“Dövlət niyə sığortanı öz üzərinə götürməlidir ki?”

dovlet-niye-sigortani-oz-uzerine-goturmelidir-ki
Oxunma sayı: 1071

Milli  Məclisin İqtisadi siyasət, sənaye, sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Aqrar sığorta haqqında” qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb.

“Qafqazinfo” xəbər verir ki,  qanun layihəsi ilə bağlı çıxış edən sözügedən komitənin sədri Ziyad Səmədzadə qeyd edib ki, Azərbaycan sığorta bazarında dinamik iş gedir: “ Eyni zamanda, sığorta bazarında ciddi problem də var. Biz bu məsələ ilə bağlı problemin yanğın məsələsində də şahidi olduq. Bu sahənin ÜDM-də çəkisi azdır. Cənab prezident də dəfələrlə bunu qeyd edib və bu yaxınlarda sığorta bazarının təkmilləşməsi ilə bağlı göstərişlərini də verib.  Bu yük daha çox özəl şirkətlərin üzərinə düşməlidir”.

Deputat Vahid Əhmədov isə bildirib ki, qanun layihəsində sığortanın icbari və ya könüllü olması əks olunmalıdır: “ Həmçinin qanunda göstərilir ki, ayrıca Aqrar Sığorta şirkəti yaradılır. Amma Azərbaycanda digər dövlət və qeyri-dövlət sığorta şirkətləri də var. Onların bu prosesdə iştirak edib etməməsi qanunda əks olunmalıdır. Bundan əlavə, qiymətqoyma məsələsi də sığorta hallarında problemdir. Burada qeyd olunur ki, yerli və xarici mütəxəssis iştirak edə bilər. Bizim öz mütəxəssislərimiz  var. Xarici mütəxəssislərə məncə, ehtiyac yoxdur. Bundan əlavə, dövlət niyə sığortanı öz üzərinə götürməlidir ki? Dövlət büdcəsində aqrar sığorta məsələlərinə aydınlıq gətirilməsini istəyirik. Niyə dövlət  Aqrar Sığorta Şirkətinə vəsait verməlidir?”.

Deputat Əli Məsimli çıxışında bildirib ki, bu gün Azərbaycan əhalisinin 47 faizi kənddə yaşayır: “800 mindən çox fermer təsərrüfatlarının ailələri çörəyi torpaqdan qazanır. O zaman bu qanunun əhəmiyyəti önə çıxır. Biz əgər bu qanunun işləməsini istəyiriksə, aşkarlıq mexanizmləri və ictimai nəzarət olmalıdır. Hansısa rayona dolu düşdüsə, bilirik ki, orada təsərrüfata ziyan dəydi. Əgər sığorta şirkətləri ziyanın 10 faizini verəcəklərsə, gələn il bu sığorta məsələsi işləməyəcək. Eyni zamanda, ölkəmizdə güclü sığorta mütəxəssislərinə də ehtiyac var. Nəzarət mexanizmi olsa, bu qanun işləyəcək. Əgər olmasa, işləməyəcək”.

Günel Türksoy