Yarımçıq müxalifət liderləri

<b>Yarımçıq müxalifət liderləri</b>
Oxunma sayı: 315

Hər şey gözümüzün qarşısındadır. Haqsızlığın, ədalətsizliyin, rüşvətxorluğun, məmur özbaşınalığının, ciddi mədəniyyətin məhv olunmasının, təlxəkliyin çiçəklənməsinin, məddahlığın geniş vüsət almasının mühəndisi Azərbaycan hakimiyyətidir. Bunu hər kəs bilir. Əzənlər də, əzilənlər də.
İndi isə Azərbaycan müxalifətinə ad qoymağa cəhd edək. İnsanlar bəzən ən axmaq hərəkətlərini alın yazısı, tale adlandırırlar. Azərbaycan jurnalistləri həqiqətən çox düşünən, çox dözümlü jurnalistlərdir. Neçə illərdir, ön cəbhədə dayanıblar. Bir neçə cəbhədə vuruşmağa məcburdurlar. Üstəlik, kasıblıq, şəraitin olmaması, vətəndaşların qəzetlərə tələbkar münasibəti jurnalistləri daima böyük dözüm, əzm nümayiş etdirmək məcburiyyətində qoyub. Lakin bütün bu keyfiyyətlərə baxmayaraq, biz jurnalistlər, xüsusən köşə yazarları ayağımızdan asılmağa layiqik. Əlbəttə, mən jurnalist dedikdə müxalifət düşərgəsinə yaxın olanları nəzərdə tuturam. İllərdir müxalifət liderlərinin şıltaqlıqlarını, cəsarətsizliklərini, cığallıqlarını, öz mənafelərini düşərgənin mənafelərindən üstün tutmalarını yazılarımızda siyasət kimi qələmə vermişik. 10 il abrımıza qısılıb, Elçibəyin Kələkiyə qaçmasını malalamaqla məşğul olduq. Müxtəlif bəhanələr uydurduq. Guya vətəndaş müharibəsi olacaqdı. Qan töküləcəkdi. Azərbaycan iki, yaxud üç yerə parçalanacaqdı. Düzdür, tarix "olar", "olmaz" sözünü sevmir, amma heç bir vətəndaş müharibəsi Azərbaycan xalqına 93-cü ildən bəri başımıza gətirilən oyunlar qədər zərbə vura bilməzdi.
Sonra 2003-cü il 15-16 oktyabr hadisələri baş verdi. Yenə bəzi məsələləri malalayıb siyasət kimi qələmə verməyə məcbur olduq. Ölü bir vəziyyət yaranmışdı. Oktyabrın əvvəlində mədəniyyət naziri vəzifəsi üstündə dava edən iki müxalifət ziyalısı ürək ağrılarını bəhanə edərək, "sakitliyə" çəkilmişdilər. Jurnalistlər yenə də ön cəbhədəydi. Qınaqlara, həqarətli atmacalara, qarşı tərəfin amansız hücumlarına onlar cavab verirdilər. Yaxşı yadımdadır, Şahvələd Çobanoğlu, Rövşən Hacıbəyli, Şeyda Nəsibli aparılan repressiyalara etiraz edərək, bəyanat verib Müsavat Partiyasına keçdilər. Əlbəttə, bu, sırf dəstək idi.
"Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu həbs olunmuşdu. Mitinqdə neçə jurnalist döyülmüşdü. Depressiya bizi məhv edirdi. Heç kimə heç nə izah etmək olmurdu. Ağır günlər idi. Heç vaxt unutmaram. Metroda "Bakı Xəbər" qəzetini cibimdən çıxarıb oxuyanda yanımda dayanmış sərnişinlər məndən aralandılar. İki arvad isə məni söyməyə başladı...
Sonra 2005-ci ilin noyabr hadisələri baş verdi. Gürcüstanda və Ukraynada baş verən hadisələr Azərbaycanda narazı adamların meydana çıxmasına şərait yaratmışdı. Halbuki 2003-cü il oktyabr uğursuzluğundan, depressiyasından sonra adamların bir daha meydana çıxmasına bir çoxları inanmırdı. O cümlədən bu cümlələrin müəllifi. Yenə uğursuzluğa düçar olduq. Yenə depressiya. Hərə bir tərəfə çəkildi. Yenə ön cəbhədə jurnalistlər qaldı. Yenə də jurnalistlər qarşı tərəfin həqarətli atmacalarına, hücumlarına cavab vermək məcburiyyətində qaldılar. Xeyli adam düşərgəni tərk edib, "istirahətə" çəkildi. Xeyli adam qarşı tərəfə keçdi. Xeyli adam "cib müxalifəti"nə çevrildi. Siyasi arenada tam ölü bir vəziyyət yarandı. Yenə də jurnalistlər, xüsusən köşə yazarları ölüm-zülmlə cəmiyyəti hərəkətə gətirməyə, total xofu qismən də olsa aradan qaldırmağa müvəffəq oldular.
Dastan açmaq istəmirəm. Baş verənlərin şahidləri çoxdur. Ağır şəraitdə yaşayan, mübarizə aparan jurnalistlər düşərgənin ümumi işinə zərbə vurmamaq üçün müxalifət liderlərinin cəsarətsizliklərini, şıltaqlıqlarını, kaprizlərini siyasət kimi qələmə verdilər. Necə ki, yuxarıda qeyd etdiyim kimi, adamlar bəzən ən axmaq hərəkətlərini alın yazısı adlandırırlar. Biz öz abrımıza qısılıb, heç vaxt müxalifət liderlərindən hesab sormadıq. Onları təftiş etmədik. Qarşı tərəfə arqument verməmək üçün müxalifət liderlərini tənqid etməkdən uzaq olduq. Nəticədə onlar tam arxayınlaşdılar. Öz kaprizlərini, şıltaqlıqlarını nümayiş etdirməkdən çəkinmədilər. Və nəticə göz qabağındadır. Cəbhə kimi fədakar, döyüşkən, mobil bir partiya açıq-aşkar Əli Kərimlinin Fan-klubuna, Müsavat kimi səviyyəli bir partiya İsa Qəmbərin təriqətinə çevrilib. Faktiki olaraq, Əli Kərimli özünü ulduz futbolçu, İsa Qəmbər isə təriqət rəhbəri kimi aparır.

İdeya hardadır?

Müxalifət partiyalarının ən böyük problemlərindən biri adamların nizamnamə, ideya ətrafında deyil, şəxs ətrafında birləşməsidir. Məhz bu səbəbdən partiyaları tərk edənlərin böyük çoxluğu partiya sədrlərindən incik olduqlarını dilə gətirirlər. Müsavat, Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvləri partiya nizamnamələrini bilməsələr də, öz liderlərinin - İsa Qəmbərin, Əli Kərimlinin bioqrafiyasını, ayaq ölçülərini, hansı yeməkləri, hansı mahnını, hansı havanı xoşladıqlarını əzbər bilirlər. Xüsusən AXCP-də şəxsiyyətə pərəstiş, bütpərəstlik öz çiçəklənmə dövrünü yaşayır. Məhz bu səbəbdən, yəni adamların nizamnamə ətrafında deyil, şəxsiyyət ətrafında birləşməsi səbəbindən müxalifət partiyalarının üzvləri öz partiyalarının gələcəyini İsa Qəmbərsiz, Əli Kərimlisiz təsəvvür edə bilmirlər. Onların fikrincə, İsa Qəmbərsiz Müsavat Partiyası çiçəksiz yazdır. Cəbhəçilər isə düşünürlər ki, Əli Kərimlisiz AXCP dünyanın sonu deməkdir.

Qladiator döyüşləri

Şübhəsiz, oxunan köşə yazarlarının böyük əksəriyyəti ölkədə hakimiyyətin dəyişməsini istəyən adamlardır. Onların böyük əksəriyyətinin ya İsa Qəmbərə, ya da Əli Kərimliyə simpatiyası var. Buna görə Azərbaycan hakimiyyəti "cib müxalifəti"ndən (el arasında "cib müxalifəti"nə "kitayski müxalifət" deyirlər) tam istifadə edə bilmir. Köşə yazarları dəqiq zərbələrlə "cib müxalifəti"nin istənilən fəaliyyətini ifşa edirlər. Bu, çox böyük üstünlükdür. Lakin çox təəssüf edirəm ki, oxunan köşə yazarları AXCP və Müsavat Partiyası arasında zaman-zaman yaranan problemlərdən ruhlanaraq, Əli Kərimlinin, İsa Qəmbərin qladiatoru rolunda meydana girib savaşırlar. Əlbəttə, qələminə hörmət edən yazar partiyalararası savaşa girməz. Nə yazıq ki, bəzi köşə yazarları özlərinə hörmət etməyərək qladiator savaşına girirlər. Nəticədə konkret bir dəstənin "hörmətini" qazansalar da, ümumilikdə özlərini hörmətdən salırlar. Obyektivlik naminə deyək ki, bu qladiator savaşlarında "Azadlıq" qəzetinin köşə yazarları daha çox canfəşanlıq edirlər. Səbəb sadədir. Çünki AXCP-də şəxsiyyətə pərəstişin, bütpərəstliyin kökləri daha dərindir.

Tiran qarşısında qorxaqlıq

Müxalifət liderlərinin ən böyük səhvlərindən biri ifşa mexanizmlərindən istifadə edə bilməmələridir. Nə Əli Kərimli, nə də İsa Qəmbər bu vaxta qədər hakimiyyətin dayaqlarından bircəciyini də ifşa edib sıradan çıxara bilməyiblər. İllərdir polislərə müraciət edirlər. Guya polislər də mövcud vəziyyətdən əziyyət çəkirlər. Guya onlar da hakimiyyətdən narazıdırlar. Guya mitinqlərə çıxanların sayı bir az çox olsa, polislər xalqın tərəfinə keçəcək. Belə nağılları 15 ildir eşidirik.
Məlumdur ki, mülki həyatda özünə yer, peşə tapa bilməyən adamları polisə yığıblar. Ona görə də polislər işlərini itirmək qorxusu altında mitinqə çıxmış adamları böyük həvəslə təhqir edir, döyür və müxtəlif üsullarla öz rəislərinin rəğbətini qazanmağa çalışırlar. Polisi ələ almaq, onların ürəyinə mərhəmət toxumu səpmək qeyri-mümkündür. Polis işini itirməmək üçün hər bir əmri yerinə yetirməyə hazırdır. Ordu xalqa daha yaxındır. Polis isə həqiqətən öz qəddarlığından həzz alan bir sistemdir. Metroda, avtobusda qadına yer verən polis mitinqdə qadını təhqir edir, söyür, saçından tutub sürüyür. Müxalifət liderləri bu illər ərzində polisi ələ almaq əvəzinə, onu ifşa etsəydilər, daha yaxşı olardı.
Polisin dinlə, mentalitetlə, toyla, yasla, bütün əlaqələri kəsilməli və polis bizim qarşımızda mitinqdə qoca kişini, yaşlı qadını döyən bir məxluq kimi dayanmalıdır. Mitinqdə qadını saçından tutub sürüyən polis elə həmin günü hansısa şadlıq evində ana segahı sifariş edir. Üstəlik, anaların sağlığına yüz qram araq içir. Üstəlik, bir az da özünü kədərlənən kimi göstərir. Ona görə də özünü əsla günahkar hiss etmir. Rüşvət alıb ziyarətə gedir, hacı, məşhədi olur. Namaz qılır. Oruc tutur. Di gəl, bu adamı yoldan çıxar görüm, necə çıxarırsan...
Əli Kərimli, İsa Qəmbər polisdən daha çox sovet dövründə tiraj qazanmış yazıçılardan, şairlərdən qorxurlar. Mövcud hakimiyyəti hər fürsətdə dəstəkləyən, hər fürsətdə hakimiyyətə yaltaqlanan sovetin tirajlı yazıçıları qarşısında qorxaqlıq nümayiş etdirirlər. Guya siyasət işlədib tirajlı, titullu, statuslu yazıçı və şairləri öz tərəflərinə çəkmək istəyirlər. Əlində isə tirajdan qorxurlar. Bircə dəfə də bu hakimiyyəti dəstəkləyən bir tirajlı, titullu adamı konkret adla, soyadla ifşa etməyiblər. Əksinə, daha da adlarını tirajlayıblar. Hakimiyyətə yaltaqlanan ziyalılara Əli Kərimli və İsa Qəmbər öz rəğbətlərini açıq-aşkar bildiriblər. Bu, yarımçılıq, qorxaqlıqdır. Bu onu göstərir ki, İsa Qəmbər, Əli Kərimli azadlıqdan danışsalar da, özləri daxilən tam azad adam olmayıblar. Köləliyin elə bir həddi var ki, qullar artıq öz qandallarını sevməyə başlayırlar. 60-cılar Əli Kərimlinin, İsa Qəmbərin qandallarıdır. Onlar öz qandallarını - Anar Rzayevi, Elçini, uzun müddət həqiqətlə deputat mandatı arasında çabalayan Əkrəm Əylislini, "Yaşa, prezidentim, yaşa" şeirinin müəllifi Fikrət Qocanı səmimi qəlbdən sevirlər. Əli Kərimli və İsa Qəmbərin hakimiyyəti dəstəkləyən şair-yazıçı tayfasına qarşı sevgisi, rəğbəti səmimidir.
2005-ci il. Gürcüstanda və Ukraynada baş verən hadisələrdən ruhlanan narazı adamlar meydana çıxıblar. Ölkə çalxalanır. Həmin günlər açıram "Azadlıq" qəzetini və görürəm ki, Əli Kərimli "Yaşa, prezidentim, yaşa" şeirinin müəllifi Fikrət Qocanı qaynar, ətirli, çiçəkli, bəzəkli cümlələrlə təbrik edib. Ölkədə çevriliş etmək istəyən Əli Kərimlinin "Yaşa, prezidentim, yaşa" şeirinin müəllifi Fikrət Qocanı təbrik etməsini əsla başa düşmədim. Bəy dediyin nədir, bəyənmədiyin nə? Sonra məlum olur ki, təbrik mətnini Əli Kərimli yox, Qənimət Zahid yazıb. Lap pis. Deməli, əgər Əli Kərimli sabah hakimiyyətə gəlsə, onun əvəzinə əmr və sərəncamları Qənimət Zahid verəcək. Pasportu olmayan Əli Kərimli hakimiyyəti dəstəkləyən ziyalıları niyə konkret adla ifşa etmir? Əgər Əli Kərimli siyasətçi olaraq pasportunun olmamasının necə ağır təhqir olduğunu başa düşmürsə, hüquqşünas olaraq bunu mütləq başa düşməlidir. Pasportu olmayan bir müxalifət lideri nədən qorxur? Nə itirəcək? İtirməli nə var?
İsa Qəmbərə elə gəlir ki, yeddi rəhbər yola salmış Anar Rzayev nə vaxtsa kritik anlarda xalqın sözünü deyəcək. Pah. Bu artıq sadəlövhlük deyil. Hələ 2002-ci ildə yazmışdım ki, nə qədər Anarın kitabı İsa Qəmbərin başı üstündədir, o, hakimiyyətə gələ bilməyəcək. Düzdür, İsa bəy kitabı başının üstündən götürüb. Amma Anarın kitabı əbədi olaraq İsa Qəmbərin ürəyinin üstündədir. Hakimiyyəti dəyişmək istəyən İsa Qəmbərin 24 il Azərbaycan Yazıçılar Birliyinə sədrlik edən, "Qalib gəldi, qalib getdi" adlı məqalə yazan Anar Rzayevə rəğbəti əbədi, daimi və sarsılmazdır. Əli Kərimlinin və İsa Qəmbərin hzakimiyyəti dəstəkləyən ziyalılara qarşı rəğbəti müxalifət qəzetlərinə də öz təsirini göstərib. Müxalifət qəzetləri öz səhifələrini həvəslə hakimiyyəti dəstəkləyən ziyalılara aralayıblar.

Nəhayət

Əli Kərimlinin və İsa Qəmbərin, müsavatçıların və cəbhəçilərin bir-birilərinə qarşı daxili inamsızlığı, daxili nifrəti hakimiyyətə qarşı nifrətlərindən daha səmimi, daha dərindir.

MİA


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi