İlham Əliyev Əli Laricani ilə görüşdü

ilham-eliyev-eli-laricani-ile-gorusdu
Oxunma sayı: 715

“Qafqazinfo”nun məlumatına görə, dövlət başçısı İran İslam Şurası Məclisinin sədri Əli Laricaninin ölkəmizə səfərinin Azərbaycan-İran əlaqələrinin inkişafı baxımından əhəmiyyətini qeyd edib. Azərbaycan ilə İran arasında bütün sahələrdə fəal əməkdaşlığın həyata keçirildiyini bildirən İlham Əliyev siyasi sahədə əlaqələrin gücləndiyini vurğulayıb. Azərbaycan Prezidenti iqtisadi sahədə yaxşı nəticələrin əldə olunduğunu, xüsusilə nəqliyyat və enerji sektorlarında konkret layihələrin icra edildiyini və gələcəkdə bu istiqamətdə daha da fəal əməkdaşlıq etməyin zəruriliyini bildirib. Mədəniyyət və humanitar sahədə əlaqələrin çox yaxşı səviyyədə olduğunu deyən dövlət başçısı bu sahədə əməkdaşlığı genişləndirməyin önəmini qeyd edib. Dövlət başçısı Azərbaycan-İran əlaqələrinin ölkələrimizlə yanaşı, bölgədə təhlükəsizlik tədbirlərinin gücləndirilməsi üçün də mühüm əhəmiyyət daşıdığını deyib. Parlamentlərarası əlaqələrə toxunan Prezident İlham Əliyev bu sahədə əməkdaşlığın yaxşı səviyyədə olduğunu vurğuladı və əlaqələrin daha da genişləndirilməsi üçün qarşılıqlı səfərlərin zəruriliyini bildirib.
Əli Laricani öz növbəsində İran prezidenti Mahmud Əhmədinejadın salamlarını dövlət başçısına çatdırıb. Sonuncu dəfə Azərbaycana 14 il bundan əvvəl səfər etdiyini deyən qonaq ötən dövr ərzində ölkəmizdə çox böyük inkişaf proseslərinin şahidi olduğunu vurğulayaraq bunu prezident İlham Əliyevin həyata keçirdiyi düzgün siyasətin nəticəsi kimi dəyərləndirib. Laricani İran ilə Azərbaycan arasında münasibətlərin daha da inkişaf etdirilməsi üçün geniş imkanların olduğunu deyib.

Nərgiz Ehlamqızı