Dəmir yolunun üstündə oturub ağladım

demir-yolunun-ustunde-oturub-agladim
Oxunma sayı: 1591


“Müharibə uşaqları” silsiləsindən

Əslində müharibədə   aldığı fiziki və  mənəvi yaraların sağalması çox vaxt alır. Lakin böyüklərin qorumasına möhtac olduqları üçün bu vəziyyətdən  ən çox təsirlənən uşaqlar olur. Qarşıdurma, hücum əsnasında yaxınlarının, dostlarının qətl edildiyini görən və bütün yaşananlara şahid olan uşaqlar həyata yenidən adaptasiya olmaqda çətinlik çəkirlər. Müharibə böyük bir travmbadır. Uşaqlığı müharəbəyə tuş gələn insanlar  üçün yaralar zahirdən baxanda sağalmış kimi görünsə də müharibənin iç dünyalarındakı  dağıdıcılığı bir ömür davam edir. 

Son zəngdə mənə bir qutu rəngli  karandaş və albom hədiyyə edən oğlanın qara, gur saçları vardı. Saçını həmişə  sağ tərəfdən yana darayardı.  Yaşına görə boyu çox hündür idi. Ona görə də məhəllədə ona “Uzun Həpiş”  deyirdilər.  Bir az özünə qapanan idi. Yaşlı arvadlar həmişə deyirdi ki, “bu uşaq yernən göynənən əlləşir, qarnının altında nə yatır bilmək olmur”.  Məhlədə oğlanlara “avtomatı” əsasən o düzəldərdi. Dərsdən sonra uşaqları başına toplayıb  taxtadan, məftildən kimisinə avtomat, kimisinə xəncər düzəldərdi. Biz də heyran-heyran baxardıq. O taxtaları bir-birinə mismarlaya- mismarlaya  deyirdi ki, “insitutu bitirən kimi əsgər gedəcəm və qohumlarımın, sizin (yəni yetim uşaqların) atanızın heyfini ermənilərdən çıxacam”. Binanın arxa tərəfində hardansa tapıb gətirdiyi dəmir borulardan turnik düzəlmişdi. Hər gün o “turnikdə” məşq edir, əzələlərini bərkidirdi. 1995- ci il idi və o ali məktəbə təzəcə qəbul olunmuşdu. Seda Sayanla adını unutduğum bir kişi müğənnisinin o dövrdə çox məşhur olan bir mahnısı vardı. Oğlan deyirdi “Seni seviyorum” Seda Sayan ehtiraslı səslə qışqırırdı “Bir daha söyle”. Oğlan bir dəfə də deyirdi “seni seviyorum” Seda Sayan  yenə təkrar edirdi “Bir daha söyle”. İki dəfədən sonra Seda  bütün gücü ilə qışqırırdı “Ben de seni sevgilim”.  Qırıq bir maqintafonu vardı Əzizbəyov metrosunun yanından aldığı bu kaseti (indiki Koroğlu) maqintafona  qoyub  bütün günü bu mahnıya qulaq asırdı. Hərdən Muxtar baba ona tərs-tərs baxıb başın bulayanda utandığından maqintafonu söndürərdi, kişi ayağını düşərgənin darvazasından çölə qoyan kimi yenə maqintafonun qırmızı düyməsini basıb düşərgəni Seda Sayanın səsinə qərq edərdi. Beş-altı ay idi ki, səhəri bu mahnının səsinə açırdıq gözümüzü. Amma bir səhəri gözümüzü adamın içini parçalayan bir qışqırıq səsinə açdıq. Mənə elə gəldi ki, bu səsə bütün bina silkələndi. Hamı səs gələn tərəfə axışdı. “Uzun Həpiş” özünü binanın arxasında düzəltdiyi turnikdən asmışdı. Lap sonralar, böyüyəndən sonra onun ölüm səbəbini öyrəndim. Universitetdə bir qızı sevirmiş. Qızın qardaşı tay-tuşlarının yanında bunun önünü kəsib deyib ki, “qaçqınsan adamını tanı. Get anqır tayını tap. Bizdə qaçqına veriləcək qız yoxdur”.  Anası danışırdı ki, həmin gün vurub oğlanın ağzının partladıb. Evə hirsli gəlib. Bütün günü özünə yer tapa bilməyib. Qürurunun tapdanmasını həzm edə bilmirdi. Hətta gecə anası yerini salanda deyib ki, “Kaş o müharibədə qoyardınız ölüm. Bu cür əzilə-əzilə yaşamaq kimə lazımdır”. Amma anası “qələtini elə deyib”  işığı söndürüb və ağlına da gəlməyib ki, səhər balasının meyidini qucaqlayacaq. 

 O hadisədən sonra kişilər binanın  arxasındakı “turniki” sökdülər. Hamının ürəyinə bir xal salmışdı qara telli oğlanın intiharı. Hamı qorxurdu birdən  bir gün bu “turnikdən” onların  da uşaqlarının meydi sallanar. 

Qara telli oğlanı Bilgəh qəbiristanlığında dəfn etdilər. Bahardan sonra məni sarsıdan ikinci ölüm idi düşərgədə. Biz yas tutmağı çox erkən öyrənmişdik. Biz çoxbilmiş uşaqlar deyildik, çoxgörmüş uşaqlar idik. 

Yay ayları Bilgəh bağlarının sahibləri istirahətə gələrdilər. Dəniz düşərgənin 2 -3 metrliyində idi. Dənizlə maşın yolunu uçulub -dağılmış dəmir yolu ayırırdı. Deyilənə görə bir vaxtlar bu yol camaatı qatarla Buzovnaya aparıb gətirirmiş. Amma çoxdan idi ki, o yol istifadəsiz qalmışdı. Hələ müharibədən də əvvəl... 

Dənizə getmək üçün bağ sakinlərinin yolu mütləq bizim düşərgənin ağzından keçirdi. Biz düşərgənin paslı, bir taylı enli darvazasına dırmaşıb yellənərdik, heç onlara fikir də verməzdik. Amma onlar bizə vəhşi, iyrənc bir məxluq kimi baxırdılar. Bir dəfə bir xanımın yaylığını külək uçurub düşərgənin darvazasına ilişdirdi. Uşaqlardan biri onu ehmalca alıb xanıma uzatdı. O isə ağız-burnunu turşudaraq çıxıb getdi. 

Bilgəh bağları çox bərəkətli olurdu. Bağların çoxu yiyəsiz qalmışdı. Çünki o bağların sahibləri Azərbaycandan deportasiya olunan ermənilər və  erməni kökənli ruslar idi.  Müharibə uşaqları sahibi olan bağlara icazəsiz girməzdilər. Amma sahibi olmayan, qapısı açıq bağlara girib əncir, ərik, üzüm yığar yol kənarında oturub onları dənizə gələnlərə satar  payıza kimi məktəb paltarlarının, dəftər-kitablarının pulunu çıxarardılar. Amma mən bir dəfə bir bağa icazəsiz girdim(8yaşım var idi). Ənciri çox xoşlayırdım. Ağacın budaqları çölə sallansa da  əlim çatmadı. Tullanıb barının üstünə çıxdım və mahnı oxuya-oxuya əncirləri dərib  bir əlimdə tutduğum sellofanın içinə yığırdım. Əncir ağacının budaqları qolumu, dizimi cızıqlamışdı. Aşağıdan gələn kobud kişi səsinin zəhmindən ağzımdakı əncir boğazımda ilişib qaldı. Ehmalca ağacdan düşdüm. Cinayət işləmiş məhkum kimi əllərimi arxamda çarpazlayıb gözlərimi ayaqqabımın ucuna dikdim. Səhv etdiyimi dərk edirdim. Bir az da utanırdım bundan.  Çox qorxmuşdum. Kişi elə çığırırdı ki, ürəyim boğazımda döyünürdü. Kişi üstümə daha möhkəm çığırdı

-Oğru. Utanmırsan oğurluq etməyə. Mən özümü müdafiə etməyə çalışdım - Oğru deyiləm.

-  Kəs səsini. Sırtıq qaçqın. Yeməyəcəksən bu əncirləri bax belə- deyib əlimdəki sellofanı  alıb topladığım əncirləri mamırlı su ilə dolu çarhovuza boşaltdı. 

Ağacın budaqlarının dizlərimdə və qolumda açdığı yaraların sızıltısını unutmuşdum. Çünki sinəmdə baş qaldıran ağrı daha kəskin idi. “Qaçqın” sözü bıçaq olub sapına kimi ürəyimə girmişdi. Kişinin arxasında məndən bir iki yaş böyük olan qız uşaqları rus dilində nə isə deyib gülüşürdülər. Piyvə çəlləyini xatırladan qolu, sinəsi çılpaq  qadın isə ətli bədənini silkələyə-silkələyə  elə hey ərini qızışdırırdı. Kişi qolumdan tutub məni darvazadan küçəyə atdı. Həmin gün lagerlə dənizin arasındakı köhnə dəmir yolunun üstündə oturub doyunca ağladım, gözlərimin yaşını donuma silib evə gəldim, amma evdə bu barədə bir kəlimə də demədim. Anam qolumun və ayaqlarımın yaralarını maraqanıslı su ilə təmizləyib yodladı. Yod yaraya dəydikcə yandırırdı, amma səsimi çıxartmırdım.  O çapıqlardan birinin izi hələ də qolumda qalır.  Bu yara ömür boyu mənə həm “günahım”, həm də cəzamı xatırladacaq...(ardı var)