Hacı Məmmədovun anası MTN-dən kömək istəyir

haci-memmedovun-anasi-mtn-den-komek-isteyir
Oxunma sayı: 3538


Daxili İşlər Nazirliyinin (DİN) keçmiş baş əməliyyat müvəkkili, məşhur qanqster Hacı Məmmədovun anası Almaz Məmmədovanın Saray qəsəbəsindəki mülk davası həll olunmayıb. A.Məmmədova Sumqayıt İnzibati İqtisad məhkəməsinə müraciət edib. O, evinin sökülməsinə etiraz edir. Eyni zamanda Milli Təhlükəsizlik Nazirliyinə məktub yazaraq kömək istəyib. Qanqsterin anası mülkün ona məxsus olduğunu iddia edir.

Qeyd edək ki, vaxtilə H.Məmmədova məxsus olan, onun həbsindən sonra isə dövlət tərəfindən müsadirə edilən mülk zərərçəkmiş Rəna Paşayevaya verilib. Ancaq zərərçəkmişlər yerdə qalan ərazidəki digər kiçik mənzilin ayrıca mülk olmadığını, sadəcə A.Məmmədovanın hasar çəkdirərək əraziyə sahibləndiyini iddia edir. Ona görə də R.Paşayeva onlara aid ərazidəki mənzilin sökülməsini tələb edir. İyulun 9-da məhkəmə icraçıları qəsəbəyə gələrək iki evin arasındakı daş hasarını uçurdublar. H.Məmmədovun anası isə bununla razılaşmır.

Yazının çapından sonra qarşı tərəf - Rəna Paşayeva redaksiyamıza müraciət edib. Rəna Paşayeva “Yeni Müsavat”a bildirib ki, məhkəmə qərarı var və söküntü qanunsuz aparılmır. Onun sözlərinə görə, Hacı Məmmədovun ailəsinə sadəcə möhlət veriblər.

R.Paşayeva deyib ki, iyulun 9-da Səbayel Rayon Məhkəməsinin icraçıları sözügedən ünvana gəliblər: “Amma qəzetdə yazıldığı kimi olmayıb. Qəzetdə yazılıb ki, orada Səbayel Məhkəməsinin icraçıları Oqtay Yeqanov və Araz Hüseynov olublar. Bu səhv məlumatdır. Onlar Saraya gəlməyiblər, söküntü prosesində iştirak etməyiblər. Bu yanlış xəbərdir. İkinci bir tərəfdən Almaz Məmmədova evi qızı Arifəyə bağışlayıb. Onun əlində olan qeydiyyat vəsiqəsi saxtadır.

Bunu öz vəkili də təsdiqləyir ki, Reyestr Xidmətindən Almaz xanımın qızı Arifə Məmmədovanın qeydiyyatda olmadığı bildirilib. Bunu biz yox, öz vəkili deyir. Məhkəmə qərarı var ki, ərazi bizə aiddir və söküntü icra olunmalıdır. Sadəcə, Arifə Məmmədova bizdən möhlət istədi, biz də bir insan kimi vaxt verdik. Amma mənzildən çıxmır".