“Samsung” şirkəti çoxdan gözlənilən Galaxy S8 və Galaxy S8 Plus modellərini təqdim edib.
“Qafqazinfo” “technote”yə istinadən xəbər verir ki, sözügedən smartfonlar çərçivəsiz ekran, Bixby səsli köməkçisinə və yüksək qiymətə sahibdirlər. Hər iki smartfon, qıraqları əyilmiş ekranlara sahibdir. Smartfonun sol tərəfində Bixby səsli köməkçisindən istifadə etmək üçün əlavə düymələr yerləşdirilib. Galaxy S8-də fiziki “Home” düyməsindən imtina olunub. Barmaq izi skanı isə smartfonun arxa panelindəki kameranın sağ tərəfində yerləşir. Galaxy S8, 5.8 inç, Galaxy S8 Plus isə 6.2 inç Super AMOLED ekranla təmin olunub. Smartfon korpusu IP68 standartlı sudan və tozdan qorunma funksiyasına sahibdir.
Hər iki smartfon 4 GB RAM və 64 GB daxili yaddaş ilə təchiz olunub. Daxili yaddaşın artırılması üçün microSD girişi öz yerində qalır. Galaxy S8, 3000 mAh enerji tutumlu batareya, Galaxy S8 Plus isə 3500 mAh enerji tutumlu batareyaya sahibdir. Hər iki model həm naqil ilə, həmdə naqilsiz şəkildə sürətli enerji yığma özəlliyinə sahibdir.
Yeni modellər Galaxy S8 və Galaxy S8 Plus 12 MP-lik arxa kamera və 8 MP-lik və avtofokus özəllikli ön kamera ilə təmin olunub. Ön kameranın yanında isə xüsusi sensor yerləşdirilmişdir. Həmin sensor, göz qişası skanı üçün nəzərdə tutulub. Beləliklə sözügedən smartfonlar, 3 identifikasiya funksiyasına sahibdirlər. Barmaq izi skanı, göz qişası skanı və istifadəçi üzünün skanı. İstifadəçi üzünün skanı, ön kameranın köməkliyi ilə həyata keçirilir.
Smartfonların qiymətlərinə gəldikdə isə Galaxy S8 -799 , Galaxy S8 Plus isə 899 dollara satılacaq. Smartfonları sabahdan ön sifariş etmək mümkün olacaq. Onların satışı isə 21 Aprel tarixində start götürəcək.



Son xəbərlər
Son Xəbərlər