərəfəsində idim, söyləydim ki, mən gedim, daha sonra biz müzakirə edərik. İnanın, Avropada idim. Gələndən sonra hazırlıqlar başladı, gözəl bir layihə ortaya çıxdı. İlk günlərdə əlim-ayağım əsirdi. Çox həyəcanlı idim. Bu 5 ilin fasiləsi məni bir balaca həyəcanlandırmışdı.

- Aparıcılar indiki dövrdə daha aktualdır və hər an tənqid olunurlar. Milli Televiziya və Radio Şurasının (MTRŞ) hesabatlarında onların dil qüsurları göstərilir, adlar çəkilir. Hədəfin aparıcılar olmağının səbəbi nədir?

- Mənim ailəmimdə aparacının yaxşı dil qabiliyyəti olmalıdır. Bəlkə də mənim dilçi olmağımdan irəli gəlir. Mən o insana hörmət edirəm ki, ana dilindən əlavə, bir neçə dil bilsin. Biz tək ana dilimizlə kifayətlənməməliyik. Bizim dünya görüşümüz son dərəcədə geniş olmalıdır. Bunlara sahib olmayan aparıcı efir apara bilməz. Bütün bunlara arxalanıb “10-dan sonra”nı aparmağa razılıq verdim. İndi biz azad və demokratik bir ölkədə yaşayırıq. Aparıcıların tənqid olunmağına çox normal baxıram. Hər yerdə belədir. Yaxşı və pis tərəfimiz var. Hər zaman çalışaq ki, tamaşaçıya yaxşı şeylər təqdim edək. Qalmaqallardan uzaq olaq. Amma əfsuslar olsun ki, ortaya qalmaqallar çıxır. Bu da daha sonra sosial şəbəkələrdə xoşagəlməz müzakirələrə səbəb olur. Burada günahkar aparıcıdır.

- Efir məkanı digər qurumlardan daha çox tənqid olunur. Məsələn, səhiyyə, təhsil bir kənara qalıb. Bu tənqidlər də ildən-ilə artır. Təcrübəli bir aparıcı kimi efir məkanını necə görmək istəyirsiz?

- Baxır verilişin tərzinə, konsepsiyasına… Əgər veriliş şou xarakterlidirsə, orada hər hansı çərçivələr daxilində nələrsə etmək olar. Amma şou o demək deyil ki, insan özünü axırıncı yola qoysun. Bunun acı aqibətləri çox da ürəyaçan olmur.

- Baryer, çərçivədən danışdız. Hər bir tamaşaça özü üçün bir çərçivə müəyyənləşdirir. Sizin rəqs etməyiniz, qonaqlarınızla zarafat etməyiniz onlar üçün çərçivəni aşmış kimi qəbul edilə bilər.

- “10-dan sonra” verilişində ümumiyyətlə çox nadir hallarda rəqs edirəm. Demək olar ki, etmirəm. Bu, hardasa musiqini duymaq, anlamaq deməkdir. Hər tamaşaçı efirə öz prizması ilə baxır. Kimsə sənin müğənni ilə birgə mahnı oxumağına müsbət, kimisi isə mənfi qarşılayır. Bunlara normal baxıram. Müğənni mahnı oxuyursa, aparıcının sakit dayanmağı elə bil ki, musiqini duymamağı kimi qəbul edilə bilər.

- İndiki dövrdə hamı sosial şəbəkələrdən tanınmaq üçün istifadə edir. Hətta ən ciddi qurumlar öz səhifələrini açaraq güclü PR aparırlar. Səhv etmirəmsə, sosial şəbəkələrdə yoxsuz. Səbəbi nədir?

- Artıq 3 aydır ki, sosial şəbəkələrdə varam. “10-dan sonra” verilişində həmkarlarım Sayqa Cahid və Kazım Sübhan mənə dönə-dönə dedilər ki, sosial şəbəkədə olum. Çox maraqlı paylaşımlar edirəm. Doğrudan da, sosial şəbəkələrdə insanlar istədiklərini yazırlar, sərbəstdilər. Klaviatura arxasında özlərini şir-pələng hesab edirlər. Bəlkə də orada özlərini belə hesab edənlər real həyatda fərqlidirlər. Özlərini realizə və təsdiq etmək məqsədi ilə yazırlar, qəlb qırırlar. Amma mənim qəlbimi qırmaq çox çətin bir məsələdir.

- Belə görünür ki, efirdə ən çox dəbdəbəli həyat sürən, maşını, evi olan, bahalı restoranlarda vaxtını keçirənlər tənqid olunur. Sizcə, insanları onların həyat tərzi qıcıqlandırır, ya tənqid edə-edə məşhurlaşmaqlarına səbəb olur?

- Mənim belə dəbdəbəyə qətiyyən aidiyyatım yoxdur. Son dərəcədə sadəyəm. Bütün aparıcılardan ən sadə həyat tərzi yaşayan özüməm. Bunu ATV əməkdaşları da bilir.  Uşaqlıqdan dəbdəbəli həyat görməmişəm, indi də elə yaşamıram. Birotaqlı mənzilimdə qalıram. İnsan kənardan dəbdəbəli görünə bilər, ancaq onu elə qəbul etmək düzgün deyil. Görüntünün arxa tərəfində başqa şeylər yaşanır.

- 60-a yaxın yaşınız var. Etiraf edək ki, cavan və şux qalmısız. Azərbaycan efirində bir yaş kompleksi var. Bizdə 50 yaşdan yuxarı efir siması nadir hallarda olur. Məsələn, xəbər aparıcısınının yaşlı olduğunu görməmişik, qaldı ki, şou aparıcısı. Siz göstərdiz ki, yaş o qədər də mühüm deyil. Bu ,sizə çətin olmadı?

- 59 yaşım var. Deməli, efirdə bir ağ qarğa mənəm. Belə çıxır ki, mən təqaüdə getməliyəm? (gülür). İndi bir şey deyirəm, altından da xətt çəkirəm. Buradan marafon elan edirəm. Sinəsinə döyən aparıcılar gəlsin. Ona 24 saat marafon elan edirəm. Əgər uduzsam, ərizəmi yazıb işdən çıxaram. Kim istəyirsə, gəlsin.

- Bundan sonra neçə il efirdə qalmağı düşünürsüz?

- Allah mənə nə qədər ömür veribsə, o qədər də işləyəcəyəm. Nə qədər canımda su varsa, efirə çıxacağam. Amma ancaq ATV-də… Bu 5 ildə başqa kanalardan təkliflər gəldi. Bütün televiziyalara hörmətim var. Mən hər şeyi burdan əldə etmişəm, püxtələşmişəm. Nə varsa, kanal sayəsində olub. Günüm burada keçir, evdəkilər demək olar ki, özümü görmürlər.

- Siz ailəyə bağlı birisiz. Ailə sizin üçün həssas bir mövzudur. Dəfələrlə bu mövzuda danışanda kövrəlmisiz. Hətta deyirlər ki, siz hansısa bir qərar verəndə qızlarınızın rəyini də öyrənirsiz. Belədirmi?

- Ətrafımda mənə doğma olan iki-üç insan var. Onları var qüvvəmlə qoruyuram. Hətta qızımın toyu olmuşdu. Hansısa sayt toydan şəkilləri yaymışdı. Tələb etdim ki, qızımla kürəkənimin fotoları silinsin, istəmirəm. Onları çox qoruyuram. Ailə mənim üçün hər şeydən önəmlidir. İmkan olduğu qədər həm maddi, həm də mənəvi cəhətdən yardım göstərirəm. Onlar üçün dəyərliyəmsə, yəqin ki, elədiklərim heçə deyil.

Hər hansı bir qərar verəndə qızlarımla məsləhətləşirəm. Onların hər bir sözü mənim üçün qanundur. Mənim üçün doğma olan qızlarım, bacım və bibilərimdir. 60 yaşıma çatıram, çoxunu itirmişəm.

- Azərbaycanda minlərlə nümunə göstərə bilərik ki, qadın kişi olmadan uzun müddət yaşaya bilər. Amma bu, bir kişi üçün çətindir. Bir dəfə Musa Yaqub “Qafqazinfo”ya müsahibəsində demişdi ki, kişi üçün qadınsız yaşamaq bir əzabdır. Siz necə, o boşluğu hiss edirsiz? 

- Əlbəttə belədir. Həyatda insan bir dəfə sevir. O da istədiyin, sevdiyin biri ilə ailə qurmaqdır. Mənim sevgim tamam başqa cür olub. Rəhmətlik həyat yoldaşımla biz müəllim kimi təyinatla Şamaxıda çalışırdıq, orada tanış olduq. Bütün kənd bilirdi ki, iki müəllim arasında böyük sevgi yaşanır. O sevgini unutmaq mümkün deyil. Bu, yaşandı, əbədi qaldı və bitdi. İkinci dəfə o hissləri oyatmaq mümkün deyil. Gərək nə qədər böyük ürəyin olsun. Mən son dərəcədə “titiz” bir insanam. Uşaqlar bilirlər, bir qədər də vasvasıyam. “Düşmənlə yataqda” filmi var. Culyo Roberts rol alır. Özümü oradakı obraza bənzəyirəm. Telefon belə dayanmalıdır, kağız yerində olmalıdır. Mənə bu yaşda yar ola biləcək xanım yoxdur. Bu mövzu artıq qapandı...

- Niyə ikinci dəfə ailə həyatı qurmamısız? Səbəb nədir?

- İkinci bahardan ancaq verilişdə danışa bilərəm. O da efir naminə.

Elvin Elxan

Video: Nərminə Vəliyeva, Nuran Məmmədov