“Cərimədən qaçmağın yeganə yolu...”

cerimeden-qacmagin-yegane-yolu
Oxunma sayı: 739


- Milli Məclisin plenar iclasına “Qrant haqqında”, “Qeyri-hökumət təşkilatları, ictimai birliklər və fondlar haqqında”, “Dini etiqad azadlığı haqqında” qanunlara və İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər layihəsi tövsiyə olunub. Layihə qrant alınması qaydalarının pozuntusuna görə cərimələrin kəskin artırılmasını nəzərdə tutur...

- Bu məsələni üç hissəyə - təkliflərin məqsədi, mövcud vəziyyət və hər hansı narahatlığın həlli yollarına bölmək lazımdır.

Məqsəd nədir? QHT-lərin fəaliyyətində, bu sektorda və xüsusən də maliyyə təminatında şəffaflığın təmin edilməsi. Söhbət ondan gedir ki, bütün fəaliyyət, xüsusilə maliyyə əməliyyatı bank hesabı ilə həyata keçirilməlidir. Nağd hesablaşma dünyanın, demək olar, heç bir ölkəsində yoxdur. Belə hesablaşmanın qarşısını almaq və şəffaflığı təmin etmək üçün maliyyə əməliyyatı köçürmə yolu ilə, nağdsız hesablaşma formasında aparılmalıdır. Təkliflərin ana xəttini məhz bu təşkil edir.

İkinci təklif ondan ibarətdir ki, qrant müqaviləsi imzalanmadan bununla bağlı hər hansı formada fəaliyyət həyata keçirilə bilməz. Əgər qrant müqaviləsi imzalanmırsa, bununla bağlı görülən işlər qeyri-şəffaf, qaranlıq olacaq. Bu da bank hesabının olmamasına, nağd hesablaşmalara və digər problemlərə gətirib çıxarır. Hesab edirəm ki, bu baxımdan həmin təkliflərə müsbət yanaşmağımızda fayda var.

Mövcud vəziyyətə gəlincə, narahatlıq yaradan məqam ondan ibarətdir ki, Azərbaycanda qeydiyyatdan keçməyən qeyri-hökumət təşkilatları var. Qanunvericiliyə görə, QHT-lər qeydiyyatdan keçməyə də bilər. Qeydiyyatdan keçməyən QHT-lərə hər hansı sanksiya tətbiq edilmir, onların fəaliyyətinə qadağa qoyulmur. İndi qeydiyyatsız QHT-lərin aqibətinin necə olacağı sualı meydana çıxır. Onlar bu imkanlardan necə faydalanacaqlar? Hesab edirəm ki, bu məsələni müzakirə etməliyik.

Birincisi, qeyri-hökumət təşkilatlarının özləri qeydiyatdan keçməkdə, hüquqi şəxs statusu almaqda maraqlı olmalıdırlar. İkincisi, bunun üçün qeydiyyat sistemi çox sadə qurulmalıdır.

Əlavə və dəyişikliklər layihəsində QHT-lərin hesabatı ilə bağlı məsələlər də var. Söhbət hesabatın vaxtında verilməməsi, hesabatda əməliyyatların gizlədilməsindən gedir. Əməliyyatların gizlədilməsinin əleyhinəyəm. Birmənalı şəkildə hesab edirəm ki, əməliyyatlar gizlədilməməlidir. Həyata keçirilən bütün işlər hesabatda öz əksini tapmalıdır. QHT-nin fəaliyyəti heç bir halda gizli tutula bilməz, bu onun mahiyyətinə və fəlsəfəsinə ziddir.

Amma burada hesabatların sadələşdirilməsindən, elektron formada verilməsindən, hesabatın asan yolla müvafiq qurumlara təqdim edilməsindən söhbət gedə bilər. Yəni QHT-lər hesabatlarını müvafiq qurumlara asan bir formada təqdim edə bilsinlər. Hazırda qeyri-hökumət təşkilatlarının qeydiyyatının və hesabatlarının sadələşdirilməsi üzrə iş aparırıq. Bu iki məqsəd baş tutandan sonra QHT-lərin narahatlığına əsas qalmayacaq.

Cərimələrin həcminə gəldikdə isə, bu haqda da narazılıq var. QHT-lər cərimələrin böyük həcmdə olmasından narahatdırlar. Düşünürəm ki, bu məbləğ məsələsinə baxmaq olar, amma istər min manat, istərsə də on min manat olsun, bu, istənilən halda QHT üçün az məbləğ deyil. Cərimədən qaçmağın yeganə yolu qanuna əməl etmək, hüquq pozuntusuna yol verməməkdir. Qeyri-hökumət təşkilatları şəffaf fəaliyyət göstərəcəklərsə, nə sanksiyaya məruz qalacaq, nə də hər hansı cəza növü tətbiq olunacaq. Bununla bağlı şuranın da rəyi hazırlanır və Milli Məclisdə bunu səsləndirəcəm.

Bəzi məsələlərin həlli müvafiq icra hakimiyyəti orqanlarından asılıdır. Məsələn, təklif edirəm ki, Ədliyyə Nazirliyinin təkcə Bakıda deyil, regiondakı şöbələrində də QHT-lərin qeydiyyatı aparılsın.

QHT-lərin qeydiyyatı müddətinin bir aya azaldılmasını təklif edirik. Bu, artıq qanunvericiliyin məsələsidir.

Eyni zamanda təklif edirik ki, Maliyyə Nazirliyinə verilən hesabat sadələşdirilsin, illik dövriyyəsi 10 min manata qədər olan QHT-lər hesabat verməkdən azad olunsun. Yaxud da hesabat norması beş deyil, iki olsun.

- Fevralın 15-də Milli Məclisin iclasında əlavə və dəyişikliklər layihəsinin qəbul edilməsini dəstəkləyəcəksiniz?

- Bu məsələ ilə bağlı mövqeyimi deyəcəyəm. Dediyim məsələləri gələcəkdə aradan qaldırsaq, qanunun indiki formada qəbul edilməsi QHT-lər üçün heç bir problem yaratmayacaq.

- Qeydiyyatdan keçməyən QHT-lərin sayı çoxdurmu? Onların QHT sektorunda nə qədər payı var? Təklif olunan əlavə və dəyişikliklər layihəsinin qəbul edilməsi onların fəaliyyətinin sonu ola bilərmi?

- Xeyr, qətiyyən o anlama gəlmir. Layihənin qəbul edilməsi qeydiyyatsız fəaliyyət göstərən QHT-lərə ciddi problem yaratmayacaq. Bu gün Azərbaycanda qeydiyyatdan keçməyən QHT-lərin sayı azdır. Düzdür, onların bəziləri qeydiyyat məsələsində maraqlı olmurlar. Məsələn, Leyla Yunusun rəhbərlik etdiyi Sülh və Demokratiya İnstitutu qeydiyyatdan keçməyə maraqlı deyil. Çünki təşkilatın fəaliyyəti ilə bağlı bütün hesablaşmalar şəxsi bank hesabı və ya nağd hesablaşma vasitəsilə aparılır. Onun üçün qeydiyyata alınmaq və dövlətə hesabat vermək maraqlı deyil.

Əgər QHT doğrudan da qeydiyyata alınmaq istəyirsə, Ədliyyə Nazirliyi ona tam şərait yaratmalıdır. Ola bilər ki, sənədlərdə müəyyən çatışmazlıqlar olsun, hüquqi qaydaları tam bilməsinlər. Bunun üçün QHT Şurası var, bizim hüquqi xidmət, məsləhət imkanlarımız mövcuddur, müraciət edib köməyimizdən yararlana bilərlər. Amma yenə də Ədliyyə Nazirliyində bununla bağlı hər hansı bürokratik əngəl yaradılmamalıdır, QHT-lər asanlıqla qeydiyyata alınmalıdır.

- Qeydiyyat üçün cəhd göstərən, dəfələrlə məhkəməyə müraciət edən QHT-lər də var. Ədliyyə Nazirliyinin insan hüquqları, söz, mətbuat azadlığı, demokratiya, şəffaflıq sahəsində fəaliyyət göstərən və müxalif mövqedən çıxış edən QHT-ləri qediyyata almaması haqqında fikirlər var...

- Bu məsələyə siyasi rəng verməyin tərəfdarı deyiləm. QHT-lərin fəaliyyətinə siyasi nöqteyi-nəzərdən qiymət verilmir. Qeydiyyat zamanı da bu məsələlər nəzərə alınmır. Buna kifayət qədər misal gətirmək olar. Son zamanlar AXCP-nin rəhbərliyində təmsil olunan şəxslərin, Eynulla Fətullayevin QHT-si qeydiyyata alınıb. Digərlərinin qeydiyyata alınmamasının səbəblərini bilmirəm. Çünki araşdırmamışam. Amma istənilən halda düşünmürəm ki, burada siyasi yanaşma mövcuddur.

- Qeydiyyatdan keçməmiş QHT-lərin illik maliyyə dövriyyələri nə qədərdir? QHT sektorunda nağd hesablaşmalar formasında nə qədər pul dövr edir?

- Məndə olan məlumata görə, təxminən 30-35 qeyri-hökumət təşkilatı bir il bundan əvvəl qeydiyyatının olmaması ilə bağlı məsələ qaldırıb. Onların nə qədərinin nağd hesablaşma apardığı haqqında heç nə deyə bilmərəm. Bu məlumatlar Ədliyyə Nazirliyində cəmlənir. QHT-lərin 20-30 faizi qrant müqavilələrini qeydiyyata aldırmır, fəaliyyətləri ilə bağlı ətraflı məlumat vermirlər. 2011-ci ildə Ədliyyə Nazirliyinə verilən məlumata görə, QHT-lərin illik büdcəsi 32 milyon manat idi. Amma müstəqil ekspertlərin apardığı araşdırmalara görə, büdcə 40 milyon manata yaxın olub.

- Fevralın 15-də parlament əlavə və dəyişikliklər paketini qəbul etsə, sizin qeyd etdiyiniz məsələlər həyata keçirilməsə, QHT sektorunda nə baş verəcək?

- Biz bu məsələ ilə əlaqədar işləyirik. Hətta milli fəaliyyət proqramı hazırlayıb layihəni hökumətə təqdim etmişik. Bu istiqamətdə dövlətin istəyi də kifayət qədər ciddidir, məsələlər öz həllini tapacaq...