Həzisi öldürülən, “Qəhrəman şəhər” adı qıyılmayan Azərbaycan

hezisi-oldurulen-qehreman-seher-adi-qiyilmayan-azerbaycan
Oxunma sayı: 3029

Azər Qismət

Elə insan var ki, bütün ömrü boyu dişi və dırnağ ilə qazanmağa, karyera qurmağa çalışır. Gecəsini gündüzə qatır, ancaq nəticədə heç nəyə nail olmur, məvacibi də qəpik-quruş. Elə insan da var ki, yaxşı yaşayış və karyera üçün əlini ağdan qaraya vurmur, ancaq bəxti gətirir. İnsanlar kimi şəhərlərin, ölkələrin də bəxtsizi olur. Azərbaycan bəxtsiz ölkədir. 

Adətən deyirlər ki, düzgün siyasət aparmadığına görə onu istəməyənlər çoxdur. Yox, bu, Azərbaycanın bəxtsiz yaranmasıdır. Axı, necə ola bilər ki, tərkibində olduğumuz imperiyalara ən çox sədaqət göstərən biz olmuşuq, əvəzində qiymət verilməyən də biz. Qorbaçovun alkoqolizmə qarşı mübarizə tərdbirləri proqramından sonra qos-qoca üzüm bağlarını kəsənlərin sırasında birinci olduq. Gürcüstan və digərləri az kəsdilər, demək olar ki, kəsmədilər. Amma bizim “əməyimiz” nəzərə alınmadı. Böyük super derjavanın başı üzərindən qışın oğlan çağında Gürcüstana qaz verdik, əhalisini soyuqdan qoruduq, bir qardaşlıq jesti göstərdik, əvəzində David Kareçi ətrafındakı torpaqlara açıq da olmasa, dolayısı ilə iddia etdilər. “Yol əhvalatı” filmində Makentoşun sözləri ilə desək, “axı, biz kimin pişiyinə brız demişik”. Yox, bizim bəxtimiz yoxdur.

Necə bəxtsiz və urvatsız olasan ki, Böyük Vətən Müharibəsi sənin yanacağın hesabına udula, ancaq bu barədə imperiya tarixçiləri daim susalar. Dəhşət burasındadır ki, bunu onların dilindən kəlbətinlə dartıb qoparırıq. Deyəndə də dodaqaltı belə mızıldayırlar: “Bakı neftinin də rolu olub”. Elə bu “də” şəkilçisi adamın dızdağını çıxarır. Mənim yanacağım olmasaydı, heç bir texnikan yerindən tərpənməyəcəkdi. 

Necə bəxtsiz olasan ki, Bakını qəhrəman şəhərlər sırasına salmadılar, “Lenin” ordeni vermədilər. Halbuki, o ordeni versəydilər, Azərbaycanda hər şey ucuz olacaqdı, hər şeydə güzəştlər siyahısına salınacaqdı. Soruşanda “niyə bizə “Qəhrəman şəhər” adını vermədiniz, deyirlər ki, “sizin şəhər dağılmayıb, uğrunda döyüş getməyib”. Gərək elə dağılaydı? Gərək uğrunda döyüş olaydı? Bu nə məntiqi yanaşmadır, anlaşılmır. Döyüş təkcə əlinə avtomat almaqla olmur. Döyüş arxa cəbhədə də göstərilir. Biz bütün bunları alman yunkerlərinin şəhəri bombalayacağı vahiməsinə baxmyaraq etmişik. Hər siqnalda evlərin zirzəmilərinə girmişik, buxtaların partladılması vahiməsinə baxmayaraq, neft çıxarmışıq, üzən tankerklər düşünüb səni yanacaqsız qoymamışıq, Yusif Məmmədləliyev kimi alimin kəşflərindən yararlanmısan.  Ancaq sən bizə qəhrəman şəhər adını da qıymadın. 

Necə bəxtsiz və urvatsız olasan ki, sənin oğullarının qəhrəmanlığı mislə gəlməyib, ancaq Sovet İttifaqı Qəhrəmanı adında da ayrıseçkiliyə yol vermisən. Ermənilər səni 89, gürcülər 90 qəhrəmanla keçiblər. Sənin cəmi-cümlətanı 43 adamına qəhrəman adı verələr. Üstəlik qəhrəmanın Həzi Aslanovu 1945-ci ildə Latviyanın Priyekule yaxınlığında müəmmalı şəkildə öldürəsən, cəbhənin komandanı Baqramyanın əmri ilə təyyarə işə salınmaya, general-mayoru gözü görə-görə qətlə yetirəsən.

Necə bəxtsiz və urvatsız olasan ki, sizlərin təhqirləri ucbatından 1942-ci ilin fevralında azərbaycanlılardan ibarət 416-cı Taqanroq diviziyası yaradasan və o diviziya imperiyanın torpaqlarını azad edib 1945-ci ilin aprelin 21-də əvvəlcə Berlinin ətrafına, sonra şəhərin özünə daxil ola. Ancaq Berlinə girməyə 18-19 kilometr qalmış SSRİ hərbi komandanlığından təcili əmr gələ ki, tez adını dəyişib 84-ci rus diviziyası qoyun. Yox, ora birinci azərbaycanlıların girişi olmaz. Mütləq Rus diviziyası adlanmalıdır. Biz çox bəxtsiz olmuşuq.

Əlbəttə, bütün bunlar olub keçib. Ancaq ədalətsilik hələ də içimizi qovurur.