Dodağı ilə oynayan qadınlar

dodagi-ile-oynayan-qadinlar
Oxunma sayı: 1761

Bir vaxtlar Azərbaycan qadını daha çox yaxşı ailə başçısı, çox uşaq anası, nümunəvi həyat yoldaşı olmaq uğrunda mübarizəyə, yarışa girmişdi. İndi təəssüf ki istisnaları, “köhnə” və artıq yaşlaşmış qadın obrazında olan xanımlarımızı çıxmaq şərtiylə bu ənənəyə qulluq edildiyini deyə bilməyəcəyəm.

Bu gün xanımlar ( “xanım” kəlməsini çoxuna yaraşdırmasam da) bir-birinin acığınamı deyim, başqasına özünü göstərmək üçünmü qaşlarını tatuaj etdirməkdə tələsirlər. Bəli, müasir salon xidmətində daha da təkminləşən tatuajın çox növü var. Yəni, qaşları götürsək, əslində təbii tatuajda( hindi-yəni təbii boyalarla qaşın tökülmüş, seyrəşmiş yerlərini ustalıqla rəngləməklə ona forma vermək, uzunmüddətli formanı saxlamaq) həmin xanımı başa düşmək olar. Hər gün qaşı gülməli qaralamaq, ya da necə gəldi rəngləməkdən, yağış yağanda da rəngin üzə yayılıb pis abıra düşməkdənsə, tatuaj bugünün qurtarıcısı sayıla bilər. Bəs bizimkilər neyləyir? Hər salona düşən qadın oranın işçisi tərəfindən ya dilə tutulur, ya da oz istəyi ilə “rənglənir”, qaş olduğu yerdən bir neçə santimetr göyə qalxır. İnanın bugün şəhərdə qarşılaşdığımız on qadından yarısı, bəlkə də çoxu təbii qaşdan məhrum edilib. Hələ gənc qızların ailə qurmamışdan qabaq özlərini monqol tatar qoşun əsgərlərinə bənzətməsi lap gülüncdür. Qaşlar uzaqdan o qədər biyabırçı görsənir ki, adama elə gəlir ki, ya bu qadın, ya da qızın ümumiyyətlə güzgüsü yoxdur, ya da bu zavallını mütləq aldadıblar ki, “sənə belə qaş əla gedir.” Hələ bu qaşı yaşlı qadınların özünə yaraşdırması və ya bədbəxt qaşı tatuaj etdirməsi lap gülməlidir. Necə ki, bu gün elə tv ekranlardan düşməyən orta nəslin qadınları buna misal ola bilər. Adama elə gəlir ki, bu qadınların məqsədi onlara camaatın necə olursa-olsun dönüb baxmaları vacibdir. Qaşın, dodağın qondarma olması belə vacib deyil.
İndi də dodağa keçək. Bu lap rüsvayçı nümunələrlə doludur. Metroda, ictimai nəqliyyatda, haraya gedirsən-get standart girdəsifətli, şişirtmə dodaq, tatuaj qadın rastına çıxa bilər. İnsanın gözü təbii sifət, normal insan balası olan qadın axtarır.
Yaxınlıqda qadın gözəllik salonunda işləyən xanım var. Bütün salon əhli kimi o qadın da təzə-təzə başlayanda sadə, normal insan idi. Başına, gözünə, burnuna belə elə oyunlar açdı ki, indi tanınmaz hala düşüb. Yəni, orjinal xanımdan əsər-əlamət yoxdur. Bu qadın bu dəfə də dodaqlarını elə bir hala salıb ki, deməyəcəyəm artıq nəyə oxşadıb. Onu da deyim ki, bu qadın savadlı kosmetoloqdur. Özünü bilirəm, başqalarını yarıdır. Onun pasiyentlərinin razılığından bu tərifi edirəm. Nə isə... Xanıma bir məsləhət almaq üçün yaxınlaşdım və dilimi saxlamayıb “bu dodaq elə bil sizə yaraşmır axı” dedim. İnciməməyini də qabaqcadan bildirdim ki, xətrinə dəyməsin. “niyə, birinci sənsən ki, xoşuna gəlmədi dodağım”, cavabını verdi. Fikirləşdim, ya mənim zövqüm pisdir, ya da bu xanımın qeydinə qalan tək məniymişəm. O isə sözünə davam etdi: “Türkiyədən təzə dolğu gellər gətirmişəm, özümə də bir-iki qram vurdum ki, reklam olsun, gələn soruşur ki, “keyfiyyətlidir”. Bu dəmdə elə ürəkdən gülmək istədim, amma heyif ki, qadının pərt olmasını istəmədim. Yəni, gülüşüm ürəyimdə qaldı, heç artıq söz də tapa bilmədim. Bir insan ki, reklam və elə bir şey üçün öz görkəmindən vaz keçir, beləsinə nə söz deyəsən. Hələ sağlamlığını demirəm.

Yox, bizim qadınların çoxu bu “şişirtmə dəbini” necə yaydı bilmirəm, amma bu Avropanın normal həyat tərzinin əksi olan ənənədir. Oraya gedib-gələn xarici ölkədəki qadın, qızların gündəlik həyatda ümumiyyətlə kosmetikadan istifadə etmədiyini deyir( hamamdan çıxmış kimi), hələ silikon, dodaqları böyütmək kimi vəziyyətə çox nadir halda rast gəlmək olar. Yəni estetik cərrahiyyə belə bizim ölkədə çox reklam olunur, qadınlar yaxşı uşaq böyütmək, analıq hissiylə yaşamaq və yaşatmaq istiqaməti əvəzinə “silikonlaşmaya” səfərbər edilir. Qadınlarımızın artıq çoxunun bir-birinə oxşadığını görmək olar. Axı baxımlı olmaq bu deyil.

Bizim məmləkətdə doğru olmayan yalnış düşüncə tərzinin də biri dodağı böyütmək, qaşı qaldırmağa qadının özünə fikir verməsi, baxması kimi yozulmasıdır. Amma qarşı cins isə belə qadınlara heç onların fikirləşdiyi kimi baxmır. Bunu hamımız yaxşı bilirik.
Şişirdin, dodaqlarınızı partlayana qədər şişirdin, nə deyirəm. Bir-birinizin acığına edin. Amma 10,15 ildən sonra o xanımları və dodaqlarını çox görmək istəyərdim. Hələ ucuz, keyfiyyətsiz mayeni(geli) canına çəkənlərin halına çox yanılasıdır. Yazıq dodaqlar...