Heydər Əliyev Mərkəzində məşhur rəssamın sərgisi açılıb - Fotolar

heyder-eliyev-merkezinde-meshur-ressamin-sergisi-acilib
Oxunma sayı: 1912

Aprelin 17-də Heydər Əliyev Mərkəzində müasir Çin incəsənətinin tanınmış nümayəndəsi, rəssam Vanq Yuyanqın (Wang Yuyang) "Unikallıq" adlı fərdi sərgisi açılıb.

“Qafqazinfo” AzərTac-a istinadən xəbər verir ki, sərginin açılış mərasimində Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov, Çinin Azərbaycandakı səfiri Vey Cinhua, rəssam Vanq Yuyanq və kolleksiyaçı Con Dodeland çıxış ediblər.

Son dövrlər Çin müasir incəsənətinin çox inkişaf etdiyini bildirən Anar Ələkbərov bu incəsənətin nümunələrinin Azərbaycanda təqdim edilməsi üçün Heydər Əliyev Mərkəzi tərəfindən bir sıra qalereyalar, mədəniyyət mərkəzləri ilə əməkdaşlıq edildiyini bildirib.

Vanq Yuyanq Mərkəzin foyesində nümayiş olunan məşhur  “Unikallıq” əsəri haqqında məlumat verib. Qeyd edib ki, bu əsərdə müəllifin həm Ay, həm də dünya barədə fikirləri əksini tapıb. Əsərdə dinamikanın çoxluğu, onu unikal edir.

Sərgidə təqdim edilən əsas eksponatın – “Unikallıq” (Singularity) əsərinin diametri 4 metrdir. Konstruksiya 300 addım mühərriki və 3000 LED lampadan ibarətdir. Əsərin kürə forması müxtəlif radiuslu 11 halqa vasitəsilə yaradılıb. "Təkərli" addım mühərrikləri fərqli sürətlərdə fərqli istiqamətlərə dönərkən LED lampalar müxtəlif vizual effektlər ortaya çıxarır.

Daha sonra “Unikallıq” əsərinin işıqları yandırılıb və tamaşaçılar tərəfindən maraqla izlənilib.

Tədbir iştirakçıları rəssamın digər əsərləri ilə də tanış olublar.

Sərgidə, həmçinin rəssamın “Elektrik”, “Adsız-1” silsiləsindən heykəltəraşlıq nümunələri yer alır. Ekspozisiyada Vanq Yuyanqın “Ay” silsiləsindən rəsm əsərləri də nümayiş olunur.

Vanq Yuyanq 1979-cu ildə Çində anadan olub. O, Çinin Mərkəzi İncəsənət Akademiyası və Mərkəzi Dram Akademiyasında təhsil alıb. Hazırda Pekində Mərkəzi İncəsənət Akademiyasının Eksperimental İncəsənət Məktəbində dərs deyir.

Çinli rəssam əsərlərini yeni informasiya-kommunikasiya vasitələri ilə yaradır. Onun əsərləri Çin, Böyük Britaniya, Cənubi Koreya, Tailand, Avstriya, Avstraliya, İtaliya və ABŞ-da fərdi və birgə sərgilərdə nümayiş olunub.

“Unikallıq” sərgisi Heydər Əliyev Mərkəzində avqustun 31-dək davam edəcək.