Evlərin qiyməti 40 faiz düşəcək

evlerin-qiymeti-40-faiz-dusecek
Oxunma sayı: 900

Dünya Sakit

Bu günlərdə tikinti sektorunda orta ölçülü bir şirkətdə çalışan dostumuzla maraqlı müzakirəmiz oldu. Dostumuz təkidlə sektorun böhrandan çıxmağa başladığını qeyd edirdi. Onun deməsinə görə, bunun əsas səbəbi tikinti sahəsindəki bir çox neqativ halların aradan qaldırılmasıdır. 

Düzü, tikinti sahəsindəki son durumdan ətraflı məlumatlı olmadığım üçün dostumuzun dediklərinə inanıb-inanmayacağım barədə də qərar verə bilmədim. Sadəcə, əgər tikinti şirkətlərinə qarşı süni əngəllər, qeyri-qanuni tələblər, monopolizm aradan qalxıbsa, Bakıda tikilən çoxmərtəbəli binalarda qiymətlərin niyə hələ də kəllə-çarxda qalmasının səbəblərini soruşdum. Həmsöhbətim çox arxayınlıqla bildirdi ki, bu, uzun sürməyəcək: sosial evlər və 1-ci mikrorayonda köhnə binaların sökülməsi prosesi başlandıqdan sonra qiymətlər ən azı 30-40 faiz düşəcək...

Söhbətdən sonra tikinti sektoruna dair göstəricilərə diqqət yetirdikdə müsbət dəyişikliklərin olduğunu gördüm. Belə ki, 2015-ci ildə 13,4 faiz, 2016-cı ildə 27,6 faiz kiçilən sektorda bu ilin ilk aylarında dirçəliş işartıları yaranmağa başlayıb. Ötən ilin yanvar-fevralında ölkə ÜDM-nin (7888,7 milyon manat) 8,7 faizi tikintidə istehsal olunub. Bu sektorda 686,3 milyon manatlıq ÜDM istehsal olunub. Bu ilin eyni dövründə isə  bu rəqəm 763,2 milyon manata yüksəlib – 11 faizdən yuxarı artım baş verib. 

Tikintidəki canlanmanı ifadə edən digər göstərici isə tikinti məhsullarının istehsalı ilə bağlıdır. Belə ki, ötən ilin 1-ci rübündə 32,6 faiz azalma qeydə alınan bu sahədə cari ilin eyni dövründə 50,2 faizlik artım baş verib.

Qeyd edim ki, prezidentin aprelin 4-də imzaladığı fərman tikinti sektorundakı neqativ halların aradan qaldırılması baxımından mühüm əhəmiyyət kəsb edir. Belə ki, fərmanla sahibkarların tələb olunan gücü 150 kVt-a qədər (150 kVt da daxil olmaqla mövcud 0,4 kV-luq şəbəkədən) olan mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin, layihə-smeta sənədlərinin verilməsi, habelə enerji təchizatı şəbəkəsinə qoşulması ilə bağlı işlərin həyata keçirilməsinə nəzarət üçün Texniki Şura yaradılır. Ən əsası budur ki, sahibkarlar bu sənədləri ASAN xidmət vasitəsilə əldə edəcəklər. 

Hamıya məlumdur ki, elektrik enerjisi, qaz, su, kanalizasiya xidmətlərinə qoşulmaq, lazım olan güc üçün texniki şərt əldə etmək yalnız tikinti sektorunda deyil, hər sahədə və yalnız sahibkarlar üçün deyil, sıravi insanlar üçün də açıq pul tələsinə çevrilmişdi. Son illərdə əhalinin bu sahədəki korrupsiyadan canı qurtarıb – hər 3 sahədə sənədləşmə işləri ASAN vasitəsilə aparıldığına görə qeyri-rəsmi ödənişlərin həcmi sıfırlanıb. Bunu cəmi 5-6 ay əvvəl bütün bu prosedurları 1 manat belə qeyri-rəsmi ödəniş etmədən keçən biri olaraq tərəddüdsüz deyirəm. 

Prezidentin qeyd olunan fərmanı ilə tikinti şirkətləri kifayət qədər böyük maliyyə və vaxt itkisindən qurtula biləcəklər.  Qeyd edim ki, analoji prosedurların digər sahələrdə fəaliyyət göstərən şirkətlər üçün, həm də  qaz, su və kanalizasiya təchizatı şəbəkələrinə qoşulma ilə bağlı da müəyyənləşdirilməsi ölkədə sahibkarlığın inkişafına mühüm töhfə olar.

Fərmanda diqqəti cəlb edən daha bir məsələ “Azərişıq”a rayon və şəhərlər üzrə enerji təchizatı şəbəkələrinin hər bir yarımstansiya və transformator məntəqəsi, habelə onlarda olan sərbəst güclər və qoşulma imkanları haqqında məlumatları (mütəmadi yenilənməklə) öz internet səhifəsində, həmçinin Energetika Nazirliyinin də həmin məlumatları öz İnternet səhifəsində yerləşdirməsinin  tapşırılmasıdır. Bu da eneji təchizatı sahəsində qanunsuz tələblərin aradan qaldırılması, şəffaflığın təmin olunması baxımından ciddi addım sayıla bilər. 

Tikinti sektorunda qeydə alınan müsbət göstəriçilərin real və davamlı dirçəlişin başlanğıcı olması üçün hökumət – məmurlarla yanaşı, şirkət və sahibkarların da öz məsuliyyətini dərk etmələrinə ciddi ehtiyac var. Xüsusilə sahibkarlar tikilən obyekt və mənzillərin dəyərini real xərclərin 4-5 qatı məbləğində müəyyənləşdirməklə onların satışını deyil, satılmamasını stimullaşdıracaqlar. Bu isə sonda tikintidəki dirçəlişin yenidən durğunluqla əvəz olunmasına gətirib çıxara bilər.